Prezident İlham Əliyev Naftalan şəhərinə səfər etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalan şəhərinə səfər edib. Dövlət başçısı əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında, eləcə də Naftalanda aparılan abadlıq-quruculuq işləri barədə,eləcə də inşası davam edən və layihəsi planlaşdırılan tikinti kompleksləri barədə məlumat verdi. Bildirildi ki, ümumi ərazisi 3,9 hektar olan bu istirahət məkanında fəvvarə quraşdırılmış, müasir işıq dirəkləri və oturacaqlar qoyulmuş, yaşıllıq zolağı salınmışdır. Son illərdə bu park sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Burada istirahət üçün hər cür şərait yaradılmışdır.
Dövlət başçısı əvvəlcə Naftalan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hatəm Qocayev və “Qaşaltı” sanatoriyasının həkimi Şahin Babayev Prezident İlham Əliyevə Naftalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə şəhər ictimaiyyəti adından təşəkkür etdilər.
Sonra Prezident İlham Əliyev “Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsini əks etdirən stendlərə baxdı. Prezidentə məlumat verildi ki, Naftalan şəhəri əhalisinin sayı 9 min nəfərdir və onların 81 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin olunur. Şəhər əhalisinə içməli su sutkada 4-5 saatlıq qrafik əsasında verilir. “Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi isə Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilir.
Prezident İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev daha sonra parkda yeni inşa olunan Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi. Dövlət başçısı Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib.
Prezident Naftalana səfəri çərçivəsində “Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış oldu və tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.
Ölkəmizdə turizm infrastrukturunun yaradılmasına böyük diqqət göstərən Prezident İlham Əliyevin qayğısı nəticəsində artıq Naftalanın dünya şöhrətli turizm mərkəzinə çevrilməsi prosesi uğurla davam etdirilir