Naftalan şəhərində Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilib.
06 aprel 2019-cu il tarixdə Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın (Ağdərə rayon sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlər) ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəlib. Gənc ailənin qız övladının dünyaya gəlməsi ilə vətəndaş sayı 10 milyon olan Azərbaycanda bu körpənin gəlişi sevinclə qarşılanıb.
Bu əlamətdar hadisə ilə bağlı 07 aprel 2019-cu il tarixdə Naftalan şəhərində bayram tədbiri keçirilib.Tədbirdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov, şəhər İcra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, gənclər,şəhər ictimaiyyəti və şəhərimizin qonaqları iştirak ediblər.
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Səməd Vurğun parkında ağacəkmə kampaniyası təşkil olunub. Ağacəkmə kampaniyasında parkda 500-ə yaxın eldar şamı əkilib.
Daha sonra tədbir Heydər Əliyev meydanında konsert proqramı ilə davam etdirilib. Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada qrupunun şən mahnıları alqışlarla qarşılanıb. Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımovanın canlı ifası tədbirə toplaşanlara xoş ovqat bəxş etdi.
Əsl bayram əhval-ruhiyyəsi yaşanan tədbirin sonunda atəşfəşanlıq olmuşdur.