8- noyabr Zəfər Günü Naftalanda təntənə ilə qeyd edilib
Dünyanı mahirliyinə heyran qoyan Müzəffər Ordumuzun cəbhədəki uğurlarının başlıca səbəbi Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası və bundan yaranan milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Vətən Müharibəsinin başlanması ilə respublikamızın bütün bölgələrində olduğu kimi Naftalan şəhərindən də neçə-neçə vətənpərvər gənc haqq savaşına qoşularaq Vətən müharibəsində qəhrəmanlıqla iştirak etdilər. Onlardan 4 nəfəri Müqəddəs Vətən Müharibəsində qəhrəmancasına şəhid oldu.
8 noyabr-Zəfər Günü münasibəti Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ŞİH başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, GRMİ-nin rəisi, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak edib.
Öncə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçirilib. Daha sonra tədbir iştirakçıları rəsm işlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə Naftalanlı Vətən Müharibəsi şəhidlərinin yağlı boya ilə çəkilmiş portretləri də nümayiş olunub.
Tədbir Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə hazırlanmış konsert proqramı ilə davam etdirilib, Azərbaycanın xalq artisti Şahnaz xanım Haşımova gözəl mahnıları ilə konsertə rəng qatıb.