Naftalanın nümayəndə heyəti Polşada səfərdə olub
17-21 oktyabr 2018-ci il tarixlərdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov, “Azbiznesservis“ MMC-nin Garabag Resort & Spa” otelinin menecer müavini Orxan Əhədov və Naftalan Müalicə və Sağlamlıq Mərkəzi MMC-nin direktoru İlqar Hüseynov Polşanın Uneyuv şəhərində yeni texnologiyalara, innovasiya və kəşflərə həsr edilmiş “3-cü Beynəlxalq Ağıllı İnkişaf Forumu”nda iştirak etmək məqsədilə həmin şəhərdə səfərdə olublar.
Nümayəndə heyəti 18 oktyabr tarixində Forum çərçivəsində təqdimat və müzakirələrdə, bərpa olunan enerji mənbələrinin Polşada və dünyada inkişaf perspektivləri və geotermal enerji, külək və günəşin gücü - bərpa olunan enerjinin tətbiqində yeniliklər mövzusunda təşkil edilmiş panellərdə və Uneyuv Termal Parkının genişlənmə investisiya layihəsinin təməl qoyma mərasimində iştirak edib.
Oktyabrın 19-da Uneyuv Park sanatoriyasında Uneyuvla qardaşlaşmış şəhər nümayəndələrinin və Lodz regionu iş adamlarının təqdimatları keçirildi. Həmin gün tədbirə dəvət olunan qonaqların iştirakı ilə Azərbaycana, eləcə də Naftalana həsr edilmiş sərginin açılış mərasimi baş tutmuş və sərginin açılışında Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Uneyuv şəhərinin meri Yuzef Kaçmarek və Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov iştirak ediblər. Orxan Əhədov isə Naftalan şəhəri və onun beynəlxalq əhəmiyyətli turizm imkanlarına həsr edilmiş təqdimatla çıxış etdi. Həmçinin Uneyuv şəhərinin meri Juzef Kaçmareklə görüş keçirildi. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmiş, hədiyyələr təqdim olunmuş və iki şəhər arasında qarşılıqlı dəvətlər edilmişdir.
20 oktyabr tarixdə nümayəndə heyəti Uneyuv qəsri, Cəngavər Qalası, Uneyuv Park Sanatoriyası, Geotermia Uneyuv, K-Flex və s. yerlərə təşkil edilən ekskursiyalarda iştirak etmişdir.
Bundan başqa Polşanın 100 illiyi münasibətilə Uneyuvda ağacəkmə kompaniyası keçirilmiş və bizim nümayəndə heyəti tərəfindən əkilən ağacın üzərində Azərbaycan Respublikasının bayrağının şəkli olan lövhə vurulmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti səfirlə birlikdə Varşava şəhərində Azərbaycan Milli ordusunun Baş Qərargah rəisi olmuş polyak əsilli general Maçey Sulkeviç (1865-1920) və Polşa Milli Ordusunun (AK) polkovniki Vəli bəy Yadigarın (1897-1971) şərəfinə ucaldılmış abidəni ziyarət ediblər. Səfir tərəfindən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov və Uneyuv şəhərinin meri Yuzef Kaçmarekə Azərbaycan Parlamentinin Sədri Əlimərdan bəy Topçubaşov və Polşa Respublikasının Baş naziri İqnatsi Yan Paderevskiyə həsr edilən birgə hazırlanmış xatirə nişanı təqdim edildi.
Forum çərçivəsində İtaliyanın Alatri və Finlandiyanın Sonkajarvi şəhərlərinin rəhbərləri ilə görüş keçirilmiş və görüş zamanı onlar Naftalan şəhəri ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirdilər.