Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2018-ci ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib

15 oktyabr 2018 | 16:00

15 oktyabr 2018-ci il tarixdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2018-ci ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib.
          Yığıncağın işində Naftalan şəhər İcra Hakimiyyəti başçısı Rövşən İbrahimov, Şuranın üzvləri, kənd və şəhər nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
         Hesabat yığıncağında çıxış edən Naftalan şəhər İcra Hakimiyyəti başçısı Rövşən İbrahimov  qeyd etdi ki, 2018-ci ilin doqquz ayında respublikanın ümumi inkişaf tempinə uyğun olaraq Naftalan şəhərinin də iqtisadi göstəricilərində artım qeydə alınmış, əhalinin sosial problemlərinin həlli istiqamətində səmərəli, təsirli tədbirlər həyata keçirilmiş  və  mühüm əhəmiyyətə malik sosial  obyekt istifadəyə verilmişdir. 
    Xüsusilə hesabat dövrünə təsadüf edən və bütün şəhər əhalisinin böyük sevincinə səbəb olan ən mühim hadisə iyul ayının 05-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naftalan şəhərinə 5-ci dəfə növbəti səfəri olmuşdur. Ümumiyyətlə bu səfərlər ölkə başçısının  Naftalan kurort şəhərinə  olan diqqət və qayğısının təzahürüdür. Möhtərəm Prezident  həmin gün müasir səviyyəli yeni şəhər xəstəxana binasının açılış mərasimində iştirak etmiş, tibb işçiləri ilə görüşmüş, Naftalanın inkişafı ilə bağlı tapşırıqlar vermişdir.  
2018-ci ilin doqquz ayında ümumi məhsul buraxılışı 16 mln 256,1  min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcm 1 mln 535,8 min manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 17 mln 852,6 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 25,1 faiz artaraq 350,9 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti  ötən ilin hesabat dövrünə nisbətdə 7,2 faiz artaraq 167,6 min  manat  təşkil  etmişdir.
Şəhərdə  görülmüş və hazırda uğurla davam etdirilən işlər nəticəsində vətəndaşların həm kommunal sahədə, həm də ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlər öz həllini tapmışdır. Küçələrdə, çoxmənzilli yaşayış binalarının qarşısında səliqə-səhman yaradılmış, mini parklar, piyada yolları salınmışdır. Heydər Əliyev parkına, Şıxali Qurbanov küçəsindəki mini parka və şəhərdaxili yolların kənarına ümumilikdə 5000 kvm əraziyə qazon döşənmiş,      1000-dən artıq müxtəlif növ dekorativ ağac və gül kolları əkilmişdir. Şəhərdən Xəstəxana istiqamətinə gedən yolun sağ və sol hissəsində 1500-ə yaxın eldar şamı əkilmiş, sözügedən yola yeni yol daşları düzülmüş və işıq dirəkləri quraşdırılmış, asfalt örtüyü vurulmuş, həmçinin yeni piyada  yolu salınmışdır.
Şəhərin girişindən başlayaraq bütün elektrik dirəkləri rənglənmiş, 1 nömrəli tam orta məktəbdən Heydər Əliyev parkı istiqamətində olan yol işıqlandırılmışdır.
Uzun müddət baxımsız qalmış üçbulaq adlanan bulağın ətrafı təmizlənərək abadlaşmış, tamet daş döşənmiş və bulağa suyun verilməsi bərpa olunmuşdur.
Şəhərdə  aparılan  tikinti işləri hesabat dövründə davam etdirilmişdir. 
Hazırda Yeni Avtovağzal otel kompleksində davam etdirilən tikinti işlərində 30 nəfər çalışır.
Yenidən qurulan 10 mərtəbəli köhnə Naftalan mehmanxanasında 30 nəfər müvəqqəti işlə təmin edilib. Hazırda burada işlər davam etdirilir. Mehmanxana Naftalan  Hotel & SPA adı altında  fəaliyyət göstərəcəkdir.
Naftalan nefti ilə müalicə olunmaq istəyən insanların sayının çoxluğu nəzərə alınaraq şəhərdə daha bir müalicə mərkəzi inşa olunmuş və cari ilin yay mövsümündə istifadəyə verilmişdir. Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan yeni müalicə mərkəzi 2 mərtəbədən, 12 otaqdan ibarətdir. Burada 15 nəfər daimi işlə təmin olunmuşdur.
Hazırda 4 investorun ŞİH-nin Memarlıq və Tikinti şöbəsinə təqdim etdikləri müasir səviyyəli turizm obyektlərinin tikinti layihələrinə şöbə tərəfindən qanunamüvafiq qaydada baxılır. Yaxın günlərdə tikinti norma və qaydalarına uyğun gələn və şəhərin görkəminə yaraşan layihələrin icrasına icazə verilləcəkdir.
          Naftalan Bələdiyyəsinin yeni inzibati binasında da son tamamlama işləri aparılır.
          Hesabat dövrü ərzində Səməd Vurğun parkında təmir işlərinə başlanılmış, səki daşlarının altı mişar daşı ilə hörülmüş və 1575 m səki daşı düzülmüşdür. Səkilərə qum, çınqıl qarışığı verilmiş, metal tor qoymaqla 3000 m² tamet düzülmüşdür. Parkda ümumi sahəsi 250 kvm olan müasir standartlara uyğun və bütün fəsillərdə istifadəsi nəzərdə tutulan açıq və qapalı kafenin  inşası işləri aparılır. Bundan başqa parkda ümumi sahəsi 34 kvm olan 4 girişli sanitar qovşağın, avtodayanacaq və uşaq oyun meydançasının tikintisi işləri davam etdirilir. Parkda aparılan əsaslı təmir işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur. Ümumilikdə şəhərin bütün parklarında əsaslı təmir işləri aparılacaqdır.
Çoxmənzilli yaşayış binalarının girişlərində aparılan təmir işləri hesabat dövründə davam etdirilmiş, bu dövrdə 3  beşmərtəbəli yaşayış binasının girişləri əsaslı təmir olunmuş, suvaq və rəngləmə işləri aparılmışdır. Pilləkən və məhəccərlər  təmir edilmişdir. Hazırda 23 nömrəli çoxmənzilli yaşayış binasının girişində təmir işləri davam etdirlir. Qeyd olunan işlər mərhələli şəkildə digər binalarda  aparılacaqdır.
Məlumdur ki, turizm sektoru şəhər iqtisadiyyatının əsas və aparıcı sahəsidir. 2018-ci ilin ötən dövrü şəhərin turizm sahəsi üçün də uğurlu olmuşdur. Cari ilin  9 ayında Naftalanın kurort-sanatoriya və istirahət mərkəzləri 28 mindən çox turist qəbul etmişdir. Onlardan 8874 nəfəri xarici ölkələrdən gələnlər olmuşdur. Xarici turistlərin sayında 2017-ci ilin 9 ayı ilə müqayisədə 26,3 faiz artım müşahidə olunmuşdur.  
Naftalanın dünyada daha da tanınması üçün sanatoriya-kurort sahəsində görülən işlərə peşəkar yanaşılmalı,  turistlərə göstərilən xidmət yüksək səviyyədə təşkil edilməlidir.
Naftalan şəhər İcra Hakimiyyəti başçısı Rövşən İbrahimov çıxışına yekun vuraraq qeyd etdi ki, ölkəmizin, o cümlədən Naftalan kurort şəhərinin  bu inkişafının arxasında dövlətimiz-Prezidentimiz cənab İlham Əliyevin çevik, düzgün və gələcəyə hesablanmış siyasi kursu  dayanır. Bundan sonra da biz ölkə başçısının tapşırıq və tövsiyələrini rəhbər tutaraq   şəhərin sosial-iqtisadi inkişafını təmin edən tədbirlərin həyata keçirilməsini təmin edəcəyik.Naftalan kurort şəhərinin tərəqqisinə, sosial-iqtisadi inkişafına böyük önəm verdiyinə görə Prezident cənab İlham Əliyevə şəhər ictimaiyyətinin hədsiz minnətdarlıqlarını çatdırıram.
          Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2018-ci ilin ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələrə  dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında şəhər Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev və Gəncə Regional Mədəniyyət idarəsinin Naftalan şəhər nümayəndəsi Zöhrab Adıgözəlov çıxış etdilər.

Keçidlər