Naftalanda təhsil işçilərinin sentyabr konfransı keçirilib.
10 sentyabr 2018-ci il tarixdə Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalında Naftalan müəllimlərinin 2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib.
Konfransı giriş sözü ilə Naftalan şəhər Təhsil Şöbəsinin müdir əvəzi Rəna Dəmirova açaraq “2017-2018-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda çıxış etdi.
2017/2018-ci tədris ilində keyfiyyət faizi ötən ilki səviyyə ilə müqayisədə bir qədər artmışdır.
XI buraxılış siniflərində şagirdlərin sayı 63 nəfər olmuşdur. 1 nəfər imtahanda iştirak etməmişdir. Onlardan 58 nəfər tam orta təhsil haqqında attestat, 3 nəfər fərqlənmə attestatı və 1 nəfər tam orta təhsil haqqında xüsusi nümunəli attestat almış və “Gümüş medal”la təltif edilmişdir. Buraxılış imtahanlarının yekun nəticəsinə əsasən IX siniflərdə imtahanda iştirak edənlərin 85 nəfəri ümumi orta təhsil haqqında adi, 2 nəfəri də fərqlənmə attestatı almışlar.
2017-ci ildə respublika üzrə Naftalan şəhəri XI sinif buraxılış imtahanlarında müvəffəqiyyət faizi müsbət dinamika göstərən 10 təhsil bölgəsi üzrə I yerdə olmuşdur.
2018-ci il XI sinif məzunlarının müvəffəqiyyət faizi 2017-ci illə müqayisədə 6% azalaraq 2017-ci ildəki 77%-ə qarşı 2018-ci ildə 71% olmuşdur. 2018-ci ildə buraxılış imtahanında IX siniflər üzrə müvəffəqiyyət faizi 2017-ci illə müqayisədə 27% artaraq 2017-ci ildəki 54%-ə qarşı 2018-ci ildə 81% olmuşdur.
2018-ci ildə XI sinif məzunlarından 59 nəfəri ali təhsil müəssisələrinə sənəd vermişdir. Məzunların imtahanlarda iştirak etmə faizi 95.16%-dir. Qəbul imtahanında iştirak etmiş 2018-ci il məzunlarının ali təhsil müəssisələrinə qəbul olma faizi 52,54%-dir.
Tam orta təhsil bazasından 9 məzun isə orta ixtisas məktəblərinə qəbul olmuş, yəni qəbul olma faizi 15.25%-dir. Ümumi orta təhsil bazasından 15 şagird orta ixtisas məktəblərinə qəbul olmuşdur.
Konfransda Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov çıxış edərək yeni dərs ilinin başlanması və qarşıdan gələn Bilik Günü münasibətilə təhsil işçilərini təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb.Konfransda Təhsil Nazirliyinin nümayəndəsi Anar Mirzəzadə çıxış edərək yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb.
Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.