“Bölgələrdən bölgələrə” Naftalanda
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Naftalan şəhəri olub.
Naftalan şəhərinin mərkəzində, Heydər Əliyev adına parkda keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin, şəhər icra hakimiyyətinin təmsilçiləri, kənd və qəsəbələrin sakinləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.
Layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.
Festivalın əhəmiyyətindən danışan qonaqlar layihənin ilk dəfə ölkəmizin bütün bölgələrini əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı yaratdığını vurğulayıblar.
Əvvəlcə festival iştirakçıları Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsi tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə yaxından tanış olublar.
Lahıc ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları məişət qabları, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, Xaçmaz bölgəsindən olan daşyonanların adi çay daşları üzərində həkk etdikləri dahi şəxsiyyətlərin portretləri, Şəki ustalarının hazırladıqları mürəkkəb həndəsi şəbəkəbəndlər, incə naxışlı zərif kəlağayılar, həmin bölgəyə aid şirniyyatlar, ucarlı sənətkarın sadə qara qələmlə rəssamlığın qrafika janrında çəkdiyi bir-birindən gözəl rəsmlər, Masallı regional idarəsi tərəfindən təqdim olunan hörmə, toxuma, əl işləri, ağacoyma və dulus nümunələri maraqla qarşılanıb. Bundan başqa, Şəmkir regional idarəsi tərəfindən nümayiş etdirilən müxtəlif dövrlərə və ayrı-ayrı bölgələrə aid saz nümunələri – qopuz, tənbur, çoğur, rübab, cürə saz, həmçinin digər regional idarələr tərəfindən dünya xalqlarına aid müasir incəsənət növlərinin fərqli janrlarına uyğun işlənən nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid fəlsəfi məzmunlu rəsmlər və bir çox qiymətli əl işləri pavilyonlarla tanış olan festival iştirakçılarında zəngin təəssürat yaradıb.
Festivalda Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.
Konsertdə müğənni və xanəndələr tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, ayrı-ayrı bölgələrin özfəaliyyət kollektivləri milli, etnik rəqs nümunələri ilə çıxış edib, simli, nəfəsli və ritmik qədim musiqi alətlərimizin geniş ifa imkanlarını nümayiş etdiriblər.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən, xüsusən də Naftalandakı kurort-sanatoriya mərkəzlərinə müalicə və istirahətə gələn xarici turistlər tərəfindən alqışlarla qarşılanıb.Şəhər sakinləri bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.