Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 2018-ci ilin birinci yarısının yekunları müzakirə olundu

13 iyul 2018 | 16:00

      13 iyul  2018-ci il tarixində Naftalan şəhər İcra Hakimiyyətinin 2018-ci ilin birinci yarısında şəhərin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirildi.
            Hesabat iclasında  çıxış edən Naftalan şəhər İcra Hakimiyyəti başçısı Rövşən İbrahimov  qeyd etdi ki, 2018-ci ilin ötən dövrü Naftalan kurort şəhəri üçün uğurlu, yaddaqalan olmuş, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilmiş və  mühim əhəmiyyətə malik sosial  obyekt istifadəyə verilmişdir. 
    2018-ci ilin birinci yarısında ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8 mln 832,2  min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 3,8 faiz artaraq 1 mln 96,8 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 214 min manat, tikinti işləri isə 13,7 faiz  artaraq 5  mln 802 min manat təşkil etmişdir.
     Şəhər büdcəsi yerli mənbələrdən daxil olan gəlirlər hesabına 1 mln 143,8 min manat planlaşdırıldığı halda 1 mln 215,8  min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 6,3 faiz və ya 72 min manat artıq olmuşdur. Xərcləri isə  850,6 min manat olmuşdur.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi  tərəfindən 79 ailənin 288 ailə üzvünə  ünvanlı  dövlət sosial  yardım və sosial müavinət ödənilmişdir.
Hesabat dövründə yenidən qurulan 10 mərtəbəli Naftalan mehmanxanasında tikinti işləri davam etdirilir. Burada 30 nəfər müvəqqəti işlə təmin edilib. Bina istifadəyə verildikdən sonra 55 nəfər daimi işlə təmin ediləcəkdir.     
         Naftalan nefti əsasında müalicə olunmaq istəyən turistlərin, eləcə də səhhətində müəyyən problemlər olan insanların sayının çoxluğu nəzərə alınaraq şəhərdə daha bir müalicə mərkəzi inşa olunmuş və cari ilin yay mövsümündə istifadəyə verilmişdir. Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan yeni müalicə mərkəzi 2 mərtəbədən, 12 otaqdan ibarətdir. Burada 15 nəfər daimi işlə təmin olunmuşdur.
     Dövlət başçısının yeni iş yerlərinin açılması ilə bağlı göstərişi əsasında  dövlət qurumları tərəfindən verilən vakansiyalar əsasında Naftalanda 226 nəfər işlə təmin olunmuşdur. Həmçinin şəhər sakinlərindən  15 nəfəri isə çoxmənzilli yaşayış binalarının təmiri üzrə qeyri-daimi işlərə cəlb edilmişdir.  Şəhərdə aparılan abadlıq və təmizlik işləri üzrə isə 150 müvəqqəti yeni iş yeri yaradılmışdır.
      Məşğulluq Mərkəzinə müraciət edən 406 nəfər işaxtarandan 211 nəfəri işlə təmin olunmuşdur ki, onlardan 81 nəfəri qadınlardır.
   Məlumunuz olduğu kimi Naftalan  şəhəri üzrə məktəbəqədər yaşlı uşaqların sayının çox, yalnız 280 nəfər uşağın bağçaya cəlb olunma imkanı olduğunu nəzərə alaraq yeni 200 yerlik məktəbəqədər təhsil müəssisəsinin tikintisi məqsədilə Prezident cənab İlham Əliyev Naftalana səfərindən sonra müvafiq sərəncam imzalamışdır. Hazırda körpələr evi-uşaq bağçasının inşası üçün layihə smeta sənədlərinin hazırlanması işləri aparılır.
     Məlumunuz olduğu kimi, hesabat dövründə Prezident cənab İlham Əliyevin  iştirakı ilə yeni 60 çarpayılıq şəhər xəstəxanasının açılışı olmuşdur. Dövlət başçısı Xəstəxana binası ilə tanışlıqdan sonra xəstəxananın tibb kollektivi ilə görüşmüş və sonda xatirə şəkli çəkdirilmişdir. Yeni şəhər Xəstəxanasının tikintisi Prezident cənab İlham Əliyevin 2013-cü və 2018-ci illərdə imzaladığı sərəncamlara əsasən aparılmışdır.
      Şəhərdə  görülmüş və hazırda uğurla davam etdirilən işlər əhali tərəfindən rəğbətlə qarşılanır. Hazırda şəhərin Səməd Vurğun parkında təmir işlərinə başlanılmışdır. Ümumilikdə şəhər əhalisinin və turislərin daha rahat, gözəl  istirahəti üçün mərhələli şəkildə şəhərin digər parklarında  əsaslı təmir işləri aparılacaqdır. Hazırda Yeni Avtovağzal otel kompleksində də tikinti işləri davam etdirilir.
     Bu gün Naftalan həm nadir müalicəvi neftinə, həm də müalicə və istirahət üçün yaradılan müasir infrastrukturuna görə turistlər üçün cəlbedici məkana çevrilmişdir. Məhz bunun nəticəsidir ki, ildən-ilə burada dincələn və müalicə olunan turistlərin sayı artır. Cari ilin 6 ayında Naftalan şəhərinin müalicə və istirahət mərkəzləri 12 mindən çox turist qəbul etmişdir. Ötən hesabat ilinin müvafiq dövrü  ilə müqayisədə 26,5 faiz çox olmuşdur. Bunlardan 5381 nəfəri xarici turist olmuşdur. Xarici ölkələrdən gələnlərin sayında 2017-ci ilin 6 ayı ilə müqayisədə 34 faiz artım müşahidə olunmuşdur. Bu dövrdə daha çox Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə və Ukraynadan olan turistlər istirahət edib, yaxud müalicə alıblar.
    Naftalan şəhər İcra Hakimiyyəti başçısı Rövşən İbrahimov çıxışına yekun vuraraq qeyd etdi ki,Naftalanın bundan sonrakı inkişafı da dövlətin diqqət mərkəzindədir. Odur ki,  bundan sonra da sakinlərin rifah halının və güzəranının gündən-günə yaxşılaşdırılması, eləcə də şəhərin inkişafı üçün vacib olan tədbirlər görüləcək, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetiriləcəkdir.
       Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2018-ci ilin birinci yarısında  görülmüş işlər və qarşıda duran vəzifələrə  dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında şəhər Təhsil şöbəsinin müdiri əvəzi  Rəna Dəmirova  və Garabag Resort & Spa otelinin  baş həkimi Dilbər Kazımova çıxış etdilər.

Keçidlər