Naftalan şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə “15 iyun-Milli Qurtuluş Günü” nə həsr olunan elmi-praktik konfrans keçirilib
11 iyun 2018-ci il tarixdə Naftalan şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalında şəhərin tam orta məktəblərinin müəllimlərinin, şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərlərinin iştirakı olə “15 iyun-Milli Qurtuluş Günü” nə həsr olunan elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan şəhər Təhsil Şöbəsinin müdir əvəzi Rəna Dəmirova “Milli Qurtuluş Günü”nün mahiyyəti ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. O, 1993-cü il iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu və dövlətimizin yox olmaq təhlükəsindən xilas edildiyini bildirib.
Daha sonra, çıxış edən S.Vurğun adına 2 nömrəli tam orta məktəbin əməkdar müəllimi Sədrəddin Muradov 1993-cü il iyunun 15-dən artıq 25 il keçdiyini xatırladaraq bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulayıb. Qurtuluş məfkurəsinin Azərbaycanın uğurlu inkişafının ideya əsası olduğunu qeyd edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev tarix baxımından çox qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub.
İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Kübra Məmmədova, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin direktoru Ulduz Mayılova çıxışlarında qeyd ediblər ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyləri nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə nail olub. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider olub.