Polis işçilərinin peşə bayramı qeyd olunub.
Azərbaycan Polisinin yaranmasının 95 illik yubileyi münasibətilə Naftalan şəhərində tədbir keçirilib. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı digər rəsmi şəxslər, şəhər icra hakimiyyətinin nümayəndələri və veteran polislər iştirak ediblər.İlk öncə polis əməkdaşları ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsini ziyarət edib və abidənin önünə gül-çiçək dəstələri düzüblər.
Tədbir şəhər polis şöbəsində davam etdirilib. Tədbiri giriş sözü ilə açan Naftalan şəhər Polis şöbəsinin rəisi, polis mayoru Məmməd Hüseynov Azərbaycan polisinin peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib. Daha sonra Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salınıb. Diqətə çatdırılıb ki, 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Şəhər Polis şöbəsinin rəisi bildirib ki, müstəqilliyin ilk illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan daxili işlər orqanları sabitliyin təminatçılarından, dövlətçiliyin dayaqlarından birinə çevrilmişdir.
Bu gün ölkəmizi böyük uğurlara və davamlı tərəqiyyə aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində maddi-texniki bazası, şəxsi heyətinin xidmət şəraiti, sosial müdafiəsi günbəgün güclənən daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların qanuni mənafelərinin qorunmasında, insan hüquq və azadlıqlarının təmin edilməsində professionallığı və nümunəvi xidmətləri ilə seçilir.
Sonda şəhər Polis Şöbəsi tərəfindən xidmətində fərqlənən bir qrup polis əməkdaşına, veteran polislərə diplom və fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub.