Naftalan şəhərində 2018-ci ilin birinci rübünün yekunları müzakirə olundu
18 aprel 2018-ci il tarixdə keçirilən hesabat yığıncağında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Şura üzvləri, şəhər və kənd nümayəndələri, bələdiyyə sədrləri və müəssisə rəhbərləri iştirak edirdilər.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib.
2018-ci ilin birinci rübündə ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 69,8 faiz artaraq 7 mln 899,7 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 7,9 faiz artaraq 646,7 min manat təşkil etmişdir. Əhaliyə göstərilən nəqliyyat xidməti 3,5 faiz artaraq 101,8 min manat, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan ödənişli xidmətlərin həcmi 142,3 faiz artaraq 6 mln 300 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 4 mln 962,4 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 24,8 faiz artaraq 353,2 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti keçən ilin hesabat dövrünə nisbətdə 3,8 faiz artaraq 54,2 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 334,7 min manat, tikinti işləri isə 144,9 faiz artaraq 5 mln 164,4 min manat təşkil etmişdir.
Şəhər büdcəsi yerli mənbələrdən daxil olan gəlirlər hesabına 491,9 min manat planlaşdırıldığı halda 515,1 min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 4,7 faiz artıq olmuşdur. Xərcləri isə 366,4 min manat olmuşdur.
Ölkə başçısının sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, sərmayələrin cəlb edilməsi, yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqları Naftalan şəhərində də diqqət mərkəzində saxlanılır. Hazırda Yeni Avtovağzal otel kompleksində tikinti işlər davam etdirilir və burada 30 nəfər çalışır. Yenidən qurulan 10 mərtəbəli Naftalan mehmanxanasında 30 nəfər müvəqqəti işlə təmin edilib. Naftalan nefti əsasında müalicə olunmaq istəyənlərin sayının çoxluğu nəzərə alınaraq şəhərdə daha bir müalicə mərkəzi inşa olunmuş və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub. Mərkəz istifadəyə verildikdən sonra burada 25 nəfər daimi işlə təmin ediləcək.
Dövlət başçısının yeni iş yerlərinin açılması ilə bağlı göstərişi əsasında dövlət qurumları tərəfindən verilən vakansiyalar əsasında Naftalanda 226 nəfər işlə təmin olunmuşdur. Onlardan 150 nəfəri şəhərdə aparılan abadlıq və təmizlik, 15 nəfəri isə çoxmənzilli yaşayış binalarının təmiri üzrə qeyri-daimi işlərə cəlb edilmişdir.
Bu gün Naftalan şəhəri həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə turistlərin xüsusi diqqətinə layiq olan unikal məkana çevrilmişdir. 2018-ci ilin birinci rübündə Naftalana üz tutan turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz çox olmuşdur. Belə ki, bu dövrdə turizm obyektlərində 5 mindən artıq turist qeydə alınıb ki, onun da 2241 nəfəri xarici turistlər olmuşdur.
Naftalan Şəhər İcra Hakimyyətinin başçısı Natiq Aslanov çıxışına yekun vuraraq qeyd etmişdir ki, ölkə başçısı tərəfindən qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün şəhərimizdə bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcəkdir.
Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2018-ci ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında şəhər Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev və Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin Naftalan şəhərindəki nümayəndəsi Zöhrab Adıgözəlov çıxış etdilər.