Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi

09 fevral 2018 | 16:00

09 fevral 2018-ci il tarixdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2017-cı ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.
İclasda şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Millət vəkili Mahir Aslanov və şəhər ictimaiyyətinin nüamayəndələri iştirak edirdi.
         Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoymuşlar.Hesabat yığıncağını giriş sözü ilə açan Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov  qeyd etdi ki,ölkə başçısının 2017-ci ilin sosial -iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdiyi uğurlarda kurort şəhəri Naftalanın da özünəməxsus payı var. Çünki şəhərin bütün sahələrdə inkişafının əsasını ölkə başçısının irəli sürdüyü proqramların və qarşıya qoyduğu vəzifələrin icrası təşkil edir. Məhz bu strateji vəzifələrin yerinə yetirilməsinin nəticəsidir ki,  burada istər turizm, istərsə də şəhərin infrastrukturunda irimiqyaslı layihələr həyata keçirilmiş, böyük quruculuq işləri aparılmış və bu gün də  davam etdirilir. Baş verən müsbət dəyişikliklər özünü statistik göstəricilərdə də əyani surətdə göstərir. Odur ki, diqqətinizi şəhərin ayrı-ayrı sahələri üzrə sosial-iqtisadi göstəricilərinə yönəltmək istəyirəm.
    2017-ci ildə ümumi məhsul buraxılışı ötən hesbat ili ilə müqayisədə 28,9  faiz artaraq 23 mln 366,6  min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 3,5 faiz artaraq 2 mln 160,2 min manat təşkil etmişdir. Əhaliyə 308,2 min manatlıq nəqliyyat xidməti göstərilmiş, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  ödənişli xidmətlərin həcmi 52,3 faiz artaraq 17 mln 817,3  min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi  23 mln 297 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 8,7 faiz artaraq 285 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti  keçən illə müqayisədə 14,3 faiz artaraq 215,8 min  manat  təşkil  etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 2 mln 19,8 min manat, tikinti-quraşdırma işləri isə 57,6 faiz  artaraq 11 mln 161 min manat təşkil etmişdir.
Şəhər büdcəsi yerli mənbələrdən daxil olan gəlirlər hesabına 2 mln 496 min manat planlaşdırıldığı halda 2 mln 851,6  min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 14,2 faiz artıq olmuşdur. Xərclər isə  2 mln 363,143 min manat olmuşdur.
Artıq 2 ildir Naftalan şəhəri bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. Məlumdur ki, buna da Naftalan əvvəlki şöhrətini bərpa edərək, son illərdə yaradılan müasir kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən gələn gəlirlər hesabına nail olub. Təbii ki, gəlirlərin əsas hissəsini şəhərdə fəaliyyət göstərən turizm obyektləri tərəfindən ödənilən vergilər təşkil edir. Lakin, hazırda şəhərdə fəaliyyət göstərən bir neçə  turizm obyekti ödədikləri vergiləri Naftalan şəhərinin yerli büdcəsinə ödəmirlər.
Bu da gələcəkdə şəhərin sosial -iqtisadi inkişafında və yerli büdcənin xərclərinin vaxtlı-vaxtında ödənilməsində problemlər yaradacaqdır. Buna görə də bir neçə sahibkarlıq subyekti tərəfindən ödənilən vergilərin Naftalan şəhərinin Yerli büdcəsinə ödənilməsinə ehtiyac vardır.
  Əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq işlər görülmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi  tərəfindən 656 ailəyə  ünvanlı  dövlət sosial  yardım və sosial müavinət ödənilmişdir. Vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərə baxılması işi davam etdirilmiş, il ərzində 61 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılmışdır. Pensiya, müavinət və sosial yardımlar vaxtlı-vaxtında tam ödənilmişdir.
Ölkə başçısının sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması ilə bağlı verdiyi mühüm tapşırıqların icrası ilə əlaqədar Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq işlər görülmüş və hazırda da bu istiqamətdə işlər aparılır. Əhalinin məşğulluq səviyyəsinin qısa müddətdə artırılması üçün şəhərin mövcud potensialına uyğun ilk olaraq turizm sektorunun daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər  həyata keçirilmiş, turizm sektorunda fəaliyyət göstərən və ya göstərmək istəyən sahibkarların fəaliyyəti üçün münbit şəraitin yaradılması bir vəzifə kimi qarşıya qoyulmuşdur. 
Hazırda Yeni Avtovağzal otel kompleksində davam etdirilən tikinti işlərində        30 nəfər çalışır. İnşaat işləri yekunlaşdıqdan sonra burada 40-50 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Yenidən qurulan 10 mərtəbəli Naftalan mehmanxanasında 30 nəfər müvəqqəti işlə təmin edilib. Mehmanxana istifadəyə verildikdən sonra burada 55 nəfər daimi işlə təmin ediləcəkdir.     
Ümumilikdə son illərdə sahibkarlar tərəfindən tikilib istifadəyə verilmiş müasir səviyyəli yeni 3 və 5 ulduzlu müalicə və istirahət mərkəzlərində hazırda 1000 nəfərə yaxın  vətəndaş işləyir.
2017-ci ildə dövlət qurumları tərəfindən verilən vakansiyalar əsasında 174 nəfər işlə təmin olunmuşdur. Onlardan 16 nəfəri şəhərin çoxmənzilli yaşayış binalarının təmiri işlərinə cəlb olunmuşdur. Həmçinin 2018-ci ildə də dövlət qurumları tərəfindən verilən vakansiyalar əsasında 61 nəfər, abadlıq - təmizlik və çoxmənzilli binaların təmiri işləri üzrə isə 165 nəfər işlə təmin edilmişdir.
Məşğulluq Mərkəzi  tərəfindən 36 nəfərə işsizlik statusu təyin olunmuş,           44 nəfərə işsizlik müavinəti ödənilmişdir. Ümumilikdə Mərkəzə müraciət edən           401 nəfər işaxtarandan 221 nəfəri işlə təmin olunmuşdur. Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində şəhər Məşğulluq mərkəzi ilə  sıx işgüzar əlaqələr qurulmuş  və  bu  istiqamətdə  işlər  davam  etdirilir.  Yalnız bu  sahədə   müəyyən  çatışmazlıqlar mövcuddur. Bəzi hallarda mövcud vakant iş yerləri vaxtlı-vaxtında Mərkəzə təqdim olunmur. Buna görə də  şəhərin idarə, müəssisə rəhbərlərinin bu işə daha məsuliyyətlə yanaşmaları və  boş iş yerləri haqqında məlumatları müntəzəm olaraq Mərkəzə təqdim etmələri tövsiyə olunur.
        2017-ci il ərzində təhsil, səhiyyə və mədəniyyət sahəsində bir sıra işlər görülmüşdür. Şəhər İcra Hakimiyyəti tərəfindən məktəblərdə davamiyyətə və dərs prosesinin gedişatına mütəmadi olaraq nəzarət edilmişdir.
       2016-2017-ci tədris ilində IX-XI sinif şagirdləri üzrə buraxılış imtahanlarının nəticələri ötən tədris ili ilə müqayisədə yüksək olmuşdur. Bu uğurlu tendensiya məzunların ali məktəblərə qəbul imtahanında da özünü göstərmiş və şəhərin ümumtəhsil məktəblərinin 11-ci sinfini 62 şagird bitirmiş, həmin məzunlardan              54 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul imtahanlarında iştirak etmiş,    28 məzun ali məktəb tələbəsi adını qazanmışdır. Onlardan 1-i 600-dən, 7-si 500-dən, 1-i 400-dən yuxarı bal toplamışdır.
Hesabat dövründə şəhərin mədəni həyatı da zənginləşmişdir. Mədəni-maarif müəssisələri  tərəfindən  il ərzində  tarixi hadisələr, yubileylər və əlamətdar günlər qeyd  olunmuş, mədəni-kütləvi tədbirlər keçirilmişdir.
      Hazırda şəhərin mədəniyyət müəssisələri şəraitsiz, uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir ki, bu da  mədəniyyət sahəsinin günün tələbləri səviyyəsində inkişafına mane olur. Eyni zamanda şəhərə gələn turistlər, eləcə də şəhərlə, naftalan nefti ilə tanış olmaq istəyən yerli və xarici qonaqlar Naftalana daxil olarkən ilk olaraq buradakı “Çəlik muzeyi”ni soruşur və muzeyi görmək istədiklərini bildirirlər. Lakin, muzeyin binası olmadığından və hazırda fəaliyyət göstərdiyi uyğunlaşdırılmış binanın tamamilə yararsız  vəziyyətdə olduğundan təəssüf ki, qonaqları oraya aparmaq mümkün olmur.
Bu səbəbdən də şəhərdə mədəniyyət obyektlərinin tikintisinə çox böyük ehtiyac yaranıb.
Qeyd olunanları nəzərə alaraq şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülmüşdür. İnanırıq ki, yaxın gələcəkdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq  bu məsələ  öz həllini tapacaqdır.
Yeniyetmə və gənclərin sağlamlığının qorunması və  idmanın inkişaf etdirilməsi, həmçinin şəhər sakinlərinin  idmanla  məşğulluğunun  təmin  edilməsi  istiqamətində  də  müəyyən işlər görülmüşdür. Ayrı-ayrı idman növləri üzrə müxtəlif yaş qrupları arasında idman yarışları keçirilmiş, bu dövrdə şəhərin gənc idmançıları respublika və zona  turnirlərində uğurlu çıxış edərək yüksək göstəricilər əldə etmişlər.
    Hesabat dövründə səhiyyə müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə müntəzəm nəzarət edilməsi ilə bağlı bir sıra zəruri tədbirlər görülmüşdür.  417 nəfər imtiyazlı xəstə  120 adda pulsuz dərman preparatı ilə təmin edilmişdir.
Dövlət başçısının təşəbbüsü ilə artıq bir neçə ildir ki, ölkəmizdə vətəndaşların pulsuz tibbi müayinəsi həyata keçirilir. Ölkə başçısının növbəti tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək Naftalan şəhərində əhalinin tibbi müayinəsi  yüksək səviyyədə təşkil olunmuş, bu dövrdə  7 mindən artıq sakinin pulsuz tibbi müayinədən keçməsi təmin edilmişdir.
   Hesabat dövründə yeni şəhər xəstəxanasında tikinti işləri davam etdirilmişdir.
Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq məktəblərdə, Körpələr evi-uşaq bağçasında sanitar-gigiyenik müayinələr aparılmış, bu dövrdə ayrı-ayrı yaş qrupları üzrə ümumilikdə 514 uşağa profilaktik peyvəndlərin aparılması təmin edilmişdir. Aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, uşaqlar arasında bu dövrdə qorxulu yoluxucu xəstəliklər qeydə alınmamışdır.  Çoxmənzilli yaşayış binalarının zirzəmisində dezinfeksiya işləri aparılmışdır. Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi nümayəndəsinin iştirakı ilə məişət tullantıları yığılan qutulara və poliqona baxış keçirilmiş, poliqonun vəziyyəti sanitar-gigiyenik nöqteyi-nəzərdən qeyri-qənaətbəxş olduğu üçün şəhər KTİB cərimə edilmişdir. 
      Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi, Naftalan şəhərində də geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir.
       Şəhər sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində bir neçə il bundan əvvəl başlamış layihələrin icrası 2017-cı il ərzində də uğurla davam etdirilmişdir. Dövlət Proqramlarının uğurlu icrası ilə bağlı şəhərdə istilik, qaz, su-kanalizasiya təchizatının yaxşılaşdırılması sahəsində işlər tam başa çatdırılmışdır. Elektrik təchizatının yaxşılaşdırılması məqsədilə bir çox işlər görülsə də, bu sahədə müəyyən işlər yarımçıq dayandırılmışdır. Buna görə də Elektrik şəbəkəsinin rəhbərliyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən şəhərin elektrik təsərrüfatı sahəsində yarımçıq qalmış işlərin həyata keçirilməsi məqsədilə aidiyyəti üzrə müvafiq tədbirlər görməlidir.
Həyata keçirilən  tədbirlər nəticəsində vətəndaşların kommunal sahədə mövcud olan bir sıra problemləri öz həllini tapmışdır. Bu işlərin başa çatması ilə şəhərin abadlaşdırılması işlərinə başlanılmışdır. Küçələrdə, çoxmənzilli yaşayış binalarının qarşısında səliqə-səhman yaradılmış, yeni parklar, piyada yolları salınmışdır. Sakinlərin asudə vaxtlarında istirahətləri üçün çoxmənzilli yaşayış binalarının qarşısında salınan mini istirahət parklarında və piyada yollarının kənarında 2000-ə yaxın eldar şamı və ümumilikdə 1000-dən artıq çinar ağacı əkilmişdir. Gələcəkdə də Naftalanın kurort iqlimini qorumaq üçün ağac əkini davam etdiriləcəkdir.
Qeyd olunan işlər şəhərin I mikrorayonunda tam başa çatdığından, bu işlərin       II mikrorayonun ərazisində həyata keçirilməsinə başlanılmışdır. Hesabat dövründə       II mikrorayonun ərazisində ilk olaraq asfalt örtüyünün üst qatı qaşınaraq düzlənmişdir. köhnə səki və yol  daşları sökülüb yenisi ilə əvəz olunmuşdur.  3350 p/m uzunluğunda yeni yol daşı düzülmüş, ərazi tam asfaltlanmışdır. Ümumilikdə 65000 kvadratmetr sahəyə asfalt döşənmişdir. Binaların qarşısında avtonəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz şəkildə dayanması məqsədilə  xüsusi yerlər düzəldilmişdir. Piyadalar üçün mövcud səkilər təmir edilmişdir. Məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərin bəziləri yenilənmiş, bəziləri isə təmir edilmişdir.   
Çoxmənzilli yaşayış binalarının girişlərində aparılan təmir işləri hesabat dövründə davam etdirilmiş, bu dövrdə 10  beşmərtəbəli yaşayış binasının girişləri əsaslı təmir olunmuş, suvaq və rəngləmə işləri aparılmışdır. Pilləkən və məhəccərlər  təmir edilmişdir.
Qeyd olunan işlər mərhələli şəkildə şəhərin digər binalarında  da aparılacaqdır. 2018-ci ildə daha 5 çoxmənzilli yaşayış binasının girişləri əsaslı təmir olunacaqdır.
Payız-qış mövsümünə hazırlıq işlərinə yay aylarından başlanılmış, bununla əlaqədar  tədbirlər planı hazırlanaraq təsdiq edilmiş, konkret vəzifələr müəyyənləşdirilərək plana uyğun icrasına başlanılmışdır. Naftalan İstilik İstismarı sahəsinin balansında olan 3 qazanxananın hər birində cari profilaktiki təmir işləri aparılmış və qazanxanalar əvvəlcədən qışa hazır vəziyyətə gətirilmişdir.  
Hazırda  3 qazanxana vasitəsilə 31 çoxmənzilli yaşayış binası, qeyri-yaşayış obyektləri, bir çox idarə və müəssisə fasiləsiz olaraq istiliklə təmin olunur.
Ölkə başçısının Naftalanın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin uğurlu icrası yerli və xarici turistlərin sayına müsbət təsir göstərmiş və 2017-ci ildə  şəfa tapmaq və istirahət etmək məqsədilə Naftalana üz tutan turistlərin sayı əvvəlki hesabat ili ilə müqayisədə 40 faiz çox olmuşdur. Bu dövrdə Naftalanın turizm obyektlərində     35 mindən artıq turist qeydə alınıb ki, bunun da 7309 nəfəri 62 ölkədən gələn xarici turistlər olmuşdur. Bu paytaxtdan sonra bölgələrə üz tutan xarici turistlərin coğrafiyasına görə ən yüksək göstəricidir. 2017-ci il ərzində Naftalanın bütün otelləri və sağlamlıq mərkəzləri yüksək göstəricilərlə fəaliyyət göstərib.
“TurStat” analitik agentliyinə istinadən bir məlumatı da qeyd edim ki, Naftalan şəhəri postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort yeri sayılıb.
Naftalan kurort şəhərinin inkişafı və keçmiş şöhrətinin bərpası ölkə başçısının daim diqqətdə saxladığı məsələlərdəndir. “Azərbaycan Respublikasında  ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin  2016-cı il 6 dekabr tarixli  Fərmanı Naftalan kurortunun inkişafına təkan verən strateji qərarlardan biridir. Strateji Yol Xəritəsinin müvafiq bölməsində Naftalanda turizmin inkişafı məqsədilə mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bunlar aşağıdakılardır: Naftalan nefti əsasında  mövcud və yeni sağlamlıq  məhsullarının təşviqi, Naftalanda turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılması, Bakı və Naftalan arasında sürətli və yüksəkkeyfiyyətli avtobus və qatarların istifadəyə verilməsi.
Naftalanın dünyada tanınan kurort şəhəri olduğu üçün buraya gələn qonaqlara göstərilən xidmət bundan sonra da yüksək səviyyədə təşkil edilməlidir. Ən vacibi isə qidalanma və onun təşkili baxımından onların həyatı sağlamlığının təhlükəsizliyidir.   
Ötən il şəhərdə fəaliyyət göstərən sanatoriyaların birində qida ilə bağlı Naftalanın imicinə xələl gətirən neqativ hallara yol verilmiş, turistlərin hüquqları pozulmuş və bu da nəticədə  yerli və xarici vətəndaşların haqlı narazılığına səbəb olmuşdur. Məsələ ilə bağlı dərhal aidiyyəti orqanlar tərəfindən tədbirlər görülmüş, yol verilən nöqsanlara görə müəssisə hüquqi şəxs qismində inzibati qaydada cərimə olunmuş və müəssisə rəhbərinə ciddi xəbərdarlıq edilmişdir.  Belə halların təkrarlanmaması üçün bu sahədə çalışan rəhbərlər, işçilərinin fəaliyyətinə nəzarət mexanizmini daha da təkmilləşdirməli, turistlərin mənalı istirahəti və müalicəsinin yüksək səviyyədə təmin olunması üçün bütün qüvvələrini səfərbər etməli, müəssisələrində istifadə olunan qida məhsullarının keyfiyyətinə nəzarəti gücləndirməlidirlər. Bir sözlə çalışmalıyıq ki, turistləri məmnun edərək turist axınının gücləndirilməsini təmin edək.
          Natiq Aslanov çıxışına yekun vuraraq qeyd etdi ki, 2017-ci il Naftalan şəhəri üçün bir çox uğurlarla yadda qaldı. Aparılan quruculuq və abadlıq işləri şəhəri  hər ötən gün daha da gözəlləşdirir və yerli sakinlərlə yanaşı, şəhərə gələn qonaqlara da xoş ovqat bəxş edir. 2018-ci ildə də cənab Prezidentin  tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhərdə  sahibkarların fəaliyyəti üçün əlverişli şərait yaradılması, yeni investorların cəlb edilməsi, ən əsası yeni iş yerlərinin yaradılması şəhərdəki bütün dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsi olacaq və biz bu istiqamətdə öz fəaliyyətimizi quracagıq.
Naftalana yaxından göstərdiyi diqqət və qayğıya görə mən naftalanlılar adından Prezident cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
           Şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2017-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsinin müdiri Eyvaz Nəcəfov,şəhər Xəstəxanasının baş həkimi Orxan Bağızadə   və şəhər Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev  çıxış etdilər.
           Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov hesabat yığıncağında çıxış edərək 2017-ci il ərzində Naftalanda həm turizmin, həm də ümumilkdə şəhərdə görülmüş işləri, həyata keçirilən layihələri təqdirəlayiq hesab edib. Vəfadar Bağırov ölkə Prezidentinin diqqət və qayğısı sayəsində Naftalan aparılan uğurlu işləri, şəhər rəhbərliyinin təşkilatçılığı və naftalanlıların öz şəhərlərinə olan böyük məhəbbəti kimi dəyərləndirib.
          Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olundu.

Keçidlər