Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2017-ci ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib.

13 oktyabr 2017 | 16:00

   13 oktyabr 2017-ci il tarixdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2017-ci ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib.
        Yığıncağın işində Naftalan şəhər İcra Hakimiyyəti başçısı Natiq Aslanov, Şuranın üzvləri, kənd və şəhər nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
         Hesabat yığıncağında çıxış edən Naftalan şəhər İcra Hakimiyyəti başçısı Natiq Aslanov  qeyd etdi ki, son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Naftalanda istər turizm, istərsə də şəhərin infrastrukturunda irimiqyaslı layihələr həyata keçirilmişdir. Şəhərin iqtisadi  və  sosial  həyatında  baş verən müsbət dəyişikliklər özünü statistik göstəricilərdə də əks etdirir.
        2017-ci ilin doqquz ayında ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 54.3  faiz artaraq 15 mln 45  min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 10.5 faiz artaraq 1 mln 502 min manat təşkil etmişdir. Əhaliyə 190.7 min manatlıq nəqliyyat xidməti göstərilmiş, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  ödənişli xidmətlərin həcmi 11 mln 421  min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 17 mln 207 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 278.7 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti  keçən ilin hesabat dövrü ilə müqayisədə 15.7  faiz artaraq 156.4 min  manat  təşkil  etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 921.5 min manat, tikinti-quraşdırma işləri isə 4.8 dəfə artaraq 6 mln 700  min manat təşkil etmişdir. Şəhər büdcəsi yerli mənbələrdən daxil olan gəlirlər hesabına 2 mln 87.6 min manat planlaşdırıldığı halda 2 mln 326  min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 11,4 faiz artıq olmuşdur. Xərclər isə  1 mln 733 min manat olmuşdur.
     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi  tərəfindən 512 ailəyə  ünvanlı  dövlət sosial  yardım və sosial müavinət ödənilmişdir. 27 nəfər əlilə istirahət və müalicə üçün sanatoriya-kurort  yollayışı verilmişdir.  Hesabat dövründə 36 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılmış, ümumilikdə şəhər üzrə 1520 nəfər pensiyaçıya xidmət göstərilmişdir. Proqnoz tapşırıqları 89,9 faiz icra olunmuşdur. Proqnoz tapşırıqların ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olmuşdur ki, bunun da əsas səbəbi 3 hüquqi şəxsin qeydiyyat ünvanını dəyişməsidir.
   Məşğulluq Mərkəzinə müraciət edən 359 nəfər işaxtarandan 216 nəfəri işlə təmin olunmuşdur. Son illər sahibkarlar tərəfindən tikilib istifadəyə verilmiş müasir səviyyəli yeni 3 və 5 ulduzlu müalicə və istirahət mərkəzlərində 900-dən artıq vətəndaş işlə təmin edilmişdir. İşsizliyin azaldılması daim diqqət mərkəzində saxlanılmalıdır. Bu səbəbdən şəhər Məşğulluq mərkəzi ilə  sıx işgüzar əlaqələr qurulmuş  və  bu  istiqamətdə  işlər  davam  etdirilir. 
   Yalnız bu  sahədə    müəyyən  çatışmazlıqlar mövcuddur. Belə ki, bəzi hallarda mövcud vakant iş yerlərinin vaxtlı-vaxtında təqdim olunmasında müəyyən çətinliklər yaranır. Bu isə öz növbəsində işaxtaran vətəndaşların işlə təmin olunmasına mənfi təsir göstərir. Buna görə də  şəhərin idarə, müəssisə rəhbərlərinin bu işə daha məsuliyyətlə yanaşmaları tövsiyyə edilir.
       İctimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir. Təhsil müəssisələrinə diqqət nəzarətdə saxlanılmış, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür. 
   Naftalan şəhər İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, 2016-2017-ci tədris ilində Naftalan şəhərinin ümumtəhsil məktəblərinin 11-ci sinfini 62 şagird bitirmiş, həmin məzunlardan 28-i respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Naftalandan bu il ali təhsil müəssisələrinə qəbulolma göstəricisi 46 faiz olub. Bu, ötən tədris ili ilə  müqayisədə 6 faiz çoxdur. Hazırda yeni tədris ilinin başlanğıcıdır. Naftalan şəhəri üzrə  yeni tədris ilində I sinifə  qəbul olan uşaqların sayı 160-olmuş, onlardan 20-si xüsusi istedada malik uşaqlardır. Təhsil işçilərini 2017-2018-ci dərs ilinin başlanması münasibətilə təbrik etdi və yeni dərs ilində təhsil işçilərinə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər dilədi.
   Hesabat dövründə mühüm tarixi hadisələrə, bayramlara  həsr olunmuş tədbirlər əhatə və təsir dairəsinə görə fərqlənmişdir. Bayram günlərində Naftalan şəhər Uşaq Musiqi məktəbinin müəllim və şagird kollektivi tərəfindən sakinlərin, eləcə də turistlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün konsert proqramları təşkil olunmuşdur.
  Bu dövrdə yeniyetmə və gənclərin sağlamlığının qorunması, idmanın inkişaf etdirilməsi, eləcə şəhər sakinlərinin  idmanla  məşğulluğunun  təmin  edilməsi  istiqamətində müəyyən işlər görülmüşdür. Şəhərdə ayrı-ayrı idman növləri üzrə müxtəlif yaş qrupları arasında idman yarışları keçirilmiş, bu dövrdə şəhərimizin gənc idmançıları müxtəlif respublika və zona  turnirlərində uğurlu çıxışlar etmişlər.
Ümumilikdə gənclər və idman sahəsi üzrə şəhərdə keçirilmiş 36-a yaxın müxtəlif tədbir və idman yarışlarında 1000 nəfərdən artıq  yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.
    Səhiyyə müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə müntəzəm nəzarət edilməsi istiqamətində bir sıra zəruri tədbirlər görülmüşdür. Hesabat dövründə 396 nəfər imtiyazlı xəstə hər ay güzəştli dərman preparatları ilə təmin edilmişdir. Təcili Tibbi yardım məntəqəsində  doqquz ay ərzində 1374 çağırış qeydə alınmış,  tibb işçiləri tərəfindən onlara  vaxtında tibbi yardım göstərilmişdir. Əhaliyə göstərilən tibbi xidmətin yeni tələblər səviyyəsinə çatdırılması məqsədilə şəhərdə yeni xəstəxananın tikintisi işləri hesabat dövründə davam etdirilmişdir. Hazırda 5 mərtəbədən ibarət olacaq xəstəxana binasında üst mərtəbələrin tikintisi işləri aparılır.
   Şəhərdə  aparılan geniş quruculuq və abadlıq işləri cari ilin doqquz ayı ərzində də davam etdirilmişdir. Çoxmənzilli yaşayış binalarının qarşısında salınan mini istirahət parklarında və piyada yollarının kənarında 600-ə yaxın eldar şamı və 1000-dən artıq çinar ağacı əkilmişdir. II mikrorayonun ərazisində asfalt örtüyünün üst qatı qaşınaraq düzlənmiş, köhnə yol  daşları sökülüb yenisi ilə əvəz olunmuşdur. 3350 p/m uzunluğunda yeni yol daşı düzülmüş və  yeni asfalt  örtüyü döşənmişdir. Binaların qarşısında avtonəqliyyat vasitələrinin maneəsiz şəkildə dayanması məqsədilə  xüsusi yerlər düzəldilmişdir. Piyadalar üçün mövcud səkilər təmir edilmişdir. 8  beşmərtəbəli yaşayış binasının blokları əsaslı təmir olunmuş, suvaq və rəngləmə işləri aparılmışdır. Pilləkən və məhəccərlər  təmir edilmişdir. Qeyd olunan işlər mərhələli şəkildə şəhərin digər binalarında  da aparılacaqdır.
   Payız-qış mövsümünə hazırlıq işlərinə yay aylarından başlanılmış, bununla əlaqədar  şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən 2017-2018-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Naftalan İstilik İstismarı sahəsinin balansında olan 3 qazanxananın hər birində cari profilaktiki təmir işləri aparılmış, qazanlar, çirktutanlar, çənlər açılaraq yuyulub təmizlənmiş və qazanxanalar qışa hazır vəziyyətə gətirilmişdir.
  Hazırda çoxmənzilli yaşayış binalarının dam örtüklərində zəruri tədbirlər həyata keçirilir, sıradan çıxmış yağış suları axıdılan navalçalar yenilənir. Həmçinin şəhərdaxili yağış su barmaqlıqları təmizlənməsi işləri davam etdirilir.
Hesabat dövründə 10 mərtəbəli, 42 otaqdan ibarət yeni “Avtovağzal Otel” kompleksində və  əsaslı təmir və yenidənqurma işləri  aparılan 10 mərtəbəli Naftalan mehmanxanasında tikinti işləri davam etdirilmişdir. Əlillərin Regional Bərpa Mərkəzində aparılan tikinti işləri gecikdirilməklə icra olunmuşdur. 
  Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Dövlətimizin  başçısı ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi şəxsən diqqətdə saxlayır. Bütün bunlar  bizi  daha böyük uğurlara ruhlandırır. Çünki bu gün Naftalan şəhəri nəinki ölkəmizdə, eləcə də yaxın və uzaq xaricdə məşhurlaşdırmışdır. Məhz bunun nəticəsidir ki, 2017-ci ilin doqquz  ayında burada dincələn və müalicə olunan turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 faiz çox olmuşdur.  Belə ki, 2017-cı ilin hesabat dövründə  Naftalanın turizm obyektlərində 27 min 402 turist qeydə alınmışdır ki, bunun da 6538 nəfəri dünyanın 60-dək ölkəsindən gələn vətəndaşlardır. 
   2017-ci ilin ötən dövründə Şəhər Polis şöbəsi ictimai asayişin mühafizəsində, təhlükəsizliyin təmin edilməsində, hüquqpozmalara və cinayətkarlığa qarşı mübarizədə və axtarışda olan şəxslərin tutulmasında ardıcıl işlər görmüşlər. Doqquz ayda şəhər Polis şöbəsində 21  cinayət hadisəsi qeydə alınmış və cinayətlərin açılması 95  faiz təmin edilmişdir. 2 ağır və xüsusilə ağır cinayət hadisəsi qeydə alınmışdır.
      Naftalan şəhər İcra Hakimiyyəti başçısı Natiq Aslanov çıxışına yekun vuraraq qeyd etdi ki, cənab Prezidentin  öz  çıxışlarında  qeyd  etdiyi  kimi  hər  bir  dövlət  məmuru - biz  hər  birimiz  xalqın xidmətçisiyik,  xalqın  və dövlətin  mənafeyi  uğrunda  çalışırıq.  Bu  baxımdan    sahibkarların,  iş  adamlarının  fəaliyyəti üçün əlverişli şərait yaradılması, şəhərimizə yeni investorların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması bütün dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmalıdır və biz bu istiqamətdə öz fəaliyyətimizi quracagıq.
Şəhər İcra Hakimiyyətinin başçısı Naftalana göstərdiyi diqqət və qayğıya görə naftalanlılar adından Prezident cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
       Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2017-ci ilin ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələrə  dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında şəhər Təhsil şöbəsinin müdiri əvəzi Rəna Dəmirova və şəhər Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev  çıxış etdilər.

Keçidlər