Naftalan - dünyanın unikal sağlamlıq turizmi məkanı
Həm müalicəvi neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan yüksək təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib.
Burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay aylarında, hətta soyuq qış fəslində də şəhərə gələn turistlərin sayının sürətlə artmasına səbəb olub. Qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb, konsert proqramları, musiqili əyləncəli tədbirlər təşkil edilir.
Ölkə başçısının tapşırığına uyğun olaraq Naftalanda turizm sahəsində aparılan islahatlar şəhəri nəinki ölkəmizdə, eləcə də yaxın və uzaq xaricdə məşhurlaşdırmışdır. Məhz bunun nəticəsidir ki, 2017-ci ilin səkkiz ayında burada dincələn və müalicə olunan turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çox olmuşdur. Belə ki, 2017-cı ilin səkkiz ayında Naftalanın turizm obyektlərində 22 min 721 turist qeydə alınıb ki, bunun da 5481 nəfəri dünyanın 60-dək ölkəsindən xarici vətəndaşlardır. Xarici ölkələrdən gələnlərin sayı da 2016-cı ilin müvafiq dövrünə nisbətdə 43 faiz artmışdır. Məlumat üçün bildiririk ki, 2016-cı ilin səkkiz ayında şəhərə 3118 nəfər əcnəbi turist gəlmişdir.
Naftalana gələn xarici turistlərin əksəriyyəti Rusiya, Qazaxıstan, Qırğızıstan Özbəkistan və Ukraynadandır. Bundan başqa Türkiyə, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Meksika, Hindistan, Polşa, İtaliya, Şimali Koreya, ABŞ, Kanada və s. ölkələrdən gələnlər olmuşdur.
Ümumilikdə son illərin statistikası onu göstərir ki, naftalan nefti ilə müalicə olunmaq və ya istirahət etmək üçün Naftalana üz tutanların sayı ildən-ilə artır. Hazırda demək olar ki, şəhərin bütün sanatoriyaları, istirahət və müalicə mərkəzləri turistlərlə doludur.
Qeyd edək ki, hazırda şəhərdə 3 və 5 ulduzlu 10 sanatoriya, turizm-istirahət obyekti fəaliyyət göstərir. Bu turizm obyektlərində gün ərzində 2200 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.