Naftalan şəhərində 2017-ci ilin birinci yarısının yekunları müzakirə olundu.
02.08.2017-ci il tarixdə Naftalan şəhər İcra Hakimiyyətində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu.
02 avqust 2017-ci il tarixində Naftalan şəhər İcra Hakimiyyətinin 2017-ci ilin birinci yarısında şəhərin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Naftalan şəhər İcra Hakimiyyəti başçısı Natiq Aslanov, Şuranın üzvləri, kənd və şəhər nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Hesabat yığıncağında çıxış edən Naftalan şəhər İcra Hakimiyyəti başçısı Natiq Aslanov qeyd etdi ki,ölkəmizdə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri kurort şəhəri olan Naftalanda da yüksək templə davam edir. Bu, özünü həm 2017-ci ilin birinci yarısının statistik göstəricilərində göstərir, eyni zamanda, biz bu müsbət dəyişiklikləri gündəlik həyatda da görürük.
2017-ci ilin birinci yarısında ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 74,1 faiz artaraq 10 mln 300 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 6,4 faiz artaraq 1 mln 57 min manat təşkil etmişdir. Əhaliyə 150,4 min manatlıq nəqliyyat xidməti göstərilmiş, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan ödənişli xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz artaraq 6 mln 168 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 9 mln 456 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 274,2 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti 18,5 faiz artaraq 103,1 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 794 min manat, tikinti-quraşdırma işləri isə 5,8 dəfə artaraq 5 mln 104 min manat təşkil etmişdir.
Əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 530 ailəyə ünvanlı dövlət sosial yardım və sosial müavinət ödənilmişdir. Mərkəzin sosial xidmət işçiləri tərəfindən 48 nəfər tənha ahıl və əlil vətəndaşa evlərində müvafiq xidmətlər göstərilmişdir. 15 nəfər əlilə istirahət və müalicə üçün sanatoriya-kurort yollayışı verilmişdir.
Altı ay ərzində 36 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılmış, ümumilikdə şəhər üzrə 1520 nəfər pensiyaçıya xidmət göstərilmişdir. Sığorta edənlərdən daxilolma 422 min manat təşkil etmiş, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 37,7 min manat vəsait daxil olmuşdur. Proqnoz tapşırıqları 85 faiz icra olunmuşdur.
2017-ci ilin yanvar-fevral aylarında nazirlik və komitələr tərəfindən 176 yeni iş yeri açılmış və şəhər əhalisi bu işlərə cəlb olunmuşdur. Onlardan 16 nəfəri şəhərin beşmərtəbəli yaşayış binalarının giriş və mərtəbələrinin təmiri işlərinə, 106 nəfəri isə abadlıq, təmizlik və yaşıllaşdırma işlərinə cəlb edilmişdir. Ötən dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq 2 nəfər işaxtaran aztəminatlı vətəndaşa iri və xırda buynuzlu mal-qara verilərək özünüməşğulluğa cəlb ounmuşdur. Burada əsas məqsəd ona yönlənib ki, həmin vətəndaşlar öz ailələri üçün uğurlu biznes qura bilsinlər.
Hesabat dövründə 10 mərtəbəli, 42 otaqdan ibarət yeni “Avtovağzal Otel” kompleksində tikinti işləri davam etdirilmişdir. Şəhərdə əsaslı təmirinə başlanılmış Əlillərin Regional Bərpa Mərkəzində aparılan tikinti işləri gecikdirilməklə icra olunmuşdur. Həmçinin əhaliyə göstərilən tibbi xidmətin yeni tələblər səviyyəsinə çatdırılması məqsədilə yeni xəstəxananın tikintisi işləri davam etdirilmişdir. 5 mərtəbədən ibarət olacaq xəstəxana 65 çarpayı üçün nəzərdə tutulub. Artıq binada üst mərtəbələrin tikintisi işləri aparılır.
Son illər həm Naftalanın beynəlxalq səviyyəli sanatoriya kurort mərkəzinə çevrilməsi məqsədi ilə kompleks işlər həyata keçirilib, həm də şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılıb, geniş quruculuq və abadlıq işlərinə başlanılıb və hazırda da bu işlər davam etdirilir.
2017-ci ilin ötən dövrü ərzində II mikrorayonun ərazisində 3350 p/m uzunluğunda yeni yol daşı düzülmüş və 15000 m²-dən artıq yeni asfalt örtüyü döşənmişdir. Binaların qarşısında avtonəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz şəkildə dayanması məqsədilə xüsusi yerlər düzəldilmişdir. Çoxmənzilli yaşayış binalarının girişlərində aparılan təmir işləri hesabat dövründə davam etdirilmişdir. Bu dövrdə 5 beşmərtəbəli yaşayış binalarının blokları əsaslı təmir olunmuş, suvaq və rəngləmə işləri aparılmışdır. Qeyd olunan işlər mərhələli şəkildə şəhərin digər binalarında da aparılacaqdır.
Məlumdur ki, qeyri-neft sektorunun mühüm inkişaf sahəsi olan turizm şəhər iqtisadiyyatının başlıca sahəsidir.
Dövlətimizin başçısı turizm sahəsinin inkişafı üçün ardıcıl və düşünülmüş tədbirlər həyata keçirir. Bu, biz naftalanlıları daha böyük uğurlara ruhlandırır. Bu gün Naftalan şəhəri həm müalicəvi nefti ilə xəstələrin müalicəsində daha effektiv nəticələr əldə olunmasına, həm də istirahət üçün burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevrilmişdir. 2017-ci ilin birinci yarımilində şəhərə şəfa tapmaq və istirahət etmək məqsədilə üz tutan yerli və xarici turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox olmuşdur. Belə ki, 2017-cı ilin altı ayında Naftalanın turizm obyektlərində 9.5 min turist qeydə alınıb ki, bunun da 4012 nəfəri 50-ə yaxın xarici ölkədən gələn turistlər olmuşdur. “TurStat” analitik agentliyinə istinadən bir məlumatı da qeyd edim ki, Naftalan şəhəri postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort sayılıb.
Eyni zamanda, dövlət başçısının xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və bu sahə üzrə müvafiq tapşırıqlarının icrası ilə bağlı Naftalan neftindən məhsullar hazırlayan yeni fəaliyyətə başlayan “Qətransız Naftalan məlhəmi” MMC-nin istehsal etdiyi məhsulların “Made in Azerbaijan” brendi altında xarici bazarlara ixracı şəhərimizn iqtisadiyyatının inkişafına və Naftalan neftinin tanıdılmasına əlavə təkan verəcəkdir.
Naftalanın dünyada tanınan kurort şəhəri olduğu üçün buraya gələn qonaqlara göstərilən xidmət bundan sonra da yüksək səviyyədə təşkil edilməli, çalışmalıyıq ki, turistləri məmnun edərək turist axınının gücləndirilməsini təmin edək.
Naftalan şəhər İcra Hakimiyyəti başçısı Natiq Aslanov çıxışına yekun vuraraq qeyd etdi ki, Naftalanda aparılan hər bir yenidənqurma və təmir işləri buranı gündən-günə gözəlləşdirib, sakinlərin rahat şəraitini təmin edib, şəhərin isə xarici turistlər arasında şöhrətini daha da artırıb. Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların vaxtında və düzgün icra edilməsi Naftalanı beynəlxalq turizm mərkəzinə çevirib. Qarşıda duran vəzifələr bizə inamla onu deməyə əsas verir ki, 2017-ci il də şəhərimizdə yeni nailiyyətlərlə yadda qalacaq və uğurla başa çatacaqdır.
Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2017-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında şəhər Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev və Naftalan sanatoriya-kurort birliyinin baş həkimi Hatəm Qocayev çıxış etdilər.