Naftalanda mərkəzi küçələrə yeni asfalt örtüyünün vurulması işləri davam etdirilir.
Naftalan şəhərinin mərkəzi küçələrinə yeni asfalt örtüyünün döşənməsi işləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il fevralın 10-da Naftalana növbəti səfəri bu kurort şəhərində həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərinin sürətləndirilməsi baxımından xüsusilə önəmli olmuşdur. Dövlətimizin başçısı həmin tarixdə ictimaiyyət nümayəndələri ilə görüşü zamanı qeyd etmişdir: “Mən artıq tapşırıq vermişəm, “burada nəinki mehmanxanalar tikilməli, bütün şəhər abadlaşmalıdır. Şəhərdəki bütün binalar təmir olunmalıdır, parklar, yeni xiyabanlar salınmalıdır və Naftalan nəinki Azərbaycanda, bütün bölgədə nadir bir gözəllik məkanına çevrilməlidir”.
Ölkə başçısının bu səfərindən sonra Naftalanda bütün sahələrdə canlanma yarandı və bu gün şəhərin siması başdan-başa dəyişmişdir. Həm Naftalanın beynəlxalq səviyyəli sanatoriya kurort mərkəzinə çevrilməsi məqsədi ilə kompleks işlər həyata keçirilmiş, həm də şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılmış, geniş quruculuq və abadlıq işlərinə başlanılmış və hazırda da bu işlər davam etdirilir.
Başlanılan təmir-bərpa işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadı və dam örtükləri əsaslı təmir olunmuş, binadaxili və şəhərdaxili kommunikasiya xətləri yenilənmiş, o cümlədən yeni istilik sistemi quraşdırılmışdır. Yağış suları üçün yeni xətlər çəkilib və yeni yağış barmaqlıqları quraşdıırlıb.
Bu işlərin başa çatması ilə binaların ətrafında, küçələrdə abadlıq və yenidənqurma işləri xüsusi diqqət mərkəzində saxlanılmışdır. Artıq şəhərin bir hissəsində yolların, səkilərin kənarlarına yeni yol və səki daşları düzülmüş, yeni asfalt örtüyü salınmış, mini istirahət parkları və piyada yolları yaradılmışdır. Yeni yaradılan parklarda besetkalar, basketbol, tenis və uşaq oyun meydançaları quraşdırlımışdır. Yaşıllıq salınan əraziyə münbit torpaq daşınmış və yayılmışdır. Binaların qarşısında avtonəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz şəkildə dayanması üçün xüsusi yerlər düzəldilmişdir.
Yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması layihələri digər küçələrdə və çoxmənzilli yaşayış binalarının həyətində həyata keçirilir. İlk olaraq sözügedən ərazidə asfalt örtüyünün üst qatı qaşınaraq düzlənmiş, köhnə səki və yol daşları sökülüb yenisi ilə əvəz olunmuşdur. Hazırda II mikrorayonun ərazisində yeni asfalt örtüyünün döşənməsi işlərini sürətlə həyata keçirilir. Ümumilikdə 65000 kvadratmetr sahəyə asfalt döşənib.
Aparılan quruculuq və abadlıq işləri şəhəri daha da gözəlləşdirir və yerli sakinlərlə yanaşı, şəhərə gələn qonaqlara da xoş ovqat bəxş edir.