Ş.Qurbanov küçəsi 1, 2, 3, 4 və 5 nömrəli çoxmərtəbəli yaşayış binalarında yaşayan sakinlərlə səyyar görüş keçirildi.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov 8 may 2013-cü il tarixdə şəhərin 1, 2, 3, 4, və 5 nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə səyyar görüş keçirdi.
Təşkil olunan səyyari qəbulda şəhər rəhbəri ilə yanaşı, şəhər icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və 20 nəfər şəhər sakini iştirak edirdi.
Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı sakinlərin problemlərini dinlədi.
Qəbula gələn vətəndaşlar yaşadıqları binanın fasadında aparılan yenidənqurma işləri ilə əlaqədar eyvanlarının qapalı qurulmasına, binanın həyətinin işıqlandırılmasına, həmişəyaşıl ağacların əkilməsinə və digər məsələlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov görüşə gələn sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum və binada təmir işləri aparan podratçı təşkilatın rəhbərinə müvafiq tapşırıq verdi. Hər qəbulda olduğu kimi bu dəfə də qarşıya çıxan problemlərin həlli məqsədilə mövcud imkanlardan istifadə olundu.
Daha sonra Şəhər İcra Hakimiyyətinin başçısı şəhərdə aparılan abadlıq işləri ilə yerində tanış oldu və tikintisi aparılan uşaq bağçası-körpələr evinə baş çəkdi.