Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi

27 fevral 2017 | 16:00

27 fevral 2017-ci il tarixdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2016-cı ildə görülmüş işlər və 2017-cı ildə qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.
İclasda şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Millət vəkili Mahir Aslanov və şəhər ictimaiyyətinin nüamayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoymuşlar. Daha Naftalanın sosial-iqtisadi inkişafını əks etdirən stendlərə baxış olub.
Hesabat yığıncağını giriş sözü ilə açan şəhər rəhbəri, bildirib ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində kurort şəhəri olan Naftalanda da hərtərəfli inkişaf üçün mühüm işlər görülmüş, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi sayəsində həm sosial, həm də iqtisadi sahələrdə önəmli nəticələr əldə edilmiş və iqtisadi inkişaf 2016-cı ildə təmin edilmişdir. Həmçinin 2016-cı il şəhərin iqtisadi həyatında uğurlu və önəmli bir il kimi yadda qaldı. Belə ki, 2016-cı ildən Naftalan şəhəri xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına daxil edilmişdir. Buna isə Naftalan öz turizm potensialı, eləcə də dünyada  tanınan kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən gələn gəlirlər hesabına nail olmuşdur.    
        2016-cı ildə şəhər üzrə  ümumi məhsul buraxılışı 18 mln 116.7  min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi keçən illə müqayisədə 16.8 faiz artaraq     1 mln 960.7 min manat təşkil etmişdir. Əhaliyə 299.6 min manatlıq nəqliyyat xidməti göstərilmiş, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  pullu xidmətlərin həcmi 10 mln 700.5  min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin 2.5 faiz artaraq   19 mln 912.8 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 262.1 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti isə 2 faiz artaraq 188.8 min  manat  təşkil  etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı ötən illə müqayisədə    4.7 faiz artaraq 2 mln 73.4 min manat, tikinti sahəsi isə 7 mln 321.7  min manat təşkil etmişdir.
Natiq Aslanov bildirib ki,  ölkə başçısının tapşırığına uyğun regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhər və rayonlarda sosial mənzillərin tikintisinə başlanılacaqdır. O cümlədən Naftalan şəhərində  də sosial mənzillərin inşası nəzərdə tutulmuşdur.
2016-cı ilin fevral ayından ayrı-ayrı sahələr üzrə  149 yeni iş yeri açılmış və 146 nəfər işlə təmin olunmuşdur. Məşğulluq Mərkəzi  tərəfindən 25 nəfərə işsizlik statusu təyin olunmuşdur.  İyun ayında keçirilən  əmək yarmarkasında 30 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunmuşdur. Ötən il ərzində Məşğulluq Mərkəzinə 564 nəfər qeyri-məşğul şəxs müraciət etmiş, onlardan 257 nəfəri ixtisasına və peşəsinə uyğun işlə təmin edilmişdir.     
         Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi, Naftalan şəhərində də bütün sahələrdə müsbət dəyişikliklər əldə edilmişdir. Dövlət Proqramlarına uyğun olaraq şəhərdə istilik, qaz, su-kanalizasiya təchizatının yaxşılaşdırılması sahəsində işlər tam başa çatdırılmışdır. Elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yerüstü elektrik xətləri yeraltı elektrik xətləri ilə əvəz edilmiş, bütün abonentlərə smartkart tipli sayğac quraşdırılmışdır. Lakin, bu sahədə işlər yarımçıq dayandırılmışdır. Buna görə də Elektrik şəbəkəsinin rəhbərliyi “Azərbaycan Respublikası regionlarının  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən şəhərin elektrik təsərrüfatı sahəsində yarımçıq qalmış işlərin həyata keçirilməsi məqsədilə aidiyyəti üzrə müvafiq tədbirlər görməlidir.
Son illər şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılmışdır. Aparılan geniş quruculuq və abadlıq işləri ötən il də davam etdirlimiş və bu işlər əhali tərəfindən rəğbətlə qarşılanmışdır. Həyata keçirilən  tədbirlər nəticəsində vətəndaşların həm kommunal sahədə, həm də ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlər öz həllini tapmışdır. Başlanılan təmir-bərpa işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadı və dam örtükləri əsaslı təmir olunmuş, binadaxili və şəhərdaxili bütün kommunikasiya xətləri yenilənmişdir.
Bu işlərin başa çatması ilə şəhərin estetik gözəlliyinin bərpasına başlanılmışdır. Belə ki, binaların ətrafında, küçələrdə abadlıq və yenidənqurma işləri xüsusi diqqət mərkəzində saxlanılmışdır. Artıq şəhərin bir hissəsində yolların, səkilərin kənarlarına yeni yol və səki daşları düzülmüş, 50000 m2  yeni asfalt örtüyü salınmışdır. Eyni zamanda  sakinlərin və şəhərə gələn qonaqların mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün mini istirahət parkları və piyada yolları yaradılmışdır. Binaların qarşısında söhbətgahlar, basketbol, tennis və uşaq oyun meydançaları quraşdırılmış, binaların həyəti işıqlandırılmışdır. Bunun üçün 31 binanın hər birinə     2-3 ədəd paralel işıq şüaları salan yeni güclü işıqlandırıcı cihaz quraşdırılmışdır. Yaşıllıq salınan  əraziyə münbit torpaq daşınmış və yayılmışdır. Binaların qarşısında ümumilikdə 1000-dən artıq çinar ağacı əkilmişdir. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin müxtəlif yerlərində iməciliklər təşkil edilmiş, iməcilikdə şəhərin tanıtma lövhəsindən başlayaraq boş ərazilərə, şəhərdəki Qələbə parkına 3000-dən artıq eldar şamı əkilmişdir. Bundan başqa müraciət əsasında sahibkara nar bağı salınması üçün 200 ha torpaq sahəsi ayrılmışdır  və yeni salınan bağda 20 nəfər işlə təmin olunmuşdur. Gələcəkdə də Naftalanın kurort iqlimini qorumaq üçün ağac əkini davam etdiriləcəkdir.
Ötən il şəhərin digər küçələrində və çoxmənzilli yaşayış binalarının həyətində abadlıq və yenidənqurma işləri davam etdirilmişdir. İlk olaraq asfalt örtüyünün üst qatı qaşınaraq düzlənmiş, köhnə səki və yol  daşları sökülüb yenisi ilə əvəz olunmuşdur. II mikrorayonun ərazisinə ümumilikdə 3350 p/m uzunluğunda yeni yol daşı düzülmüşdür. Yaxın vaxtlarda yeni asfalt örtüyünün döşənməsinə başlanılacaqdır. Binaların qarşısında avtonəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz şəkildə dayanması məqsədilə  xüsusi yerlər düzəldilmişdir.
2016-cı il ərzində 4 girişli 3 beşmərtəbəli yaşayış binasının blokları əsaslı təmir olunmuş, suvaq və rəngləmə işləri aparılmışdır. Pilləkən və məhəccərlər də  təmir edilmişdir. Qeyd olunan işlər mərhələli şəkildə şəhərin digər 7 binasında da aparılacaqdır.
Ötən il əhalinin fasiləsiz olaraq  içməli su ilə təmin olunması  məqsədilə abonentlərə öncədən ödəmə sistemli smart elektron su sayğaclarının quraşdırılmasına başlanılmış, artıq həyətyanı fərdi yaşayış evlərində bu işlər yekunlaşmışdır. Su və kanalizasiya xətlərində baş vermiş qəza halları qısa müddətdə aradan qaldırılmışdır. İl ərzində istifadə olunan suyun dəyərinin  95 faizi ödənilmişdir. 2016-cı ilin dekabr ayında Naftalan Sukanal idarəsi üçün yeni inzibati bina istifadəyə verilmişdir.
Payız-qış mövsümünə hazırlıq işlərinə yay aylarından başlanılmış, bununla əlaqədar  şəhər İcra Hakimiyyəti başçısı tərəfindən tədbirlər planı təsdiq edilmiş, konkret vəzifələr müəyyənləşdirilərək icra edilmişdir. Naftalan İstilik İstismarı sahəsinin balansında olan bütün qazanxanalarda əvvəlcədən cari profilaktiki təmir işləri aparılmış, qaztənzimləyicilər yenisi ilə əvəzlənmiş, qazanxanaların elektrik sistemi işlək vəziyyətə salınaraq qışa hazır vəziyyətə gətirilmişdir. Noyabr ayının əvvəlindən evlərə baxış keçirilmiş, hidravlik təzyiqlə xətlər yoxlanılmışdır. Hazırda qazanxanalar tam gücü ilə işləyir və əhali qrupu, məktəblər, körpələr evi-uşaq bağçası fasiləsiz olaraq  istiliklə  təmin olunur.    
  Hesabat dövründə 10 mərtəbəli, 42 otaqdan ibarət yeni “Avtovağzal Otel” komleksində tikinti işləri davam etdirilmişdir. Qeyd edim ki, binada avtovağzal kompleksi, ticarət mərkəzləri, otel nömrələri, admistrativ ofis hissə, geniş restoran və mətbəx fəaliyyət göstərəcək.  Avtovağzal kompleksi olan hissəyə isə holl, kassalar, kafe, saxlama kameraları, dükan və sanuzellər daxildir. Restoran və mətbəx II mərtəbədədir. Otel nömrələri 3-cü mərtəbədən başlayacaqdır.
Şəhərdə əsaslı təmirinə başlanılmış Əlillərin Regional Bərpa mərkəzində aparılan tikinti işləri gecikdirilməklə icra olunmuşdur. 
Xüsusilə qeyd olunub ki,  turizm sektoru şəhər iqtisadiyyatının əsas və aparıcı sahəsidir.
Prezident cənab İlham Əliyev 2014-cü ildə Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında ictimaiyyətlə görüşü zamanı qeyd etmişdir ki,  “Naftalanın çox böyük tarixi, şöhrəti var. Biz bu şöhrəti indi bərpa edirik. Sovetlər vaxtında 80 minə qədər turist gəlirdi. Biz son illərdə bu praktikanı bərpa edirik. Bu il 15 minə qədər turistin gəlişi gözlənilir. Hələ ki, biz sovet səviyyəsinə çatmamışıq, ancaq əminəm ki, çatacağıq”.
Bəli, bu gün ölkə başçısının şəhərin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinin  nəticəsində Naftalan nadir müalicəvi xassəli naftalan neftinə, mülayim iqliminə və burada yaradılan müasir turizm infrastrukturuna görə turistləri özünə cəlb edir. Hazırda Naftalanda 3-ü beşulduzlu olmaqla fəaliyyət göstərən 10 kurort-sanatoriya, turizm-istirahət mərkəzində gün ərzində 2100 nəfərə yüksək səviyyədə xidmət göstərmək imkanı vardır.  Bu turizm obyektlərində müalicə və istirahət üçün çox gözəl imkanlar yaradılmış  və müasir səviyyəli əyləncə mərkəzləri fəaliyyət göstərir. Eləcə də, turistlərin marağını nəzərə alaraq onların mənalı istirahəti üçün Azərbaycanın digər bölgələrinə ekskursiyalar  təşkil edilir. Bunun nəticəsidir ki, nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da şəhərə gələn turistlərin sayında artım müşahidə edilmişdir.
Qeyd edilib ki, 2016-cı il son beş ildə turistlərin rekord sayı ilə yadda qalmışdır. Ötən il şəfa tapmaq və istirahət etmək üçün Naftalanın sanatoriya-kurort mərkəzlərinə üz tutan yerli və xarici turistlərin sayı son 5 ildəkindən 4-5 dəfə çox olmuşdur. Belə ki, 2016-cı ildə turizm obyektlərində 25000 turist qeydə alınıb ki, bunun da 5200 nəfəri xarici turistlər olmuşdur. İlk dəfə olaraq Naftalana ərəb turistlərin gəlməsi də müşahidə olunmuşdur. Xarici turistlər arasında Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Ukrayna, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Hindistan, Pakistan, Gürcüstan, Fransa, İtaliya, Estoniya, Kolumbiya, Çexiya, İsveç, Norveç, Çin, Böyük Britaniya, Koreyadan və s. ümumilikdə 54 ölkədən gələn olmuşdur.
  Ötən il ərzində Naftalanda turizm sahəsinin inkişafı ilə bağlı tədbirlər davam etdirilmişdir. Açılışı hesabat dövrünə  təsadüf edən 100 yerlik “Kəpəz” sanatoriyası da bu istiqamətdə həyata keçirilən əsaslı addımlardandır.
Hesabat dövründə Naftalanla qardaşlaşmış şəhərlər arasında əlaqələr davam etdirilmiş, avqust ayında şəhərimizlə qardaşlaşmış Polşa Respublikasının Uneyuv şəhərinin meri Yuzef Kaçmarekinin dəvəti ilə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyəti qardaşlaşmış şəhərlərin nümayəndələrinin ümumi toplantısına qatılmışdır. Bu səfərdən sonra Naftalan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Polşadakı səfrilyinin təşkilatçılığı ilə  “Çinar” və “Qarabağ” istirahət-sağlamlıq mərkəzləri Polşanın paytaxtı Varşava şəhərində 50-dək ölkənin turizm şirkətləri və otellərinin, rəsmi dövlət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin qatıldığı 24-cü “TTWarsaw 2016” səyahət sərgisində iştirak etmişlər. İyirmi minədək insanın iştirak etdiyi sərgidə ziyarətçilərə Naftalan şəhəri, onun unikal müalicəvi əhəmiyyətə malik olan naftalan nefti və bu şəhərdə turizm mərkəzlərinin göstərdikləri xidmətlər haqqında ətraflı məlumat verilmişdir.
Natiq Aslanov 2017-ci ildə qarşıda duran vəzifələr haqqında danışarkən bildirib ki, ölkə başçısının Nazirlər Kabinetinin iclasında turizmin inkişafı ilə bağlı dediyi kimi, 2017-ci il turizmlə bağlı daha da uğurlu olacaq. Bu il daha çox turist gələcək. “ASAN Viza” və digər xidmətlər vasitəsilə turistlər Azərbaycana maneəsiz gələcək. Bizim turizm infrastrukturu da buna hazır olmalıdır.
Naftalanın da dünyada tanınan kurort şəhəri olduğu üçün buraya gələn qonaqlara xidmət yüksək səviyyədə təşkil edilməlidir. Bu səbəbdən də turistlərə yüksək səviyyədə xidmətin təşkili məqsədilə bu sahədə çalışan rəhbərlər işçilərinin fəaliyyətinə nəzarət mexanizmini daha da təkmilləşdirməlidirlər. Turistlərə xidmət göstərən şəxslər onların mənalı istirahəti və müalicəsinin yüksək səviyyədə təmin olunması üçün bütün qüvvələrini səfərbər etməlidirlər. Bir sözlə çalışmalıyıq ki, turistləri məmnun edərək  turist axınının gücləndirilməsini təmin edək.
Şəhərimizdə turizmin inkişafı üçün böyük potensial olduğunu nəzərə alaraq yeni sanatoriya-kurort müəssisələrinin tikintisi üçün yeni investorlar cəlb olunmuş, onların ŞİH-nə təqdim etdikləri layihələrə qanunamüvafiq qaydada baxılır.
Eyni zamanda diqqətinizə çatdırım ki, Azərbaycan Respublikası Prezidentinin  2016-cı il        6 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında  ixtisaslaşmış turizm sənayesinin inkişafına dair  Strateji Yol Xəritəsində Naftalan kurort şəhərinin inkişafı üçün mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunlar aşağıdakılardır: Naftalan nefti əsasında  mövcud və yeni sağlamlıq  məhsullarının təşviqi, Naftalanda turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılması, Bakı və Naftalan arasında sürətli və yüksəkkeyfiyyətli avtobus və qatarların istifadəyə verilməsi.
Natiq Aslanov çıxışının sonunda demişdir ki, 2016-cı il arxada qaldı, ölkə başçısının Naftalan kurort şəhəri ilə bağlı tapşırıqlarının icrası nəticəsində şəhərimizdə əsaslı işlər görülmüş və hazırda da davam etdirilir. Reallaşdırılan hər bir layihə Naftalanın sosial-iqtisadi inkişafına  müsbət təsir göstərməklə əhalinin yaşayış səviyyəsinin yüksəlməsini təmin etmişdir.
Görülən işlər, qarşıda duran vəzifələr deməyə əsas verir ki, 2017-ci il də Naftalan şəhəri üçün uğurlu olacaqdır.
Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov hesabat yığıncağında çıxış edərək 2016-cı il ərzində Naftalanda həm turizmin, həm də ümumilkdə şəhərdə görülmüş işləri, həyata keçirilən layihələri təqdirəlayiq hesab edib. Vəfadar Bağırov ölkə Prezidentinin diqqət və qayğısı sayəsində Naftalan aparılan uğurlu işləri, şəhər rəhbərliyinin təşkilatçılığı və naftalanlıların öz şəhərlərinə olan böyük məhəbbəti kimi dəyərləndirib.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olundu.

 

Keçidlər