Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Naftalanda vətəndaşları qəbul edib.
21 fevral 2017-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Naftalanda Naftalan, Gəncə, Mingəçevir və Yevlax şəhərlərindən, Göygöl, Goranboy, Xocalı, Kəlbəcər, Samux rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda Komitə sədri tərəfindən vətəndaşların fikir və təklifləri dinlənilib. Vətəndaşlar əsasən erkən nikah və boşanmaların yaratdığı problemlər, sağlamlıq imkanı məhdud uşaqların müalicəsi, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma, məşğulluq məsələləri ilə əlaqədar müraciətlər ediblər.
Müraciətlərin bir çoxu elə yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Vətəndaşlar yaradılan şəraitdən razılıq edib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qəbuldan sonra Komitə sədri Hicran Hüseynova Naftalan şəhərinin fəal qadınlarının bir qrupu ilə görüşüb. Görüşdə qadınların təklif və müraciətləri dinlənilib, müzakirələr aparılıb.