Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İ.Nəsimi adına 1 nomrəli tam orta məktəbdə şəhid kapitan Vaqif Bayramovun ad gününə həsr olunmuş tədbir keçirilib.

23 dekabr 2016 | 16:00

         23 dekabr 2016-cı il tarixdə Naftalan şəhər İ.Nəsimi adına 1 nomrəli tam orta məktəbdə şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman idarəsinin və şəhər 1 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə şəhid Bayramov Vaqif Dilqəm oğlunun doğum gününə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının və şəhər Təhsil şöbəsinin nümayəndələri, şəhidin ailə üzvləri, məktəbin müəllim və şagird kollektivi və şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyyəti iştirak ediblər.
        Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Faiq Rüstəmov şəhid Vaqif Dilqəm oğlu Bayramovun mənalı həyat və şərəfli döyüş yolundan danışdı. Faiq Rüstəmov qeyd edib ki, Talış kəndi ərazisindəki adsız yüksəkliklərin alınması uğrunda gedən döyüşlər zamanı şəhid olmuş Naftalan şəhər sakini Bayramov Vaqif Dilqəm oğlu "Hərbi xidmətdə fərqlənməyə” görə 3-cü dərəcəli medalı ilə təltif olunub.
          Naftalan Şəhər İcra Hakimiyyətində baş məsləhətçi-ictimai-siyasi və humanitar məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva qəhrəmanlıq və şəhidlik zirvəsinə gedən yol haqqında danışmış, şəhidlərin xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağını söyləmişdir.
          Çıxışlarda Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdəki şücaətindən fəxarətlə bəhs edilib. Əminliklə bildirilib ki, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı bütün torpaqlarımız tezliklə azad olunacaq.
Qeyd olunub ki, belə tədbirlərin keçirilməsində məqsəd Vətənə xidmət etmiş, şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların indiki və gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.
           Tədbirdə şəhərin tam orta məktəblərinin IX-XI sinif şagirdləri arasında “Şəhidlik zirvəsi” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.
          Şəhid ailələrinin nümayəndələri çıxış edərək şəhidlərin xatirəsini əziz tutduqlarına görə tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər.
          Tədbirdə şəhidin həyatı ilə bağlı videoçarx nümayiş etdirilib və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilmişdir.

 

Keçidlər