Şriftin ölçüsü :

Saytın rəngi :

Polşa mətbuatında Azərbaycanın Naftalan şəhərində neft məhsulları ilə müalicə başlıqlı məqalə dərc olunub.

22 noyabr 2016 | 16:00

Azərbaycanda qədim dövrlərdən başlayaraq müalicə-profilaktik məqsədlərlə mədən sularından, müxtəlif növ neft və vulkanik palçıqlardan geniş istifadə edilir. Azərbaycan əsrlər boyu tarixi “İpək Yolu” vasitəsilə nadir dərman kimi ixrac edilən müalicəvi nefti ilə məşhur olmuşdur. XIX əsrdən etibarən Azərbaycanın müxtəlif guşələrində müalicə əhəmiyyətli təbii resursların elmi tədqiqinə başlanmışdır.
  Azərbaycanın Kiçik Qafqaz zonası əsasən karbon turşulu mineral sularla zəngin balneoloji kurortlarla fərqlənir. Bu zonada nadir təbii müalicə amili kimi tanınan Naftalan nefti mədənləri yerləşir. Naftalan şəhəri unikal müalicəvi əhəmiyyətə malik olan “Naftalan” nefti ilə məşhurdur. Öz unikallığı ilə seçilən Naftalan nefti qədim dövrlərdən başlayaraq istifadə edilir və hazırda il ərzində 20 min insan burada müalicə alır.
  Naftalanın unikallığı və yüksək effektivliyi çoxlu sayda elmi araşdırmalarla və bir neçə xəstəliyin müalicəsinin tətbiqində 100 ildən çox təcrübə ilə təsdiq edilmişdir.
Naftalan nefti açıq qəhvəyi-qonur rəngli, xüsusi aromatik qoxuya malik, yüksək özlülüyə və xüsusi çəkiyə malik mayedir. Sıxlığı 930-960 kq/m³, qaynama temperaturu 220 °C, donma temperaturu -20°C dir, su ilə qarışdırıldıqda davamlı emulsiya əmələ gətirir. Naftalan müalicəvi neftindən 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Unikal müalicəvi əhəmiyyətə malik olan bu neftin dünyada analoqu yoxdur. Naftalan nefti öz müalicəvi əhəmiyyətinə görə 80-85%  effektlik əmsalına sahibdir. Xüsusən Naftalan neftinin hərəkət-istinad, nervoloji, damar, uroloji, ginikoloji və dəri xəstəliklərinin müalicəsində böyük əhəmiyyəti vardır.
  Naftalanda ilk kurort 1933-cü ildən fəaliyyət göstərir. 1938-ci ildə Azərbaycan Elmi-Tədqiqat  Tibbi Bərpa və Təbii amillərlə müalicə institutunda Naftalan eksperimental laboratoriyası yaradılmış, naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanılmışdır. Hazırda Naftalanda 7 otel və sanatoriya fəaliyyət göstərir.
  Bu gün Naftalanı özündə təbii faktorları, kurort təbabətini, Avropa komfortunu, Azərbaycan qonaqpərvərliyini və yollayış qiymətlərinin əlverişliliyini birləşdirən müasir istirahət və müalicə mərkəzidir.

Keçidlər