Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi.

14 oktyabr 2016 | 16:00

   14 oktyabr 2016-cı il tarixdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2016-cıi ilin doqquz ayında  görülmüş işlər və qarşıda duran vəzifələrə  dair hesabat iclası keçirilib. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
         İclasda Naftalan şəhər  İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov  çıxış edərək qeyd etmişdir ki, ölkə başçısı tərəfindən həyata keçirilən tədbirlər  və aparılan islahatlar bütün sahələr kimi turizm sahəsinin inkişafına da böyük təkan vermişdir. O cümlədən dünyada turizmin inkişafı üçün unikal imkanlara malik Naftalan şəhərində son illər yaradılan güclü turizm infrastrukturu artıq bu kurort şəhərini beynəlxalq səviyyədə tanınan istirahət-sağlamlıq mərkəzinə çevirmişdir. Hazırda yeni turizm obyektlərinin tikintisi üçün müvafiq işlər görülür. Sahibkarlıq inkişaf etdikcə yerli büdcəyə daxilolmalar da artmışdır. Naftalan şəhəri öz turizm potensialı, eləcə də dünyada  tanınan kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən gələn gəlirlər hesabına  2016-cı ildən öz xərclərini təmin edən rayon və şəhərlərin sırasına daxil edilmişdir. Yerli gəlirlərin əsas hissəsini isə şəhərdə fəaliyyət göstərən turizm obyektləri tərəfindən ödənilən vergilər təşkil edir.
        Bununla yanaşı şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılmış və ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Naftalan şəhərində də aparılır.
       Şəhər üzrə  ümumi məhsul buraxılışı 8 milyon 796 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı 1 milyon 294  min manat təşkil etmişdir. Əhaliyə 220.1 min manatlıq nəqliyyat xidməti göstərilmiş, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  pullu xidmətlərin həcmi  11 milyon 701 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 14 milyon 900 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 265.2 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti 140.2 min  manat  təşkil  etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 1 milyon 390 min manat, tikinti sahəsinin payı isə 1 milyon 385 min manat olmuşdur.
Doqquz ayda şəhərin gəlirləri 2 milyon 786.9   min manat, xərcləri isə 2 milyon 304.7  min manat olmuşdur. Gəlir üzrə daxilolma nəzərdə tutulduğundan 4.4 faiz artıq olmuşdur.
       Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  müəyyən işlər görülmüş, Dövlət Sosial Müdafə Fondunun şəhər şöbəsi  tərəfindən 613 ailəyə  ünvanlı  dövlət sosial  yardımı və sosial müavinət ödənilmişdir. Bir ailəyə düşən ÜDSY məbləği 145 manat təşkil etmişdir. Cəzaçəkmə müəssisələrindən azad olunmuş  8 nəfərə və 10 çernobıl  əlilinə birdəfəlik müavinət verilmişdir. Mərkəzin sosial xidmət işçiləri tərəfindən 48 nəfər tənha ahıl və  əlil vətəndaşa evlərində müvafiq xidmətlər göstərilmişdir.  17  nəfər II qrup əlilə istirahət və müalicə üçün sanatoriya-kurort  yollayışı verilmişdir. Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 nəfər şəhid ailəsinə fərdi yaşayış evi inşa edilmişdir.  
     Hesabat dövründə 53 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılmış, ümumilikdə şəhər üzrə 1457 nəfər pensiyaçıya xidmət göstərilmişdir. Sığorta edənlərdən daxilolma 852.9 min manat təşkil etmiş, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 38.2 min manat vəsait daxil olmuşdur. Proqnoz tapşırıqları 74.4 faiz icra olunmuşdur.  Pensiya, müavinət və sosial yardımlar vaxtlı-vaxtında ödənilməklə 2 mln 402 min manat vəsait xərclənmiş, əhaliyə pensiya və müavinət  ödənişi üzrə borc qalmamışdır. Eyni zamanda ölkə başçısının tapşırığına uyğun regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhər və rayonlarda sosial mənzillərin tikintisinə başlanılacaqdır. O cümlədən Naftalan şəhərində  də sosial mənzilin inşası nəzərdə tutulmuşdur. Həmçinin bu ilin fevral ayından ayrı-ayrı sahələr üzrə  149 yeni iş yeri açılmış və 146 nəfər işlə təmin olunmuşdur. Məşğulluq Mərkəzi  tərəfindən 22 nəfərə işsizlik statusu təyin olunmuşdur.  İyun ayında keçirilən  əmək yarmarkasında 30 nəfər işaxtaran vətəndaş daimi işlə təmin edilmişdir. Ötən dövr ərzində Məşğulluq Mərkəzinə 512 nəfər qeyri-məşğul şəxs müraciət etmiş, onlardan 240 nəfəri ixtisasına və peşəsinə uyğun işlə təmin edilmişdir. İşsizliyin azaldılması daim diqqət mərkəzində saxlanılmalıdır. Bu səbəbdən də Məşğulluq Mərkəzi idarə, müəssisə və təşkilatlarla  daha sıx işgüzar əlaqələr qurmalı, idarə, müəssisə və təşkilatlar da boş iş yerləri haqqında məlumatları müntəzəm olaraq Mərkəzə təqdim etməlidirlər. Eyni zamanda Məşğulluq Mərkəzi vətəndaşlara vakant iş yerlərinə göndəriş verdikdə uzun müddət qeydiyyatda olan vətəndaşları nəzərə almalı, birinci növbədə onlara iş yerləri təklif etməlidir. Bu gün də işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması məqsədilə sahibkarlarla birgə əlavə tədbirlər görülür. Şəhərdə turizmin inkişafı üçün böyük potensial olduğunu nəzərə alaraq yeni sanatoriya-kurort müəssisələrinin tikintisi üçün investorlar cəlb olunmuş, hazırda onların ŞİH-nə təqdim etdikləri layihələrə qanunamüvafiq qaydada baxılır.
     Həmçinin şəhər əhalisinin və şəhərin ərazisində fəaliyyət göstərən sahibkarları narahat edən problemlərin aradan qaldırlması və operativ qaydada həlli məqsədilə ŞİH başçısının müvafiq sərəncamı ilə 8 nəfərdən ibarət xüsusi qərargah yaradılmış və qaynar xətt xidməti təşkil olunmuşdur. Qərargaha bugünədək müraciət daxil olmamışdır. Eləcə də sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə baxılması məqsədi ilə Naftalan şəhər İcra Hakimiyyəti başçısının müvafiq  sərəncamı ilə ŞİH-də fəaliyyət göstərən Apellyasiya Şurası yaradılmışdır. Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılması və  qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə iclaslar təşkil olunmuşdur. Əmək qabiliyyətli hər bir şəhər sakini və sahibkar qanunla nəzərdə tutulmuş şəkildə öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək azad sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarların mənafeyinin müdafiə edilməsinin nəticəsidir ki, ötən dövr ərzində Apellyasiya Şurasına heç bir müraciət daxil olmamışdır.
           Dövlət xidmətlərinin vətəndaşlara daha rahat və  yeni üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunması məqsədilə mart-aprel aylarında Naftalan şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin Gəncə “Səyyar ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən 2500-dən çox vətəndaşa  səyyar formada xidmət göstərilmişdir. Cari ilin noyabr ayının əvvəlində bu xidmətlərdən vətəndaşların təkrar olaraq istifadə etmələri nəzərdə tutulub.
           İctimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə də xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir. Şəhər İcra Hakimiyyəti tərəfindən məktəblərdə davamiyyətə və dərs prosesinin gedişatına mütəmadi olaraq nəzarət edilir. Tam orta məktəblərdə yeni dərs ili ilə əlaqədar məktəblərin maddi-texniki bazası gücləndirilmiş, 2016-2017-ci tədris iində 321 adda 6935 ədəd kitab məktəblilərə və müəllimlərə paylanmışdır. Ümumtəhsil məktəblərinin I sinifinə 171 uşaq qəbul olunmuşdur. Onlardan 27-si “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na uyğun olaraq vaxtından əvvəl  I sinifə qəbul olunmuşdur.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilmiş növbəti maarifləndirici tur-aksiyada   İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə Naftalan məktəbliləri də iştirak etmiş, ekskursiya zamanı onlar istirahət etməklə yanaşı, regionların tarixi, mədəniyyəti və sosial-iqtisadi inkişafı ilə tanış olmuşlar.
     Naftalan  şəhər  İ.Nəsimi adına 1 nömrəli  tam  orta  məktəbin  şagirdi  Bakıda keçirilmiş “Kitabi-Dədə Qorqud” və “Fridrix fon Dits-200” mövzusunda beynəlxalq şagird konfransında  fəal iştirakına görə Bilik Fondu tərəfindən müxtəlif dərəcəli mükafatlarla təltif olunmuşdur. Həmçinin Təhsil Nazirliyi tərəfindən keçirilmiş Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində yaxşı nəticə göstərərək II dərəcəli diplomla təltif edilmiş şagirdlərdən biri də Naftalan məktəbinin yetirməsidir.
    Əldə olunmuş uğurlara baxmayaraq 2015-2016-cı tədris ilində XI sinif şagirdləri üzrə buraxılış və ali məktəblərə qəbul  imtahanlarının nəticələri ötən tədris ili ilə müqayisədə aşağı səviyyədədir və bu bizi narahat edir.  Buna görə də Təhsil şöbəsinin rəhbərliyi ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə ciddi  tədbirlər həyata keçirməlidir.
Həmçinin məktəbəqədər yaşlı uşaqların sayının çox, lakin 280 nəfər uşağın bağçaya cəlb olunma imkanı olduğundan şəhərdə yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə də ehtiyac vardır. Bununla əlaqədar Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti orqanlara müraciət edilmişdir.
     Şəhər əhalisinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra zəruri tədbirlər görülmüş, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılmış və heç bir yoluxucu xəstəlik qeydə alınmamışdır. Xəstəxana tərəfindən ümumilikdə 352 nəfər imtiyazlı şəxs pulsuz dərman preparatları ilə təmin olunmuşdur. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də əhalinin tibbi müayinədən keçirilməsinin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımı avadanlıqlarla təchiz olunmuşdur. Xəstəxanaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərilməsi  məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Sağlamlıq aksiyasının mütəşəkkil keçirilməsi məqsədilə ətraf rayonlardan peşəkar həkimlər də cəlb olunmuşdur. Fevral-may aylarında 7020 nəfərin müayinələrdən keçməsi təmin olunmuş, müayinələr zamanı xəstəlik aşkar edilən vətəndaşlardan 358 nəfərinə ambulator, 85 nəfərinə isə stasionar müalicə təyin olunmuş,  2 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir. İyul ayında  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının təşəbbüsü ilə  talassemiyadan əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasında 60 nəfərdən qan analizi götürülmüşdür
     Hesabat dövründə şəhərin mədəni həyatı da zənginləşmişdir. Xüsusən mühüm tarixi hadisələrə, bayramlara  həsr olunmuş tədbirlər əhatə və təsir dairəsinə görə fərqlənmişdir. Naftalan şəhər Uşaq Musiqi məktəbinin müəllim və şagird kollektivi tərəfindən bayram günlərində şəhər sakinlərinin, eləcə də istirahət və müalicəyə gələn qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün konsert proqramları təşkil olunmuşdur. Şəkidə keçirilən Beynəlxalq şirniyyat festivalında  ən yaxşı qənnadı məmulatı nominasiyası üzrə Naftalan qənnadçıları ikinci yeri tutmuşlar. Naftalan şəhər  uşaq musiqi məktəbinin  fortepiano  şöbəsinin  şagirdi  aprel ayında  keçirilən  Qara Qarayev  adına  “Təhlil  və  ifa edir  gənc  musiqiçilər” III Respublika Elmi-İfaçılıq Müsabiqəsində  uğurlu çıxışına görə “III  Respublika müsabiqəsi  laureatı”  adına  layiq  görülmüşdür.
Hazırda şəhər mədəniyyət müəssisələri şəraiti olmayan uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir ki, bu da  mədəniyyət sahəsinin inkişafına mane olur. Bu səbəbdən, eləcə də Naftalanın turizm bölgəsi olmasını nəzərə alaraq şəhərdə yeni mədəniyyət obyektlərinin tikintisinə  ehtiyac vardır. Qeyd olunanları nəzərə alaraq şəhər İcra Hakimiyyəti tərəfindən müavafiq tədbirlər görülmüş və inanırıq ki, yaxın gələcəkdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq  bu məsələ  öz həllini tapacaqdır.
2016-cı ilin ötən dövrü ərzində yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi də diqqət mərkəzində olmuşdur. Gənclər və İdman  idarəsi tərəfindən idmanın inkişaf etdirilməsi və  gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görülmüşdür. Şəhərdə ayrı-ayrı idman növləri üzrə müxtəlif yaş qrupları arasında idman yarışları keçirilmiş və bu dövrdə şəhərimizin gənc idmançıları müxtəlif respublika və zona  turnirlərində uğurlu çıxışlar etmişlər. Naftalan şəhər Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman məktəbinin          2 tələbəsi Respublika Olimpiya İdman Liseyinə qəbul olunmuşlar.
Nazirlər Kabinetinin iclaslarında Prezident cənab İlham Əliyev istehlak qiymətlərinə ciddi nəzarət etməyi tapşırmış və bildirmişdir ki, süni bahalaşma hallarına yol verilməməli,  burada çox ciddi cəza tədbirləri görülməlidir.  Ölkə başçısının bu istiqamətdə tapşırıqlarının icrasını təmin etmək məqsədilə  Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Naftalan şəhəri üzrə istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımı cəhdlərinin qarşısının alınması məqsədilə yaradılmış komissiya tərəfindən şəhərdəki ticarət obyektlərində, pərakəndə satış mağazalarında və mərkəzi bazarda reydlər keçirilmiş, sahibkarlara, həmçinin satış üzrə digər məsul şəxslərə ərzaq məhsullarının qiymətlərinin qanunamüvafiq qaydada tənzimlənməsinə riayət olunması, süni qiymət artımına yol verilməməsi ilə bağlı maarifləndirici izahat işləri aparılmış, onlara sahibkar olaraq məsuliyyət daşıdıqları bildirilmişdir. Bu məsləyə  bundan sonra da ciddi nəzarət  ediləcəkdir.
     2016-cı ilin doqquz ayında  şəhər Polis şöbəsi tərəfindən müxtəlif xarakterli 17 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 95 % təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 cinayət faktı çox olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı  Dövlət Proqramlarına uyğun olaraq şəhərdə tikinti, abadlıq və quruculuq, infrastruktur layihələrin yenilənməsi sahələrində aparılan işlər hesabat dövründə də davam etdirilmişdir.
     Şəhərdə istilik, qaz, su-kanalizasiya təchizatının yaxşılaşdırılması sahələrində işlər tam başa çatdırılmışdır. Elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yerüstü elektrik xətləri yeraltı elektrik xətləri ilə əvəz edilmiş, bütün abonentlərə smartkart tipli sayğac quraşdırılmışdır. Lakin, bu sahədə işlər yarımçıq dayandırılmışdır. Bunu nəzərə alaraq şəhər Elektrik şəbəkəsinin rəhbərliyi elektrik təsərrüfatı sahəsindəki yarımçıq qalmış işlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə müvafiq tədbirlər görməlidir.
          Əhalinin fasiləsiz olaraq  su ilə təmin olunması  məqsədilə abonentlərə öncədən ödəmə sistemli smart elektron su sayğaclarının quraşdırılmasına başlanılmış, artıq həyətyanı fərdi yaşayış evlərində bu işlər yekunlaşmışdır. 2016-cı ilin mart ayından tikintisinə start verilən Naftalan Sukanal idarəsi üçün yeni inzibati binada tikinti işləri davam etdirilir. Doqquz ayda istifadə olunan suyun dəyərinin  95 faizi ödənilmişdir.
          Bu dövrdə şəhər ərazisində yeni qazlaşma, təmir-bərpa və əsaslı təmir işləri davam etdirilmişdir. Qaz təchizatının yaxşılaşdırılması məqsədilə bütün istehlakçıların təbii qazla təmin olunması, təbii qazdan təhlükəsiz istifadə olunması və satılmış qazın dəyərinin tam ödənilməsi təmin edilmişdir. Hər bir abonent “Təbii qazdan təhlükəsiz istifadə qaydaları” ilə tanış edilərək təlimatlandırılmışdır. 2016-cı ilin ötən dövründə istifadə olunan qazın dəyərinin ödənilməsi  106 faiz olmuşdur.
         Rabitə xidmətinin yaxşılaşdırılması məqsədi Qurban Namazəliyev adına yaşayış məhəlləsinin telefonlaşdırılması üçün yeni 256 nömrəlik DS-200 tipli stansiya quraşdırılmış, hazırda xətt təsərrüfatının genişləndirilməsi işləri aparılır. Şəhərdə 3 beşmərtəbəli yaşayış binasının bloklarında təmir işləri aparılan zaman rabitə xətləri və paylayıcı qutular  yenilənərək borularla çəkilmişdir. Binaların zirzəmisində aparılan təmizlik işləri davam etdirilmişdir.
          Şəhərin bir hissəsində yolların asfaltlanması, binaların həyətlərinin abadlaşdırılması işləri başa çatdırılmışdır. Yaxın vaxtlarda digər küçə və yollarda bu işlər davam etdiriləcəkdir. İlkin olaraq artıq köhnə bordürlərin sökülməsi və yeniləri ilə əvəz edilməsi işlərinə başlanılmışdır.
3 beşmərtəbəli yaşayış binasının giriş və mərtəbələrinin təmiri işləri yekunlaşmışdır. Bloklarda aparılan təmir işləri mərhələli şəkildə digər binalarda da aparılacaqdır.
Hesabat dövründə Yeni Avtovağzal Otel Kompleksində tikinti işləri davam etdirilmişdir. Tikinti başa çatdıqdan sonra burada   40 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulmuşdur.
Məlumdur ki, şəhər xəstəxanası uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Lakin, ölkə başçısının Sərəncamına əsasən  əhaliyə göstərilən tibbi xidmətin yeni tələblər səviyyəsinə çatdırılması məqsədilə şəhərdə yeni xəstəxananın tikintisinə başlanılmışdır. Bu ilin ötən dövründə xəstəxana da tikinti  işləri gecikdirilməklə icra olunmuşdur. Həmçinin şəhər Əlillərin Regional Bərpa mərkəzində tikinti işləri gecikdirilməklə icra olunmuşdur.
        Payız-qış mövsümünə hazırlıq işlərinə yay aylarından başlanılmış, bununla əlaqədar  şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən tədbirlər planı təsdiq edilmiş, konkret vəzifələr müəyyənləşdirilərək icra edilmişdir. Naftalan İstilik İstismarı sahəsinin balansında olan bütün qazanxanalarda cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilmişdir.
     Şəhər icra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin müxtəlif yerlərində iməcliklər təşkil edilmiş, İməclikdə şəhərin tanıtma lövhəsindən başlayaraq boş ərazilərə, şəhərdəki Qələbə parkına 2000-dən artıq eldar şamı əkilmişdir. Gələcəkdə də Naftalanın kurort iqlimini qorumaq üçün ağac əkini davam etdiriləcəkdir.
Qeyd etdiyimiz kimi turizm şəhər iqtisadiyyatının əsasını təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində Naftalan şəhəri son illər intensiv inkişaf mərhələsinə qədəm qoymuş və sözün əsl mənasında yeniləşməkdədir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunmuş konfransda dövlət başçısının qeyd etdiyi kimi, “Naftalanın keçmiş şöhrəti bərpa edilir. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün  bunu beynəlxalq turizm mərkəzinə çeviririk”. 
       Hazırda da dünyanın unikal şəhərlərindən biri olan Naftalanın yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı işlər davam etdirilir. Açılışı hesabat dövrünə  təsadüf edən 100 yerlik “Kəpəz” sanatoriyası da bu istiqamətdə həyata keçirilən əsaslı addımlardandır. Son illərdə müasir səviyyəli komplekslərin sayının çoxalması Naftalanın  iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də şəhərə gələn turistlərin sayının artmasına səbəb olmuşdur. Bu gün Naftalanda 3-ü beşulduzlu olmaqla fəaliyyət göstərən 10 kurort-sanatoriya, turizm-istirahət mərkəzində gün ərzində 2100 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək imkanı vardır.  Bu turizm obyektlərində müalicə və istirahət üçün çox gözəl imkanlar yaradılmış və turistlərin marağını nəzərə alaraq onların mənalı istirahəti üçün Azərbaycanın digər bölgələrinə ekskursiyalar və s təşkil edilir. Bundan başqa şəhərimizin turizm potensialının tanıdılması, o cümlədən  ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunması məqsədilə 50-dək yerli turizm şirkətinin və media nümayəndələrinin iştirakı ilə “Chinar Hotel & SPA Naftalan” sağlamlıq və istirahət mərkəzində infotur təşkil olunmuşdur.  Eləcə də, sanatoriyalarda müasir səviyyəli əyləncə mərkləzləri fəaliyyət göstərir. Hazırda da turistlərin sayında artım müşahidə olunmaqdadır.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin doqquz ayında şəhərə gələn turistlərin sayı 15 faiz artmışdır. Bu dövrdə 17200 nəfərə yaxın yerli və xarici turist      Naftalanda dincəlmiş və sağlamlığını bərpa etmişdir.  Onlardan 3700-ü xarici dövlətlərdən gələnlərdir.
     Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar qrafikə uyğun səyyari görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. 2016-cı ilin doqquz ayında şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən yerlərdə keçirilmiş 17 səyyari qəbulda 45 nəfər müraciət etmişdir. Müraciətlərin 24-ü icra olunaraq vətəndaşların tələbi təmin edilmiş, 20 müraciətlə bağlı isə müvafiq izahat və tədbir görülməsi üçün aidiyyəti xidməti təşkilatlarına tapşırıqlar verilmiş, 1 müraciət əsassız sayılmışdır. Vətəndaşların  şəhər   İcra Hakimiyyəti aparatında  qəbulu və səyyari  görüşlər  zamanı verilən  hər bir  tapşırığın  icrasına  ciddi nəzarət  edilmiş, hər bir vətəndaşın müraciətinə müəyyən edilmiş müddətdə baxılması, araşdırılması və onlara rəsmi məlumat verilməsinə ciddi nəzarət edilmişdir.
   Ölkə başçısının tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşü ənənə halını alıb. Hesabat dövründə Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, İqtisadiyyat naziri Şahin Mustafayev, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, Təhsil naziri Mikayıl Cabbarov,  Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Nəqliyyat naziri Ziya Məmmədov şəhər ictimaiyyəti ilə görüşmüşlər.
Məlumdur ki, Respublika Prezidenti cənab İlham Əliyevin  xüsusi Sərəncamına əsasən  2016-cı ili “Multikulturalizm ili” elan edilmişdir. Bu gün multikulturalizmlə bağlı meyllərin gücləndirilməsi üçün ölkəmizdə bütün zəruri tədbirlər həyata keçirilir. Bu il Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev  Ramazan bayramı münasibətilə Naftalan  şəhərinə səfər etmiş, Cümə  məscidində olmuş, dindarlarla  söhbət etmiş, onlara mültikulturalizmlə bağlı kitablar və jurnallar təqdim etmişdir.
          Bildiyiniz kimi İşğalçı ermənilərin xalqımıza, tarixi torpaqlarımıza qarşı yürütdüyü təxribatlar  davam etməkdədir. Aprel  hadisələri bunu bir daha təsdiq etdi.  Aprel ayında bədnam qonşumuz Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş növbəti təxribatın qarşısı alınan zaman ordumuzun əsgər və zabitləri qəhrəmanlıq göstərmiş, bir neçə strateji yüksəkliklər və ərazilərimizin bir hissəsi geri qaytarılmışdır. Bu döyüşlərdə şəhərimiz də qəhrəman övladını itirmiş və o böyüyüb boya-başa çatdığı Naftalan  şəhərində minlərlə insanın iştirakı ilə  izdihamla son mənzilə yola salmışdır. Ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən şəhidimizin göstərdiyi qəhrəmanlıq yüksək qiymətləndirilmiş, kapitan Bayramov Vaqif Dilqəm oğlu  "Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı"  ilə mükafatlandırılmışdır. Allahdan şəhidimizə rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Cənab Prezidentimizin də qeyd etdiyi kimi, bu münaqişənin həllinin başqa yolları yoxdur. Dağlıq Qarabağ bizim ayrılmaz torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik.
Hesabat dövrünə təsadüf edən və ölkəmiz üçün əhəmiyyətli olan məsələlərdən biri də sentyabr ayının 26-da keçirilən ümumxalq səsəverməsi-referendum olmuşdur. Ölkəmizin hər yerində olduğu kimi Naftalan şəhərində də ədalətli, tam şəffaf şəkildə keçirilmiş və naftalanlılar birmənalı olaraq bu referenduma hə deyərək  ölkə başçısının ətrafında birləşməklə onun siyasi kursunu dəstəklədiklərini bir daha nümayiş etdilər. Bu, onunla əlaqədardır ki,  Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər zamanın tələbinə cavab verir,  ölkəmizin və xalqımızın gələcək rifahına xidmət edir. Şəhərin 5 məntəqəsi üzrə 5499 seçicidən 3875 nəfəri səsvermədə iştirak etmişdir. Bu da ümumi seçici sayının 70.4 %-ni təşkil edir.
       Naftalan şəhər İcra Hakimyyəti başçısı Natiq Aslanov çıxışına yekun vuraraq qeyd etmişdir ki, Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində kurort şəhəri Naftalanın sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması və s. istiqamətdə ilin doqquz ayında görülmüş işlər gələcəkdə uğurla davam etdiriləcəkdir. 
       Şəhər İcra Hakimiyyəti başçısının hesabat məruzəsi ətrafında  Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov çıxış etmişdir.

Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2016-cı ilin doqquz ayında  görülmüş işlər və qarşıda duran vəzifələrə dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında Naftalan şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fazil İsmayılov və Naftalan şəhər Təhsil şöbəsinin müdiri əvəzi R.Dəmirova  çıxış etdilər.

Keçidlər