Nəqliyyat naziri Naftalanda vətəndaşları qəbul edib.
07.10.2016-cı il tarixdə nəqliyyat naziri Ziya Məmmədov Naftalan şəhər Heydər Əliyev Mərkəzində Goranboy, Tərtər rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşları qəbul edərək onların müraciət, şikayət və təkliflərini dinləyib.
Vətəndaşların müraciətlərinə əsasən, Goranboy-Tapqaraqoyunlu yeni marşrut xəttinin açılması, Goranboy-Goran stansiyası yeni marşrut xəttinin açılması, eləcə də Goranboy-Xanqərvənd yeni marşrut xəttinin açılması təklif olunub.
Eyni zamanda, Tərtər avtovağzalının yaxınlığında qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi, Naftalan - Səfikürd avtomobil yolunun ( 5 km ) təmiri üçün müraciətinin müvafiq quruma göndərilməsi, Naftalan-Bakı-Naftalan və Naftalan-Gəncə-Naftalan marşrut xəttlərində işləyən avtobusların yeniləri ilə əvəz olunması xahiş olunub.
Tərtər rayonunun nəqliyyat - yol kompleksində və görülmüş digər işlərlə əlaqədar minnətdarlıq ifadə olunub. Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.