Cari ilin avqust ayı Naftalana son beş ilin ən çox turist axını olan ayı olmuşdur.
Prezident cənab İlham Əliyev 2014-cü ilin oktyabr ayında Naftalanda "Qarabağ SPA and Resort" otel kompleksinin açılışı mərasimində qeyd etmişdir: bu otel ölkəmizdə turizmin inkişafı üçün öz rolunu oynayacaq: "Çox şadam ki, Naftalanda otellərin sayı artır. Bu vaxta qədər Naftalanda tikilən bütün yeni otellərin açılışlarında şəxsən iştirak etmişəm - "Çinar" oteli, "Qaşaltı", indi də "Qarabağ" oteli. Naftalanın çox böyük tarixi, şöhrəti var. Biz bu şöhrəti indi bərpa edirik.
Hazırda da dünyanın unikal şəhərlərindən biri olan Naftalanın yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı işlər davam etdirilir. Açılışı 2016-cı ilin may ayına təsadüf edən 100 yerlik “Kəpəz” sanatoriyası da bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir.
Son illərdə müasir səviyyəli komplekslərin sayının çoxalması Naftalanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də şəhərə gələn turistlərin sayının artmasına səbəb olmuşdur. Bu gün şəhərdə irili-xırdalı 10 turizm-obyektində 2100 turistə yüksək səviyyədə xidmət göstərmək imkanı vardır. Həmin obyektlərdən 3-ü beşulduzlu müalicə və istirahət mərkəzidir.
Cari ilin avqust ayında bu otellərdə 3600-ə yaxın yerli və xarici turist dincəlib və sağlamlığını bərpa edib. Bu da son beş ilin aylarına nisbətdə ən yüksək göstərici olub.