Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 2016-cı ilin birinci yarısının yekunları müzakirə olundu.

03 avqust 2016 | 16:00

   03 avqust 2016-cı il tarixində Naftalan şəhər İcra Hakimiyyətinin 2016-cı ilin birinci yarısında şəhərin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
          Yığıncağın işində Naftalan şəhər İcra Hakimiyyəti başçısı cənab Natiq Aslanov, Şuranın üzvləri, kənd və şəhər nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Hesabat yığıncağında ilk öncə çıxış edən Naftalan şəhər İcra Hakimiyyəti başçısı cənab Natiq Aslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 iyul 2016-cı il tarixli iclasında cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərini vurğuladı.
          Qeyd edilib ki, son dövrlərdə həyata keçirilmiş layihələr nəticəsində Naftalan nəinki ölkədə, eləcə də dünyada tanınan müasir kurort-sanatoriya mərkəzinə çevrilməkdədir. Burada istifadəyə verilən müasir səviyyəli istirahət-sağlamlıq mərkəzləri, yaradılan yeni infrastruktur şəhərə böyük uğur gətirir. Bu  uğurların nəticəsidir ki, 2016-cı ildən Naftalan şəhəri xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına daxil edilmişdir. Buna isə Naftalan öz turizm potensialı, eləcə də dünyada  tanınan kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən gələn gəlirlər hesabına nail olmuşdur.
Şəhər üzrə  ümumi məhsul buraxılışı 5 milyon 698 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı 901.6 min manat təşkil etmişdir. Əhaliyə 87.6 min manatlıq nəqliyyat xidməti göstərilmiş, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  pullu xidmətlərin həcmi  4 milyon 312 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 8 milyon 200 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 273.6 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti 87 min  manat  təşkil  etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 835.6 min manat, tikinti sahəsinin payı isə 875.1 min manat olmuşdur.
Altı ayda şəhərin gəlirləri 1 mln 723.2  min manat, xərcləri isə 1 mln 459.2  min manat olmuşdur. Gəlir üzrə daxil olma 1 mln 680 min manat planlaşdırıldığı halda 1 mln 723.2 min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 2.6 faiz artıq olmuşdur.
          Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  müəyyən işlər görülmüş, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 26 ailəyə  ünvanlı  dövlət sosial  yardım  təyin edilmiş və ödənilmişdir. Bir ailəyə düşən yardımın məbləği 145 manat təşkil etmişdir. Cəzaçəkmə müəssisələrindən azad olunmuş 7 nəfərə və 10 çernobıl  əlilinə birdəfəlik müavinət verilmişdir. Mərkəzin sosial xidmət işçiləri tərəfindən 47 nəfər tənha ahıl və  əlil vətəndaşa evlərində müvafiq xidmətlər göstərilmişdir. 9 nəfər II qrup işləməyən əlilə istirahət və müalicə üçün sanatoriya-kurort  yollayışı verilmişdir. Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 nəfər şəhid ailəsinə fərdi yaşayış evi inşa edilmişdir. Eyni zamanda ölkə başçısının tapşırığına uyğun regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhər və rayonlarda sosial mənzillərin tikintisinə başlanılacaqdır. Naftalan şəhərində  də sosial mənzilin inşası nəzərdə tutulub.
          Hesabat dövründə 36 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılmış, ümumilikdə şəhər üzrə 1473 nəfər pensiyaçıya xidmət göstərilmişdir. Sığorta edənlərdən daxilolma 563.9 min manat təşkil etmiş, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 22.9 min manat vəsait daxil olmuşdur. Proqnoz tapşırıqları 84.4 faiz icra olunmuşdur. Pensiya, müavinət və sosial yardımlar vaxtlı-vaxtında ödənilməklə 1 mln 598.4 min manat vəsait xərclənmiş, əhaliyə pensiya və müavinət  ödənişi üzrə borc qalmamışdır.
Cari ilin fevral ayından nazirlik və komitələr tərəfindən 149 yeni iş yeri açılmış və 146 nəfər işlə təmin olunmuşdur. Onlardan 15  nəfəri suvaqçı və rəngsazdır ki, bunlarda  şəhərin 3 beşmərtəbəli yaşayış binasının giriş və mərtəbələrinin təmiri işlərinə cəlb olunmuşdur. Bloklarda aparılan təmir işləri mərhələli şəkildə digər binalarda da aparılacaqdır.
Yeni inşa olunan Avtovağzal Otel Kompleksində aparılan tikinti işlərində hazırda 30 nəfər çalışır və tikinti başa çatdıqdan sonra burada   40 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulmuşdur.
Məşğulluq Mərkəzi  tərəfindən 19 nəfərə işsizlik statusu təyin olunmuşdur.  İyun ayında keçirilən  əmək yarmarkasında 30 nəfər işaxtaran daimi işlə təmin edilmişdir. İşsizliyin azaldılması daim diqqət mərkəzində saxlanılmalıdır. Bu səbəbdən də Məşğulluq Mərkəzi idarə, müəssisə və təşkilatlarla  daha sıx işgüzar əlaqələr qurmalı, idarə, müəssisə və təşkilatlar da boş iş yerləri haqqında məlumatları müntəzəm olaraq Mərkəzə təqdim etməlidirlər. Eyni zamanda Məşğulluq Mərkəzi vətəndaşlara vakant iş yerlərinə göndəriş verdikdə uzun müddət qeydiyyatda olan vətəndaşları nəzərə almalı, birinci növbədə onlara iş yerləri təklif etməlidir.
           İctimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir. Ötən dövrdə təhsil müəssisələrinə nəzarət və metodiki köməklik göstərilməsinə diqqət artırılmış, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür. Şəhər İcra Hakimiyyəti tərəfindən məktəblərdə davamiyyətə və dərs prosesinin gedişatına mütəmadi olaraq nəzarət edilmişdir. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilmiş növbəti maarifləndirici tur-aksiyada   İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə Naftalan məktəbliləri də iştirak etmiş, ekskursiya zamanı onlar istirahət etməklə yanaşı, regionların tarixi, mədəniyyəti və sosial-iqtisadi inkişafı ilə tanış olmuşlar.
   Naftalan  şəhər  İ.Nəsimi adına 1 nömrəli  tam  orta  məktəbin  şagirdi  Bakıda keçirilmiş “Kitabi-Dədə Qorqud” və “Fridrix fon Dits-200” mövzusunda beynəlxalq şagird konfransında  fəal iştirakına görə Bilik Fondu tərəfindən müxtəlif dərəcəli mükafatlarla təltif olunmuşdur. Həmçinin Təhsil Nazirliyi tərəfindən keçirilmiş Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində yaxşı nəticə göstərərək II dərəcəli diplomla təltif edilmiş şagirdlərdən biri də Naftalan məktəbinin yetirməsidir.
Əldə olunmuş uğurlara baxmayaraq 2015-2016-cı tədris ilində XI sinif şagirdləri üzrə buraxılış imtahanlarının nəticələri ötən tədris ili ilə müqayisədə çox aşağı səviyyədədir və bizi çox narahat edir.  Buna görə də Təhsil şöbəsinin rəhbərliyi ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə ciddi  tədbirlər həyata keçirməlidir.
Həmçinin məktəbəqədər yaşlı uşaqların sayının çox, lakin  yalnız 280 nəfər uşağın bağçaya cəlb olunma imkanı olduğundan şəhərdə yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə də ehtiyac vardır. Bununla əlaqədar Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti orqanlara müraciət edilmişdir.
Əhalinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra zəruri tədbirlər görülmüş, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılmış və heç bir yoluxucu xəstəlik qeydə alınmamışdır. Xəstəxana tərəfindən ümumilikdə 342 nəfər imtiyazlı şəxs pulsuz dərman preparatları ilə təmin olunmuşdur. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də əhalinin tibbi müayinədən keçirilməsinin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımı avadanlıqlarla təchiz olunmuşdur. Xəstəxanaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərilməsi  məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Sağlamlıq aksiyasının mütəşəkkil keçirilməsi məqsədilə ətraf rayonlardan peşəkar həkimlər də cəlb olunmuşdur. Fevral-may aylarında 7020 nəfərin müayinələrdən keçməsi təmin olunmuş, müayinələr zamanı xəstəlik aşkar edilən vətəndaşlardan 358 nəfərinə ambulator, 85 nəfərinə isə stasionar müalicə təyin olunmuş,  2 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
  Məlumdur ki, şəhər xəstəxanası uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Lakin, ölkə başçısının Sərəncamına əsasən  əhaliyə göstərilən tibbi xidmətin yeni tələblər səviyyəsinə çatdırılması məqsədilə hazırda şəhərdə yeni xəstəxananın tikintisi işləri davam etdirilir.
Hesabat dövründə şəhərin mədəni həyatı da zənginləşmişdir. Xüsusən mühüm tarixi hadisələrə, bayramlara  həsr olunmuş tədbirlər əhatə və təsir dairəsinə görə fərqlənmişdir. Naftalan şəhər Uşaq Musiqi məktəbinin müəllim və şagird kollektivi tərəfindən bayram günlərində şəhər sakinlərinin, eləcə də istirahət və müalicəyə gələn qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün konsert proqramları təşkil olunmuşdur. Şəkidə keçirilən Beynəlxalq şirniyyat festivalında  ən yaxşı qənnadı məmulatı nominasiyası üzrə Naftalan qənnadçıları ikinci yeri tutmuşlar. Naftalan şəhər  uşaq musiqi məktəbinin  fortepiano  şöbəsinin  şagirdi  aprel ayında  keçirilən  Qara Qarayev  adına  “Təhlil  və  ifa edir  gənc  musiqiçilər” III Respublika Elmi-İfaçılıq Müsabiqəsində  uğurlu çıxışına görə “III  Respublika müsabiqəsi  laureatı”  adına  layiq  görülmüşdür.
Hazırda şəhər mədəniyyət müəssisələri şəraiti olmayan uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir ki, bu da  mədəniyyət sahəsinin inkişafına mane olur. Bu səbəbdən, eləcə də Naftalanın turizm bölgəsi olmasını nəzərə alaraq şəhərdə yeni mədəniyyət obyektlərinin tikintisinə  ehtiyac vardır. Qeyd olunanları nəzərə alaraq şəhər İcra Hakimiyyəti tərəfindən müavafiq tədbirlər görülmüş və inanırıq ki, yaxın vaxtlarda regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq  bu məsələ  öz həllini tapacaqdır.
2016-cı ilin ötən dövrü ərzində yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi də diqqət mərkəzində olmuşdur. Gənclər və İdman  idarəsi tərəfindən idmanın inkişaf etdirilməsi və  gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görülmüşdür. Şəhərdə ayrı-ayrı idman növləri üzrə müxtəlif yaş qrupları arasında idman yarışları keçirilmiş və bu dövrdə şəhərimizin gənc idmançıları müxtəlif respublika və zona  turnirlərində uğurlu çıxışlar etmişlər.
2016-cı ilin birinci yarısında  şəhər Polis şöbəsi tərəfindən müxtəlif xarakterli 14 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 94,4 % təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin birinci yarısında 2 cinayət faktı çox olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı  Dövlət Proqramlarına uyğun olaraq şəhərdə istilik, qaz, su-kanalizasiya təchizatının yaxşılaşdırılması sahələrində işlər tam başa çatdırılmışdır. Elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yerüstü elektrik xətləri yeraltı elektrik xətləri ilə əvəz edilmiş, bütün abonentlərə smartkart tipli sayğac quraşdırılmışdır. Lakin, bu sahədə işlər yarımçıq dayandırılmışdır. Bunu nəzərə alaraq şəhər Elektrik şəbəkəsinin rəhbərliyi elektrik təsərrüfatı sahəsindəki yarımçıq qalmış işlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə müvafiq tədbirlər görməlidir.
          Əhalinin fasiləsiz olaraq  su ilə təmin olunması  məqsədilə abonentlərə öncədən ödəmə sistemli smart elektron su sayğaclarının quraşdırılmasına başlanılmış, artıq həyətyanı fərdi yaşayış evlərində bu işlər yekunlaşmışdır. 2016-cı ilin mart ayından Naftalan Sukanal idarəsi üçün inzibati binanın tikintisinə start verilmişdir. 2 mərtəbədən ibarət olacaq binanın ərazisində iki ədəd 60 m³-lik su çəni,   bir kombi və gözətçi otağının tikintisi  nəzərdə tutulub. Hazırda qeyd edilən qurğuların dəmir beton işləri tamamlanmışdır. Altı ayda istifadə olunan suyun dəyərinin  88 faizi ödənilmişdir.
          Bu dövrdə şəhər ərazisində yeni qazlaşma, təmir-bərpa və əsaslı təmir işləri davam etdirilmişdir. Qaz təchizatının yaxşılaşdırılması məqsədilə bütün istehlakçıların təbii qazla təmin olunması, təbii qazdan təhlükəsiz istifadə olunması və satılmış qazın dəyərinin tam ödənilməsi təmin edilmişdir. Hər bir abonent “Təbii qazdan təhlükəsiz istifadə qaydaları” ilə tanış edilərək təlimatlandırılmışdır. 2016-cı ilin ötən dövründə istifadə olunan qazın dəyərinin ödənilməsi     96.2 faiz olmuşdur.
         Rabitə xidmətinin yaxşılaşdırılması məqsədi Qurban Namazəliyev adına yaşayış məhəlləsinin telefonlaşdırılması məqsədi ilə yeni 256 nömrəlik DS-200 tipli stansiya quraşdırılmışdır. Şəhərdə 3 beşmərtəbəli yaşayış binasının bloklarında təmir işləri aparılan zaman rabitə xətləri və paylayıcı qutular  yenilənərək borularla çəkilmişdir. Binaların zirzəmisində aparılan təmizlik işləri davam etdirilmişdir.
          Şəhərin bir hissəsində yolların asfaltlanması, binaların həyətlərinin abadlaşdırılması işləri başa çatdırılmışdır. Yaxın vaxtlarda digər küçə və yollarda bu işlər davam etdiriləcəkdir.
Qış mövsümündə qazanxanalar tam gücü ilə işləmiş, əhali, məktəblər, körpələr evi-uşaq bağçası fasiləsiz olaraq  istiliklə  təmin olunmuşdur. Hazırda payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar tədbirlər planı hazırlanır.
  Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin müxtəlif yerlərində iməcliklər təşkil edilmiş, İməclikdə şəhərin tanıtma lövhəsindən başlayaraq boş ərazilərə, şəhərdəki Qələbə parkına 500-dən artıq eldar şamı əkilmişdir. Gələcəkdə də Naftalanın kurort iqlimini qorumaq üçün ağac əkini davam etdiriləcəkdir.
Bildiyiniz kimi, turizm şəhər iqtisadiyyatının əsas və aparıcı sahəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində təbii unikal müalicəvi əhəmiyyətə malik naftalan nefti ilə məhşur olan Naftalan şəhəri son illər intensiv inkişaf mərhələsinə qədəm qoymuş və sözün əsl mənasında yeniləşməkdədir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunmuş konfransda dövlət başçısının qeyd etdiyi kimi, “Naftalanın keçmiş şöhrəti bərpa edilir. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün  bunu beynəlxalq turizm mərkəzinə çeviririk”. 
Hazırda da dünyanın unikal şəhərlərindən biri olan Naftalanın yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı işlər davam etdirilir. Açılışı hesabat dövrünə  təsadüf edən 100 yerlik “Kəpəz” sanatoriyası da bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Son illərdə müasir səviyyəli komplekslərin sayının çoxalması Naftalanın  iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də şəhərə gələn turistlərin sayının artmasına zəmin yaradır. Bu gün Naftalanda ümumilikdə fəaliyyət göstərən 10 turizm obyektində gün ərzində 2100 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək imkanı vardır.  Bu turizm obyektlərində müalicə və istirahət üçün çox gözəl imkanlar yaradılmış və turistlərin marağını nəzərə alaraq onların mənalı istirahəti üçün Azərbaycanın digər bölgələrinə ekskursiyalar və s təşkil edilir. Bundan başqa şəhərimizin turizm potensialının tanıdılması, o cümlədən  ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunması  məqsədilə   50-dək yerli turizm şirkətinin və media nümayəndələrinin iştirakı ilə “Chinar Hotel & SPA Naftalan” sağlamlıq və istirahət mərkəzində infotur təşkil olunmuşdur.  Eləcə də, sanatoriyalarda müasir səviyyəli əyləncə mərkləzləri fəaliyyət göstərir. Hazırda da turistlərin sayında artım müşahidə olunmaqdadır.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin altı ayında şəhərə gələn turistlərin sayı 15 faiz artaraq 7000 nəfərə çatmışdır. Onlardan 1550-i xarici ölkələrdən gələn turistlər olmuşdur.
Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar qrafikə uyğun səyyari görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. 2016-cı ilin birinci yarısında şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən yerlərdə keçirilmiş 12 səyyari qəbulda 31 nəfər müraciət etmişdir. Müraciətlərin 9-u icra olunaraq vətəndaşların tələbi təmin edilmiş, 22 müraciətlə bağlı isə müvafiq tədbir görülməsi üçün aidiyyəti xidməti təşkilatlarına tapşırıqlar verilmişdir. Vətəndaşların  şəhər   İcra Hakimiyyəti aparatında  qəbulu və səyyari  görüşlər  zamanı verilən  hər bir  tapşırığın  icrasına  ciddi nəzarət  edilmiş, hər bir vətəndaşın müraciətinə müəyyən edilmiş müddətdə baxılması, araşdırılması və onlara rəsmi məlumat verilməsinə ciddi nəzarət edilmişdir.
Diqqətə çatdılıb ki, işğalçı ermənilərin xalqımıza, tarixi torpaqlarımıza qarşı yürütdüyü təxribatlar  davam etməkdədir. Aprel  hadisələri bunu bir daha təsdiq etdi.  Aprel ayında bədnam qonşumuz Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş növbəti təxribatın qarşısı alınan zaman ordumuzun əsgər və zabitləri qəhrəmanlıq göstərmiş, bir neçə strateji yüksəkliklər və ərazilərimizin bir hissəsi geri qaytarılmışdır. Bu döyüşlərdə şəhərimiz də qəhrəman övladını itirmiş və o böyüyüb boya-başa çatdığı Naftalan  şəhərində minlərlə insanın iştirakı ilə  izdihamla son mənzilə yola salmışdır. Ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən şəhidimizin göstərdiyi qəhrəmanlıq yüksək qiymətləndirilmiş, kapitan Bayramov Vaqif Dilqəm oğlu  "Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı"  ilə mükafatlandırılmışdır. Allahdan şəhidimizə rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Cənab Prezidentimizin də qeyd etdiyi ki, bu münaqişənin həllinin başqa yolları yoxdur. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir.
Məruzə ətrafında şəhər Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev bu dövrdə görülmüş işlərdən danışıb.Tədbirə yekun vuran Natiq Aslanov qarşıda duran vəzifələrlə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verib.

Keçidlər