“Chinar Hotel & SPA Naftalan” sağlamlıq və istirahət mərkəzinə infotur
“AtaTravel”, “Synergy Group” və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının birgə təşkilatçılığı ilə “Chinar Hotel & SPA Naftalan” sağlamlıq və istirahət mərkəzinə ikigünlük infotur təşkil olunub.
50-dək yerli turizm şirkətinin və media nümayəndələrinin iştirak etdikləri infoturun keçirilməsində əsas məqsəd “Chinar Hotel & SPA Naftalan”ın turizm potensialının tanıdılması və ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunmasıdır.
Tədbir iştirakçıları əvvəlcə “Chinar Hotel & SPA Naftalan” sağlamlıq və istirahət mərkəzi ilə tanış olublar. “Chinar Hotel & SPA Naftalan”ın meneceri Turqay Arı və baş həkimi Xurşud Namazəliyeva buranın fəaliyyət istiqaməti və müalicəsi barədə məlumat veriblər. Bildirilib ki, 2011-ci ildən yeni təmirdən çıxmaqla fəaliyyətə başlayan mərkəz otel və tibb bölməsindən ibarətdir. Orta hesabla ildə 10 min turist qəbul edir. Naftalan neftindən 77-dən çox xəstəliyin müalicəsində, o cümlədən sümük əzələ sistemi, dəri, ginekoloji, damar, mədə-bağırsaq, nevroloji, stomatoloji və digər xəstəliklərin müalicəsində istifadə olunur. Vannada istilik 37-38 dərəcədir. Vanna qəbulunun müddəti 8-10 dəqiqədir. İlk vannalar günaşırı təyin olunur. Qalan vannalar 2-3 gün, bir gün istirahət günü olmaqla qəbul edilir. Müalicə kursu 10-12 vanna təşkil edir. Naftalan müalicəsinin təsiri müalicədən sonraki 1,5–2 ay ərzində davam edir və bundan sonra stabil effekt alınır. Naftalan vannaları üçün nativ (təbii) naftalandan istifadə olunur.
Mərkəz daha çox turist cəlb etmək üçün xüsusi paketlər təklif edir. İki həftəlik paket müalicə ilə yanaşı, gündə 3 dəfə yemək də daxil olmaqla 59 manat təşkil edir.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev turizm təşkilatları və media qurumları arasında yaranan peşəkar əlaqələrin turizmin təbliğinə və inkişafına öz töhfəsini verdiyini deyib. O qeyd edib ki, turizm sənayesinin daha da inkişafı, rəqabətədavamlı turizm sisteminin qurulması məqsədilə turizm haqqında yeni qanun qəbul olunacaq.
“Avropa, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstanda Naftalanın turizm imkanlarının tanıdılması baxımından mühüm işlər görülüb. Qərb, Türkiyə və Körfəz ölkələrində də Naftalanın tanıdılması üçün tədbirlər gücləndirilir. Bu sahədə yol xəritəsinin hazırlanması turizmin ən azı 15 illik inkişafını müəyyən edəcək. Bu sahəni inkişaf etdirməklə bağlı təkliflər sırasında 1,5 faizdən çox olmayan uzunmüddətli güzəştlərin tətbiqi məqsədəuyğun olardı. Turizm sahəsində yeni innovativ imkanlarla yeni markalanma həyata keçirməliyik, ölkəmizin turizm istiqamətlərini dünyada tanıtdırmalıyıq”, - deyə R.Quliyev bildirib.
İnfoturun sonuncu günü tədbir iştirakçıları Naftalanda Heydər Əliyev Mərkəzi və parkı ilə tanış olublar.