Naftalanda 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilib.
23 iyun 2016-cı il tarixdə Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar “Narkomaniya və onun fəsadları” mövzusunda maarifləndirici tədbir təşkil edildi.
Şəhər İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi – ictimai-siyasi və humanitar məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı imzalanmışdır. Bu Sərəncamın icrası məqsədilə ötən dövr ərzində şəhərimizdə bir sıra tədbirlər təşkil edilmiş, müzakirələr aparılmışdır. Ümumiyyətlə narkotik vasitələrdən istifadə cox böyük sağlamlıq və sosial problemlərə gətirib çıxarır. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə qarşı profilaktik tədbirlər görmək bizim başlıca vəzifələrimizdən biri olmalıdır.
Daha sonra çıxış edən, şəhər Polis Şöbəsinin əməkdaşı Vasif Quliyev Naftalan şəhərində narkomaniya ilə mübarizə sahəsində cari ilin ötən dövrü ərzində görülmüş işlər barədə məlumat vermişdir.
Sonda müxtəlif narkotik vasitələr və onların sağlamlığa təsiri barədə məlumat verilmiş , video çarx nümayiş olunmuşdur.