Məktəblərdə "Son zəng" çalındı
İyunun 14-də respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərinin ümumtəhsil məktəblərində də sonuncu zəng çalınıb. Məktəblərin "Son zəng" mərasiminə şəhər İcra Hakimiyyətinin və Təhsil şöbəsinin məsul işçiləri də qatılıb. Mərasim Dövlət himninin səsləndirilməsiylə başlayıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarına əsasən məzun günü ilə bağlı təşkil olunan tədbirlər məktəb daxilində keçirilib və mərasimlərdə vətənpərvərliyə, dövlətçiliyə həsr olunan şeirlər səsləndirilib. Tədbirdə iştirak edən Təhsil şöbəsinin rəhbərliyinin, qabaqcıl müəllimlərin, valideynlərin, əlaçı şagirdlərin çıxışları dinlənilib.
Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Son zəngin çalınması musiqi sədaları altında səmaya rəngbərəng şarların buraxılması ilə müşayət olunub. Eyni zamanda ümumşəhər tədbirlərində fəal iştiraklarına və təhsildəki uğurlarına görə bir qrup müəllim və şagird diplom və fəxri fərmanlarla təltif olunub.