28 May - Respublika Günü münasibətilə ümumşəhər tədbiri keçirilib
Naftalan şəhər İcra Hakimiyyətində şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “28 May-Respublika günü”nə həsr edilmiş ümumşəhər tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açaraq bildirib ki, 1918-ci il mayın 28-də Müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk Respublika -Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulub. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin iki anlamı vardır. Birincisi hər tərəfdən düşmən işğalına məruz qalan Azərbaycanın işğalçılardan azad edilməsi və ikincisi Demokratik Cümhuriyyətin elan edilməsidir. Azərbaycan xalq Cümhuriyyəti, Azərbaycan xalqına tariximizdən qalan böyük miras və dəyərdir.
Şəhər rəhbəri qeyd edib ki, bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişaf əsası 98 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətimizin qüdrətinin artırılmasına xidmət edir.
Həmçinin tədbirdə şəhər 2 nömrəli tam orta məktəbin tarix muəllimi Sədrəddin Muradov çıxış edərək “28 may” tarixi haqqında ətraflı məlumat verib.