Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci rübdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar görülmüş işlərə dair geniş hesabat toplantısı keçirilmişdir.

26 aprel 2013 | 15:00

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov: Məlumdur ki, Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir, əhalinin rifahı yüksəlir. Sevindirici haldır ki, inişaf prosesi özünü respublikamızın bütün rayon və şəhərlərində göstərir.
      2013-cü ilin birinci rübündə Naftalan şəhərinin sosial-iqtisadi inkişafının yekunu və qarşıda duran vəzifələr haqqında şəhər ictimaiyyəti nümayəndələri qarşısında hesabat verən şəhər İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov qeyd etmişdir ki, cari ilin  birinci rübündə Naftalan şəhərində  əldə olunan inkişaf göstəricilərinə nəzər salmaqla bunu təsdiq etmək olar.
      Bu ilin birinci rübündə keçən  ilin müvafiq dövrü ilə müqayisədə şəhərdə ümumi daxili məhsulun həcmi 2.3 dəfə artaraq 9183.3  min manat, sənaye məhsulunun həcmi 14 faiz artaraq 422  min manat olmuşdur. Şəhərin nəqliyyat sahəsində görülən işlərin həcmi 82.4 min manat, rabitə sahəsində göstərilən xidmətlər  35 min manat təşkil etmişdir. Əhaliyə 1377.7 min manatlıq pullu xidmətlər göstərilmişdir ki, bu da 2012-ci ilin birinci rübündə göstərilən pullu xidmətin həcmindən 2.4 dəfə çoxdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 3161.4 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 232.8 manat olmuşdur.
     Bu dövrdə şəhərin büdcəsi subsidya ilə birlikdə 1511.65 min manat, xərcləri isə 1310.3  min manat olmuşdur. Yerli mənbələrdən gəlir üzrə daxil olma 517.15  min manat olmuşdur.
      Naftalan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində 26 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyin edilmiş,  ümumilikdə 98 ailəyə 32.95 min manat məbləğində Ünvanlı Dövlət Sosial Yardım ödənilmişdir. 
      Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 13 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyin edilmiş, sığorta edənlərdən rüb ərzində faktiki daxilolma 207.4 min manat olmuşdur. Şöbənin pensiya və müavinətlər üzrə xərci 649.8 min  manat olmuş, əhaliyə pensiya və müavinət  ödənişi üzrə borc qalmamışdır.
       Şəhər Məşğulluq Mərkəzinə müraciət etmiş 36 nəfərdən 20 nəfəri daimi işlə təmin olunmuş, 2 nəfərə işsizlik statusu verilməklə işsizlik müavinəti təyin edilmişdir.
      Natiq Aslanov qeyd etmişdir ki,  Dövlət Proqramının müvafiq bəndlərinin icrası ilə bağlı şəhərin elektrik verilişi şəbəkələrində təmir və yenidənqurma işləri davam etdirilir. Şəhərin ağır problemlərindən olan su və kanalizasiya probleminin həlli məqsədilə şəhərdə 5.9 km uzunluğunda yeni su xəttinin çəkilməsi, ümumi həcmi 6000 m³ (hər birinin kamerası 3000 m³ olmaqla 2 ədəd) olan su anbarının, şəhərdaxili ümumi uzunluğu 33 km olan kanalizasiya şəbəkəsinin və Sukanal idarəsi üçün yeni inzibati binanın  tikintisi işlərinə başlanılmışdır. Bunun da nəticəsində əhali su ilə fasiləsiz olaraq təmin olunacaqdır. Həmçinin şəhərdə mövcud çirkab suların təmizləyici qurğuları da yenidən quraşdırılacaqdır.
       Şəhərdə aparılan tikinti işlərindən məlumat verilərkən qeyd olundu ki, hazırda şəhərdə 280 yerlik körpələr evi-uşaq baxçasının, Heydər Əliyev Mərkəzinin, Qarabağ sanatoriyasının tikintisi işləri davam etdirilir.
      Natiq Aslanov çıxışına davam edərək  “Vətəndaşların  müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının mövcud Qanununun tələblərinin yerinə yetirilməsi, hər bir vətəndaşın müraciətinə müəyyən edilmiş müddətdə baxılması, araşdırılması və onlara vaxtında rəsmi məlumat verilməsi nəticəsində vətəndaşlar tərəfindən şəhər İcra Hakimiyyətinə daxil omuş müraciətlərin sayının keçən ilin müvafiq dövrü ilə müqayisədə 54 faiz azalaraq 31-ə enməsini vurğulamışdır.
      Daha sonra hesabat iştirakçılarına məlumat verildi ki, 20 mart 2013-cü ildə Naftalan şəhərinin müasir tarixində daha bir yeni səhifə açıldı. Belə ki, qeyd olunan tarixdə Naftalan şəhəri Fransa Respublikasının Leql şəhəri ilə yanaşı  İtaliyanın Pozitano şəhəri ilə də əməkdaşlıq imkanlarını müzakirə etmiş və əməkdaşlıq protokolu imzalamışdır. Bütün bunlar şəhərimizin gələcək iqtisadi inkişafı baxımından çox mühüm hadisələrdir.
       Natiq Aslanov çıxışının sonunda demişdir ki, 2013-cü ilin birinci rübü Naftalan şəhəri üçün uğurlu olmuş və bu gün görülən işlər bir daha onu göstərir ki, kurort şəhəri getdikcə daha da gözəlləşəcək, yeni-yeni uğurlara imza atacaqdır.
       Hesabatda Naftalan şəhər Mailiyyə şöbəsinin müdiri Saleh Tağıyev və Naftalan  Telekommunikasiya Qovşağının rəisi Şahin Rüstəmov çıxış etmişlər.

Keçidlər