Naftalanda daha bir turizm obyekti istifadəyə verildi - “Kəpəz”sanatoriyası
Son illərdə Azərbaycana böyük turist axını müşahidə olunmaqdadır. Məhz bu baxımdan respublikamızda turizm sahəsinin daha da inkişafı üçün kompleks tədbirlər görülür. O cümlədən nadir müalicəvi xassəli naftalan nefti ilə məşhur olan Naftalan şəhərinin beynəlxalq səviyyəli turizm mərkəzinə çevrilməsi məqsədilə genişmiqyaslı işlər həyata keçirilir. Ölkə başçısının tapşırığına uyğun Naftalan şəhərində turizm sahəsində aparılmış islahatlar, bu şəhərin nəinki ölkəmizdə, eləcə də yaxın və uzaq xaricdə məşhurlaşdırmışdır. Beynəlxalq səviyyəli istirahət və sağlamlıq mərkəzləri tikilib istifadəyə verilmiş və burada qonaqlara yüksək səviyyəli xidmətlər göstərilir.
Naftalanda yenicə istifadəyə verilən “Kəpəz” sanatoriyası da bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Son illərdə kurort şəhəri Naftalanda istifadəyə verilən müasir istirahət və sağlamlıq mərkəzləri arasında özəlliyi ilə seçilən bu müalicə və istirahət məkanında yaradılan yüksək şərait bir daha təsdiqləyir ki, bu cür komplekslərin sayının çoxalması Naftalanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də şəhərə gələn turistlərin sayının artmasına zəmin yaradır. Müxtəlif korpusları özündə birləşdirən kompleksdə yaradılan ideal şərait bir daha ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən diqqəti nümayiş etdirir.
Orijinal memarlıq üslubunda yaradılan bu gözəl istirahət məkanında turistlərə ən yüksək səviyyədə xidmət göstəriləcək. Yaşıllıqlarla əhatə olunmuş 100 yerlik sanatoriya bütün zəruri avadanlıqla təchiz olunmuşdur. Sanatoriyanın müalicə korpusunda funksional diaqnostika kabinetləri, biokimyəvi labaratoriyalar xidmət göstərir. Digər mühüm cəhət burada onlarla sakinin işlə təmin olunmasıdır.
Məlumat üçün bildiririk ki, Naftalanda artıq 9 turizm obyekti fəaliyyət göstərir ki, burada gün ərzində 2100 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək imkanı vardır.