Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 2016-cı ilin birinci rübünün yekunları müzakirə olundu

14 aprel 2016 | 16:00

İştirakçılar əvvəlcə aprel ayının ilk günlərində erməni təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
        Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında dövlət başçısının respublikamızda görülmüş işləri, əldə olunmuş uğurları və qarşıda duran vəzifələri geniş təhlil etdiyi diqqətə çatdırıb.
        Sonra şəhər icra hakimiyyəti başçısı şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib.
        Şəhər rəhbəri ümumi məhsul buraxılışı ötən ilin birinci rübü ilə müqayisədə bu ilin birinci rübündə 16 faiz artaraq 2 milyon 588 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı 538.3 min manat təşkil etmişdir. Əhaliyə 96.2 min manatlıq nəqliyyat xidməti göstərilmiş, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  pullu xidmətlərin həcmi  1 milyon 424 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 2.1 faiz artaraq 3 milyon 607 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 4.5 faiz artaraq 306 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti isə 47.7 min  manat  təşkil  etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 302.2 min manat, tikinti sahəsinin payı isə 7.1 faiz artaraq 232.9 min manat təşkil etdiyini bildirib.
       Qeyd edilib ki,  ötən ilin iqtisadi göstəricilərini nəzərə alaraq 2016-cı ildən Naftalan şəhəri xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına daxil edilmişdir. Buna isə Naftalan öz turizm potensialı, eləcə də dünyada  tanınan kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən gələn gəlirlər hesabına nail olmuşdur. Birinci rübdə şəhərin gəlirləri 763.5 min manat, xərcləri isə 603.5  min manat olmuşdur. Yerli mənbələrdən gəlir üzrə daxil olma 753.7 min manat planlaşdırıldığı halda 763.3 min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 1.3 faiz artıq olmuşdur. Cari ilin fevral ayının 1-dən nazirlik və komitələr tərəfindən 149 yeni iş yeri açılmış və 146 nəfər işlə təmin olunmuşdur.
         Diqqətə çatdılıb ki, ölkə başçısının tapşırığına əsasən  fevral ayının 15-dən başlanılan əhalinin kütləvi tibbi müayinəsi  yüksək səviyyədə təşkil olunmuş və vətəndaşların rahatlığı  üçün xəstəxanada bütün lazımi şərait yaradılmışdır. Bu günədək 6836 nəfər müayinə olunmuş, aşkar olunan xəstələrdən 342 nəfər ambulator, 80 nəfər  stasionar, 2 nəfər isə Bakı şəhərinə göndərilərək  müalicəyə cəlb olunmuşdur.
        Şəhərin bir hisəsində   artıq yolların asfaltlanması və abadlıq işləri başa çatdırılmışdır. Ardıcıl olaraq digər küçələrdə də asfaltlaşma və  abadlıq işlərinə başlanılacağı bildirilib
        Payız-qış mövsümündə qazanxanalar tam gücü ilə işləmiş, əhali, məktəblər, körpələr evi-uşaq bağçası fasiləsiz olaraq  istiliklə  təmin olunmuşdur. Lakin xidmət haqqının yığılmasında müəyyən problemlər mövcuddur ki, buna görə də  şəhər istilik sistemləri istismarı sahəsinin rəhbərliyi bu məsələyə xüsusi diqqət yetirməlidir.            
        O da vurğulanıb ki,  turizm şəhər iqtisadiyyatının əsas və aparıcı sahəsidir. Hazırda yeni turizm obyektlərinin tikintisi məqsədilə işlər aparılır. Hazırda Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 2000 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.  Keçən ilin müvafiq dövrü ilə müqayisədə şəhərə gələn xarici və yerli turistlərin sayı birinci rübdə 27 faiz artaraq 3100-ə çatmışdır. Bunlardan 950 nəfəri xarici ölkə vətəndaşı olmuşdur.
        Tədbirə yekun vuran Natiq Aslanov qarşıda duran vəzifələrlə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verib.

Keçidlər