Naftalan məktəbliləri İsmayıllıda.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, milli adət-ənənələrinin, müstəqillik illərində qazanılan nailiyyətlərin daha dərindən öyrənilməsi məqsədilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın növbəti mərhələsi davam edir.
Bu tur-aksiya çərçivəsində şəhərimizin məktəblilərindən ibarət qrup martın 24-də İsmayıllıya səfər ediblər. Rayonla tanışlıq rusların yaşadıqları İvanovka kəndindən başlayıb. Burada mehribanlıqla qarşılanan şagirdlər Azərbaycanın multikultural dəyərlərindən bəhrələnən rusların, eləcə də digər millətlərin bir ailə kimi yaşadıqları, İvanovka kəndinin sosial-iqtisadi, mədəni həyatı barədə ətraflı bilgilər alıblar.
Sonra tur-aksiya iştirakçıları rayon mərkəzinə gəliblər. Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı məktəblilər Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəli dövrlərini əks etdirən fotolara, tarixi sənədlərə baxıblar. Mərkəzdə fəaliyyət göstərən ayrı-ayrı dərnəklərin işi tur-aksiya iştirakçılarının böyük marağına səbəb olub, onlarda xoş təəssürat yaradıb.
Heydər Əliyev Mərkəzində şagirdlərə İsmayıllı rayonunun tarixindən, maddi-mədəniyyətindən, sosial-iqtisadi həyatından, Prezident İlham Əliyevin rayona səfərlərindən və bu səfərlərin nəticəsi olaraq həyata keçirilən sosial layihələrdən bəhs edən sənədli film göstərilib. Sonra rayon mədəniyyət evində yerli musiqiçilərin və rəqs qrupunun ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib.