Naftalan şəhərində Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən “Azərbaycan Ombudsman təsisatının insan hüquqlarının qorunmasında rolu” mövzusunda tədbir keçirilib.
03.03.2016-cı il tarixdə Naftalan şəhərində Ombudsmanın Gəncə Regional mərkəzinin və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Ombudsman təsisatının insan hüquqlarının qorunmasında rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər fəalları, gənclər, bələdiyyə üzvləri iştirak ediblər. Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxış edərək ölkəmizdə insan hüquqlarının müdafiəsi və təbliğinin daim prioritet istiqamətlərdən olduğunu, bu sahədə Azərbaycan Ombudsman təsisatının öz töhfələrini verdiyini söyləmişdir.
Naftalan Şəhər İcra Hakimiyyəti Aparatında ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı baş məsləhətçi Afət Mustafayeva çıxış edərək şəhərdə əhalinin, xüsusilə gənclərin hüquqi maarifləndirilməsi işində Ombudsman təsisatının fəal rolunu, bu istiqamətdə mühüm tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.
Tədbir iştirakçılarına Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq konvensiyalar, onların təsbit etdiyi hüquqlar və bu hüquqların təmin edilməsində Ombudsman təsisatının aktiv rolu, Müvəkkilin səlahiyyətləri, insan hüquqları sahəsində həyata keçirdiyi tədbirlər, habelə regional mərkəzləri, bu mərkəzlərə müraciət etmək qaydaları, təsisatda fəaliyyət göstərən qaynar xətlər barədə ətraflı məlumat verilib.