Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı tədbir keçirilib.
25.02.2016-cı il tarixdə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı tədbir keçirilib. Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.Tədbirdə məktəbin tarix müəllimləri çıxış edərək Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olduğunu qeyd ediblər. Sonda şagirdlərin ifasında “Xocalı qətliamı-24” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub və faciənin dəhşətlərini əks etdirən videoçarx göstərilib.Həmçinin məktəbdə şagirdlərin iştirakı ilə "Xocalı qətliamı-24" adlı rəsm müsabiqəsi keçirilib. Məktəbin divar qəzetləri və bülletenləri faciəni əks etdirən məqalələr və fotoşəkillərlə işıqlandırılıb.