Naftalan şəhərində 2015-ci ilin yekunları müzakirə olundu.
24 fevral 2016-cı il tarixdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Millət vəkili Mahir Aslanov və şəhər ictimaiyyətinin nüamayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoymuşlar.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə məruzə ilə çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov ötən il ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində kurort şəhəri olan Naftalanda da hərtərəfli inkişaf üçün mühüm işlər görülmüş, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi sayəsində həm sosial, həm də iqtisadi sahələrdə önəmli nəticələr əldə edilmiş və iqtisadi inkişaf ötən il də təmin edilmişdir.
2015-ci ildə şəhər üzrə ümumi məhsul buraxılışı 13329.8 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı 1678.8 min manat təşkil etmişdir. Əhaliyə 291.7 min manatlıq nəqliyyat xidməti göstərilmiş, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi 2014-cü illə müqayisədə 4.9 faiz artaraq 13995.2 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin 14.3 faiz artaraq 16795.3 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 7.2 faiz artaraq 305.7 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti isə 185.1 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 1980.5 min manat, tikinti sahəsi isə 3718.4 min manat təşkil etmişdir.
Şəhərin yerli büdcəsi subsidya və digər gəlirlə birlikdə 4581.2 min manat, xərcləri isə 4401.4 min manat olmuşdur. Yerli mənbələrdən gəlir üzrə daxil olma 3159 min manat planlaşdırıldığı halda 3307.2 min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 4.7 faiz artıq olmuşdur. Yerli gəlirlərin hesabına gəlir və xərcləri tənzimləmək üçün Respublika büdcəsindən ayrılan vəsaitə qənaət olunmuş, 901 min manat dürüstləşdirilmiş proqnoza qarşı 339.9 min manat ayrılmışdır. Bütövlükdə yerli büdcənin illik icrasına 88.2 faiz əməl olunmuşdur.
Həmçinin 2016-cı ildən xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına Naftalan şəhəri də daxil olunmuşdur. Məlumat üçün bildirirəm ki, Naftalan şəhərinin 2016-cı il üçün yerli xərcləri 3 750 min manat, daxili gəlir isə 3 762 min manat proqnozlaşdırılmışdır. Buna isə Naftalan öz turizm potensialı, eləcə də dünyada tanınan kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən gələn gəlirlər hesabına nail olub.
İctimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir. Ötən il təhsil müəssisələrinə nəzarət və metodiki köməklik sahəsinə diqqət artırılmış, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür.
Diqqətə çatdırılıb ki, Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident cənab İlham Əliyev istehlak qiymətlərinə ciddi nəzarət etməyi tapşırmış və bildirmişdir ki, süni bahalaşmaya son qoyulmalı və burada çox ciddi cəza tədbirləri görülməlidir”. Göründüyü kimi, çox qəti bildirilmişdir ki, yerli məhsulların qiymətinin artırılması yolverilməzdir. Ölkə başçısının bu istiqamətdə tapşırıqlarının icrasını təmin etmək məqsədilə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Naftalan şəhəri üzrə istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımı cəhdlərinin qarşısının alınması məqsədilə yaradılmış komissiya tərəfindən şəhərdəki ticarət obyektlərində, pərakəndə satış mağazalarında və mərkəzi bazarda reydlər keçirilmiş, sahibkarlara, həmçinin satış üzrə digər məsul şəxslərə ərzaq məhsullarının qiymətlərinin qanunamüvafiq qaydada tənzimlənməsinə riayət olunması, süni qiymət artımına, sui istifadə hallarına yol verilməməsi ilə bağlı maarifləndirici izahat işləri aparılmış, onlara sahibkar olaraq məsuliyyət daşıdıqları bildirilmişdir. Bu sahədə mütəmadi olaraq reydlərin keçirilməsi davam etdiriləcəkdir.
Ümumiyyətlə Dövlət Proqramlarına uyğun olaraq şəhərdə istilik, qaz, su-kanalizasiya təchizatının yaxşılaşdırılması sahələrində işlər tam başa çatdırılmışdır. Elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yerüstü elektrik xətləri yeraltı elektrik xətləri ilə əvəz edilmiş, bütün abonentlərə smartkart tipli sayğac quraşdırılmışdır. Lakin, bu sahədə işlərin gedişində ciddi ləngliyə yol verilmişdir. Bunu nəzərə alaraq Elektrik şəbəkəsinin rəhbərliyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhərin elektrik təsərrüfatı sahəsində yarımçıq qalmış işlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə müvafiq tədbirlər görməlidir.
Hesabat dövründə Dövlət Proqramına uyğun olaraq kanalizasiya şəbəkəsinin tikintisi işləri davam etdirilmişdir. Qurban Namazəliyev adına yaşayış məhəlləsində 600 metr uzunluğunda kanalizasiya xətti və 500 metr uzunluğunda yeni su xətti çəkilmişdir. Ümumilikdə diametri 150-800 mm polietilen borularla 47.9 km uzunluğunda kanalizasiya şəbəkəsinin tikintisi işləri yekunlaşmışdır. Layihə çərçivəsində Naftalan Sukanal idarəsi üçün yeni inzibatı binanın da tikintisinə başlanılıb. Həmçinin əhali və qeyri-əhali abonentlərinə öncədən ödəmə sistemli smart elektron su sayğaclarının quraşdırılmasına başlanılmış və bu işlər başa çatdıqdan sonra əhali fasiləsiz olaraq su ilə təmin olunacaqdır. 2015-ci ildə istifadə olunan suyun dəyərinin 98 faizi ödənilmişdir.
2015-ci il ərzində şəhər ərazisində yeni qazlaşma, təmir-bərpa və əsaslı təmir işləri davam etdirilmişdir. Qaz təchizatının yaxlışadırılması məqsədilə bütün istehlakçıların təbii qazla təmin olunması, təbii qazdan təhlükəsiz istifadə olunması və satılmış qazın dəyərinin tam ödənilməsi təmin edilmişdir. Hər bir abonent “Təbii qazdan təhlükəsiz istifadə qaydaları” ilə tanış edilərək təlimatlandırılmışdır.
Dövlət Proqramına uyğun olaraq çoxmənzilli yaşayış binalarının fasadında və dam örtüyündə aparılan əsaslı təmir işləri tam başa çatdırılmış, müasir üslubda işıqlandırılmış, binaların girişlərinə yeni seyf qapılar qoyulmuşdur. Yaxın vaxtlarda bloklarda təmir işlərinə başlanılacaqdır. Hesabat dövründə binaların ətrafında, küçələrdə abadlıq və yenidənqurma işləri xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bu müddətdə yolların, səkilərin kənarlarına yeni bordyurların və səki daşlarının qoyulması, piyada yollarının təmiri və dekorativ tamet daş düzülməsi, yeni asfalt örtüyünün salınması işləri aparılmışdır. Şəhərdaxili küçə və yollara 50000 m2 yeni asfalt örtüyü salınmış, 12000 p/m bordyur, 8568 m uzunluğunda yeni səki daşları və 15955 m2 yeni tamet daş düzülmüşdür. Artıq şəhərin bir hisəsində yolların asfaltlanması və abadlıq işləri başa çatdırılmışdır. Ardıcıl olaraq digər küçələrdə də asfaltlaşma və abadlıq işlərinə başlanılacaqdır.
Şəhər ərazisindəki köhnə elektrik dirəkləri və istismara yararsız tikililər sökülüb götürülmüş, həmin ərazilər təmizlənmiş, yerində sakinlərin və şəhərimizə gələn qonaqların mənalı istirahəti üçün istirahət parkları salınmışdır. Yeni salınan parklarda besetkalar, futbol və uşaq oyun meydançaları quraşdırılmışdır. Həmçinin binaların ətrafında yeni yaşıllıqların salınması üçün əraziyə münbit torpaq daşınmış və yayılmışdır.
Əhalinin təhlükəsizliyi tədbirləri istiqamətində də müvafiq işlər görülmüşdür. Sel sularının dağıdıcı təsirinin qarşısının alınması məqsədilə Qaşaltı Qaraqoyunlu kəndində mövcud süni göldə daş-beton qoruyucu bəndin tikintisi işləri başa çatdırılmışdır.
Payız-qış mövsümünə hazırlıq işlərinə yay aylarından başlanılmış, bununla əlaqədar şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən tədbirlər planı təsdiq edilmiş, konkret vəzifələr müəyyənləşdirilərək icra edilmişdir. Naftalan İstilik İstismarı sahəsinin balansında olan bütün qazanxanalarda cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilmişdir. Eyni zamanda noyabr ayının əvvəlindən evlərə baxış keçirilmiş, hidravlik təzyiqlə xətlər yoxlanılmışdır. Hazırda qazanxanalar tam gücü ilə işləyir və əhali, məktəblər, körpələr evi-uşaq bağçası fasiləsiz olaraq istiliklə təmin olunur.
Hesabat dövründə yeni Avtovağzal Otel komleksində və Naftalan Bələdiyyəsinin inzibati binasında tikinti işləri davam etdirilmişdir. Şəhər Polis şöbəsi üçün yeni inzibati bina istifadəyə verilmişdir.
Bildiyiniz kimi, turizm şəhər iqtisadiyyatının əsas və aparıcı sahəsidir. “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Naftalan kurortunun yenidən qurulması ilə bağlı bir sıra tədbirlər görülmüş, müasir səviyyəli istirahət və sağlamlıq mərkəzləri istifadəyə verilmişdir. Bu gün Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılıb. Burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistlərin diqqətini cəlb edir. Təkcə 2015-ci ilin dekabr ayında Naftalanda 1300 nəfər turist olub. Hətta bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər təşkil olunur.
Ümumilikdə 2015-ci il şəhərdə turizm sektoru üçün çox uğurlu olub. Hazırda Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 2000 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Bu dövrdə şəhərə gələn xarici və yerli turistlərin sayı 16 min nəfəri ötüb, yəni son 5 illə müqayisədə 6 dəfə artıb. Eyni zamanda xarici qonaqların Naftalana gəlməsində də müsbət dəyişikliklər müşahidə olunmuşdur. Belə ki, 2015-ci ildə Naftalana dünyanın bir çox ölkələrindən, Rusiya Federasiyası, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, İtaliya, Yaponiya, Çin, Dominikan, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdən, ümumilikdə 3000 nəfər xarici turist gəlmişdir.
2015-ci ildə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlar, sovet dönəmindən əhalini narahat edən bir sıra sosial problemlərin uğurlu həlli istiqamətində aparılan işlər bir daha onu göstərir ki, Naftalanda inkişaf dinamik xarakter daşıyır və bütün sahələri əhatə edir.
Yola saldığımız 2015-ci il Naftalan şəhəri üçün sosial-iqtisadi sahədə qazanılan bir çox uğurlarla yadda qalmışdır. O, cümlədən ötən il Nazirlər Kabineti “Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair“ Naftalan şəhərinin Baş planı”nın təsdiqlənməsi haqqında qərar qəbul edib. Bu qərarda Naftalanı dünyada məşhur edən müalicə əhəmiyyətli neftin emalı üçün farmaseptik zavodun inşa edilməsi və əvvəllər olduğu kimi müalicəvi neftdən dərmanların hazırlanması nəzərdə tutulur. Digər bir yenilik Naftalanda Beynəlxalq səviyyəli aeroportun tikintisi, eləcə də turizm və sanatoriya ərazilərinin genişləndirilməsidir.
Ölkə başçısının Nazirlər Kabinetinin iclasında turizmin inkişafı ilə bağlı dediyi kimi, biz var gücümüzlə ölkəmizə turistlərin axınını təmin etməliyik. Nəzərə alsaq ki, Naftalan da dünya şöhrətli kurort şəhəridir. Buna görə də şəhərə gələn qonaqlara xidmət yüksək səviyyədə təşkil edilməlidir. Bu məslələrə şəhərdə fəaliyyət göstərən otel və istirahət mərkəzlərinin rəhbərləri, orada müştərilərə xidmət göstərən şəxslər turistlərin şən və mənalı istirahətinin, eləcə də müalicəsinin yüksək səviyyədə təmin olunması üçün bütün qüvvələrini səfərbər etməlidirlər. Bİr sözlə sadəcə, daha fəal olmalıyıq ki, turistləri şəhərimizə daha da cəlb edək.
Natiq Aslanov çıxışının sonunda demişdir ki, 2015-ci il arxada qaldı, ötən dövr ərzində şəhərimiz sürətli inkişaf tempini daha da artırmışdır. Ölkə başçısının bu kurort şəhəri ilə bağlı fikirlərinin və tapşırıqlarının həyata keçirilməsi istiqamətində artıq Naftalanda əsaslı işlər görülmüş və hazırda da davam etdirilir. Bütün bunlar Naftalanın inkişafı, eləcə də sakinlərimizin sosial durumunun yaxşılaşdırılması və rahatlığı üçün edilir.
Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmışlar.
Sonda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət oxunmuşdur.