Naftalan şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2016-cı il tarixdə imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrası ilə əlaqədar olaraq Naftalan şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradıldı.
Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxılması məqsədi ilə yaradılan Şuraya Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova sədr təyin edildi. Üzvlərinin sayı 6 nəfərdən ibarət olan şuranın tərkibinə Aparatın strukturuna aid olan şöbələrin rəhbər şəxsləri və İcra Hakimiyyəti başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi daxil edilib, o cümlədən katibliyin rəhbəri və üzvləri müəyyənləşdirilib.
16 fevral 2016-cı il tarixdə Naftalan şəhər İcra Hakimiyyətində Apellyasiya Şurasının ilk iclası keçirildi. İclasda təşkilati məsələlər, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, qarşıda duran vəzifələr müzakirə edilmişdir.