31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Naftalan şəhər İcra Hakimiyyəti başçısının şəhər sakinlərinə təbriki
Əziz naftalanlılar!
Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il - 2016-cı il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bildiyiniz kimi xalqımız 31-dekabrda iki bayram günü yaşayır. Belə ki, 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə yanaşı Yeni ilin gəlişi də böyük sevinclə qeyd edilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Hər birimiz üçün əziz və doğma olan bu bayram Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 24 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər.
Yola salmağa hazırlaşdığımız 2015-ci il Naftalan şəhəri üçün sosial-iqtisadi sahədə qazanılan bir çox uğurlarla əlamətdar və yadda qalan olmuşdur. Qarşıdan gələn 2016-cı ildə də ölkə prezidentinin təsdiq etdiyi dövlət proqramlarına uyğun olaraq hər bir sahədə yeni layihələr reallaşdırılacaq və nəzərdə tutulan işlər uğurla yerinə yetiriləcəkdir.
Hörmətli şəhər sakinləri!
Sizi bir daha qarşıdan gələn “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il bayramı” münasibətilə ürəkdən təbrik edir, yeni ildə ailənizə xoşbəxtlik və firəvan günlər arzulayıram.