Naftalanlı şagird Beynəlxalq Şagird Konfransında uğurla çıxış edib
Məktəblilərin rəsm sərgisinin nümayişindən sonra başlayan konfransı açıq elan edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov deyib ki, ölkə başçısı 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Bilik Fondu bu istiqamətdə il ərzində ölkə daxilində və xaricdə silsilə tədbirlər həyata keçirib. Beynəlxalq Şagird Konfransı da bu qəbildəndir. Beynəlxalq Şagird Konfransında Azərbaycanın bütün bölgələrindən-Bakı, Gəncə, Naxçıvan, Quba, İsmayıllı, Zaqatala, Şirvan, Naftalan, Xaçmaz, Beyləqan, Qəbələ, Yevlax, Tərtər, Bərdə, Lənkəran və Ağdaşdan olan məktəblilər iştirak edirlər. Həmçinin xarici ölkələrdən-Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İsraildən də şagirdlər təmsil olunub.
Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin IX b sinif şagirdi Fərəcova Səyyarə Elçin qızı dövlət səviyyəli tədbirdə fəal iştirak edərək Naftalanı layiqincə təmsil edib. S.Fərəcova Bilik Fondu tərəfindən müxtəlif dərəcəli mükafatlarla təltif olunub.