Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan kurort şəhəri inkişaf yolunda

12 mart 2013 | 16:00

 

“Azərbaycan Respublikası  regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Respublikanın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də uğurla icra edilmişdir.
      Dövlət Proqramına uyğun olaraq şəhərin elektirk şəbəkəsinin yenidən qurulması məqsədilə yerüstü elektrik  xətləri yüksək gərginlikli yeraltı elektrik xətləri ilə əvəz edilmiş, 2350 abonentə  smart-kart tipli sayğac quraşdırılmış, 2 ədəd yeni paylayıcı elektrik şəbəkəsi, 6 ədəd transformator məntəqəsi tikilmiş, 1 ədəd paylayıcı elektrik şəbəkəsi əsaslı təmir edilmiş, 1 ədəd xüsusi  transformator məntəqəsi quraşdırılmışdır. 40 km uzunluğunda SİP tipli kabel xətti çəkilmiş və hazırda bu sahədə işlər davam etdirilir.
    Dövlət Proqramına uyğun olaraq çoxmərtəbəli yaşayış binaları üçün 3 ədəd müasir istilik qazanxanası tikilmiş, yeni avadanlıqlarla təchiz edilmiş, məhəllədaxili və binadaxili istilik sisteminin qurulması işləri başa çatdırılmışdır. Şəhərdaxili və binadaxili yeni istilik xətti çəkilmiş, mənzillərin hər bir otağına istilik qızdırıcaları quraşdırılmış və qış mövsümündə əhali istiliklə təmin edilir. Bunun da nəticəsində əhali eletrik enerjisinə qənaət etmişdir.     
    Dövlət Proqramına uyğun olaraq şəhərin və yeni salınmış yaşayış massivinin qaz təchizatının yaxşılaşdırılması işləri tam başa çatdırılmışdır. Yeni salınmış yaşayış massivi qazlaşdırılmış, Goranboy rayonunun  ərazisindən Naftalan şəhərinə qədər 13600 p/m şəhər ərazisində isə 45165 p/m qaz xətti yeraltı variantda yeni polietilen borularla əvəz olunmuşdur. 2245  abonentə smart-kart tipli sayğac, yeni qaztənzimləyici (reduktor) qurğular quraşdırılmışdır. Naftalandan Qaşaltı Qaraqoyunlu kəndinə diametri 200 mm, uzunluğu 3400 p/m məsafədə, kənddaxilində diametri 32-110 mm, ümumi uzunluğu 12502 p/m polietilen borularla yeni qaz xətləri çəkilmişdir.
     Dövlət Proqramına uyğun olaraq şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə də  başlanılmışdır.
      Əhaliyə göstərilən su və kanalizasiya xidmətinin daha da yaxşılaşdırılması məqsədilə şəhərin su  təchizatı sisteminin bir hissəsinin və kanalizasiya şəbəkəsinin tikintisinə başlanılmışdır. Belə ki, Naftalan şəhərinə Murov dağ-Goranboy su xəttinin Qarqucaq kəndindən keçən hissəsindən 5.9 km uzunluğunda yeni su xəttinin çəkilməsi, ümumi həcmi 6000 m³ (hər birinin kamerası 3000 m³ olmaqla 2 ədəd) olan su anbarı və şəhərdaxili ümumi uzunluğu 33 km olan kanalizasiya şəbəkəsinin və Sukanal idarəsi üçün yeni inzibati binanın tikintisi işlərinə start verilmişdir. Şəhərin I mikrorayonunda tutumu 500 m³ olan bir su anbarı , II mikrorayonda isə hər birinin tutumu 500 m³ olan iki su anbarı tikilmiş, bütün çoxmərtəbəli yaşayış binalarında istismar müddəti ötmüş köhnə su xətləri yenisi ilə əvəz edilmişdir. Şəhərdə sudan istifadə edən bütün abonentlərə yeni su sayğacları quraşdırılmışdır. Eləcə də Çəkil kəhrizinin bərpası işləri başa çatdırılmış, kəhrizdən şəhərin Mərkəzi su anbarına, Mərkəzi su anbarından şəhərin su nasosxanalarına qədər uzunluğu 4.5  km məsafədə diametri 400-500 mm olan plastik borularla yeni su xətləri  çəkilmişdir.
     Bunun da nəticəsində əhali su və kanalizasiya xidməti ilə normal olaraq təmin olunacaqdır. Həmçinin şəhərdə mövcud çirkab suların təmizləyici qurğularının da yenidən qurulması işlərinə başlanılacaqdır.
      Dövlət Proqramına uyğun olaraq şəhərin səhiyyə kurort müəssisələrinin təmiri və  yenidən qurulması məqsədilə şəhərdə yeni “Çinar Hotel&Spa Naftalan” və  “Qaşaltı” sanatoriyası açılıb istifadəyə verilmişdir. Bu istirahət və sağlamlıq mərkəzləri müvafiq olaraq 200-312 çarpayılıq olmaqla dünya standartlarına uyğun inşa edilmişdir.
      Dövlət Proqramında icra müddəti çatmış, lakin icrasına başlanılmamış tədbirlərlə bağlı, yəni Mədəniyyət obyektlərinin yenidən qurulması və tikintisi, Qarabağ” Müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar  İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə  mərkəzi icra  hakimiyyəti orqanlarına müraciətlər edilmiş və məlum olmuşdur ki, gələcəkdə bu istiqamətdə işlərə başlanılacaqdır.
     Naftalan şəhərində Dövlət Proqramında nəzərdə tutulmayan tədbirlərlə bərabər bir çox işlər görülmüş və bu gün də davam etdirilir. Şəhərdə çoxmərtəbəli yaşayış binalarının  fasadları milli memarlıq üslubuna uyğun olaraq aqlay daşla  üzlənilir, mənzillərə yeni plastik pəncərələr quraşdırılır, binaların dam örtükləri müasir üslubda yenidən qurulur, binaların dəhlizləri təmir olunur. Doqquz mərtəbəli yaşayış binalarına müasir tipli liftlər quraşdırılmışdır.
     2011-2012-ci illərdə Naftalan şəhər İcra Hakimiyyəti üçün  3  mərtəbəli yeni inzibati binanın,  Qaz İstismarı Sahəsi üçün 2 mərtəbəli inzibati binanın, vergi ödəyicilərinə xidmət  terminalının, Böyük Vətən Müharibəsi iştirakçılarının, Qarabağ və 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi üçün yeni xatirə kompleksinin açılışı olmuşdur. Hazırda şəhərdə 280 yerlik körpələr evi-uşaq baxçasının, Heydər Əliyev Mərkəzinin, Qarabağ sanatoriyasının tikintisi işləri davam etdirilir.
       Naftalan Kurort-Birliyinin mövcud sanatoriyalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri Goranboy rayonu ərazisində müasir tələblər səviyyəsində yeni inşa edilmiş yüksək mərtəbəli binalara köçürülmüş və hazırda həmin sanatoriyaların yerində yeni müasir tələblərə cavab verən sanatoriya kompleksinin tikintisinə başlanılmışdır.
      Bu gün Naftalanın əvvəlki gözəlliyi, şöhrəti, xoş günləri özünə qayıdır. Son günlər şəhərimizin yenidən qurulması ilə əlaqədar həyata keçirilən abadlıq, quruculuq, tikinti işləri hər bir naftalanlının sevincinə səbəb olur. Yeni müəssisələr, turizm obyektləri açılır. Şəhərə müalicə və istirahətə gələn yerli və xarici qonaqların sayı əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə  2012-ci ildə artaraq 15 min  nəfərə çatmışdır.
      Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində dünyada analoqu olmayan, unikal müalicəvi əhəmiyyətə malik olan “Naftalan” nefti ilə məşhur olan Naftalan şəhəri  dünyanın ən qabaqcıl və ən gözəl kurort şəhərlərindən birinə çeviriləcəkdir.

Keçidlər