Naftalan şəhərində «Elektron hökumət»in təbliği ilə bağlı seminar keçirilib.
10 noyabr 2015-ci il tarixdə Regional İnsan Hüquqları və Media Mərkəzi şəhər sakinlərinin elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılması məqsədi ilə Naftalan şəhərində seminar keçirib. Keçirilən seminarın məqsədi ilə bağlı məlumat verən Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov bildirib ki, «Elektron hökumət»in regionlarda təbliği və elektron xidmətlərdən istifadədə əhaliyə köməkliklərin göstərilməsi» layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
X.Kazımov bildirib ki, bu gün geniş tətbiq olunan «elektron hökumət»in vətəndaş üçün bir sıra üstünlüyü var: “Yaradılan xidmətlər həm də vətəndaşlara problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, kompyuter arxasına keçməklə, yaxud da, elə mobil telefonla həll etməyə imkan verir. Ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək üçün regionlarda əhalinin elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılmasına ehtiyac var.
Seminarda məruzə ilə çıxış edən ekspert Ələsgər Məmmədli ayrı-ayrı dövlət qurumlarının «Elektron hökumət portalı» və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı iştirakçılara ətraflı məlumat verib: “Artıq orta məktəbin I sinfinə qəbuldan başlamış, şəxsiyyət vəsiqələrinin alınması, daşınmaz əmlakın rəsmiləşdirilməsi, əmək müqavilələrinin qeydiyyata alınması, vergi və sosial ödənişlərə görə hesabatların verilməsi, kommunal xidmətlərin ödənilməsinədək elektron xidmətlər göstərilir. İndiyədək 455 elektron xidmət təsdiq edilib və 340 xidmət «Elektron hökumət» portalına (www.e-gov.az) inteqrasiya olunub. Dövlət qurumlarının saytlarında 507 elektron xidmət göstərilir. «Elektron hökumət» portalı vasitəsi ilə 431 elektron xidmət göstərilir. Bu xidmətlərin çoxu əhalinin rahatlığına və daha səmərəli xidmət almasına hesablanıb”.
Daha sonra Ə.Məmmədli «Elektron hökumət» portalında qeydiyyat proseduru və elektron xidmətlərdən istifadə qaydalarını əyani şəkildə iştirakçılara göstərdi. Həmçinin, mövzu ilə bağlı seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, tədbirdə iştikakçılara Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfinfən hazırlanan «Elektron hökumət»dən sən də yararlan!” adlı buklet paylanıldı.