Naftalan şəhərinin su təchizatı sistemlərinin bir hissəsi və kanalizasiya şəbəkəsi yenidən qurulur.
Naftalan şəhərində 6 mart 2013-cü il tarixdə şəhərin su təchizatı sistemlərinin bir hissəsinin və kanalizasiya şəbəkəsinin yenidən qurulması üzrə tikinti işlərinin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə şəhər icra Hakimiyyətinin başçısı Natiq Aslanov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi Əməkdaşlıq şöbəsinin rəhbəri Takao İmanishi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirin əvvəlində şəhər rəhbəri çıxış edərək bildirmişdir ki, bu gün şəhərin ağır problemlərindən olan su və kanalizasiya probleminin həlli istiqamətində işlərə start veriləcəkdir. Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi layihəyə əsasən əhaliyə göstərilən su və kanalizasiya xidmətinin daha da yaxşılaşdırılması məqsədilə şəhərin su təchizatı sisteminin bir hissəsinin və kanalizasiya şəbəkəsinin tikintisinə başlanılacaqdır. Belə ki, Naftalan şəhərinə Ballıqaya-Goranboy su xəttinin Qarqucaq kəndindən keçən hissəsindən 5.9 km uzunluğunda yeni su xəttinin çəkilməsi, ümumi həcmi 6000 m³ (hər birinin kamerası 3000 m³ olmaqla 2 ədəd) olan su anbarı və şəhərdaxili ümumi uzunluğu 33 km olan kanalizasiya şəbəkəsinin və Sukanal idarəsi üçün yeni inzibati binanın tikintisi işlərinə başlanılacaqdır. Bunun da nəticəsində şəhər əhalisi normal su və kanalizasiya xidməti ilə təmin olunacaqdır.
Daha sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi Əməkdaşlıq şöbəsinin rəhbəri Takao İmanishi bu əməkdaşlıqdan məmnunluqlarını bildirmiş və bu sahədə həyata keçiriləcək işlərdən, əldə olunacaq nailiyyətlərdən söz açmışlar.
Sonda Naftalan şəhər sakini Sədrəddin Muradov çıxış edərək şəhər ictimaiyyəti adından Naftalanın inkişafı üçün göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.