Naftalanda Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq qapı günü”-vətəndaş forumu keçirib.
06 noyabr 2015-ci il tarixdə Naftalan şəhərində “ Açıq hökümətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planına” uyğun olaraq “Vətəndaş müraciətləri ilə iş” mövzusunda “Açıq qapı günü”- regional vətəndaş forumu keçirilib.Tədbirdə Naftalan şəhərinin, Goranboy,Xocalı,Tərtər,Bərdə rayonlarının sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib.
Diskussiya şəraitində keçirilən forumda Fondun şöbə müdiri Famil Qədimov iştirakçıları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirərək qeyd edib ki, dövlət başçısının 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”ya əsasən ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir.
F.Qədimov vətəndaşların müraciətlərinə elektron qaydada baxılmasının üç istiqamət üzrə - Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə reallaşdırıldığını diqqətə çatdırıb: “Son təkmilləşdirilmə tədbirləri nəticəsində Fondun Çağrı Mərkəzinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə uyğunlaşdırılıb və Çağrı Mərkəzi aprel ayından xüsusi avadanlıqla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir əsaslı yeni xidmət zalında fəaliyyət göstərir.
Forumda o da diqqətə çatdırılıb ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənən “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası”nın çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.
Fondun əməkdaşı Azəri Məmmədov təqdimatla çıxış edərək, tədbir iştirakçılarını Fondun göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər barədə ətraflı məlumatlandırıb.
Dövlət Sosial Müdafiə Fondunun digər əməkdaşı Elnur İbrahimovun Fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən “Açıq qapı günü” -regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə olunub.