Naftalanda “Dövlət Bayrağı Günü” qeyd olundu.
06 noyabr 2015-ci il tarixdə Naftalan şəhər Bayraq meydanında “9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə ümumşəhər bayram tədbiri keçirildi. Tədbirdə şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
İlk olaraq şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov tədbir iştirakçılarını təbrik edərək bu günün əhəmiyyətindən, bayrağımızın yaranma tarixindən danışdı. Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd etmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.
Hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Tədbir mədəniyyət evinin kollektivinin ifasında azərbaycançılığı, dövlətçiliyi, vətənpərvərliyi tərənnüm edən mahnılar, kompozisiyalar ilə davam etdirilmişdir.