Naftalanla qardaşlaşmış şəhərlər
.“Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Naftalan kurortunun yenidən qurulması ilə bağlı bir sıra tədbirlər görülmüş, müasir səviyyəli istirahət və sağlamlıq mərkəzləri tikilib istifadəyə verilib. Bu gün Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılıb.
Hazırda Naftalanda 2000 yerləşmə yeri olan 8 istirahət və sağlamlıq mərkəzi fəaliyyət göstərir. Mükəmməl infrastruktura malik bu mərkəzlərdə yaradılan şərait turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır.
Unikal müalicəvi əhəmiyyətə malik naftalan nefti ilə məşhur olan Naftalan şəhərinin beynəlxalq səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı görülən işlərin nəticəsidir ki, son beş illə müqayisədə bu kurort şəhərinə istirahər, əsasən də müalicəyə gələn yerli və xarici qonaqların sayı 5 dəfə artaraq 15000 nəfərə çatıb. Eyni zamanda xarici qonaqların Naftalana gəlməsində də müsbət dəyişikliklər müşahidə olunur. 2015-ci ilin ötən dövründə Naftalana dünyanın bir çox ölkələrindən, Rusiya Federasiyası, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, İtaliya, Yaponiya, Çin, Dominikan, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdən, ümumilikdə 2300 nəfər xarici turist gəlib.
Ölkə başçısının tapşırığına uyğun Naftalanda son illər turizm sahəsində aparılmış islahatlar, bu kurort şəhərinə Azərbaycandan kənarda da marağın artmasına səbəb olmuşdur. Artıq digər ölkələrin kurort şəhərləri Naftalan şəhəri ilə beynəlxalq əlaqələr qurmağa can atır. 2011-ci ildə Naftalan şəhəri ilə Fransanın Leql, 2013-cü ildə İtaliyanın Pozitano, 2014-cü ildə isə Rusiya Federasiyasının Yessentuki və Polşanın Uneyov şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb. Sözügedən şəhərlərlə Naftalan şəhəri arasında bütün səviyyələrdə, o cümlədən təhsil, iqtisadi-sosial, mədəniyyət, incəsənət, idman kimi sahələrdə əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.