Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi.

21 oktyabr 2015 | 15:00

21 oktyabr 2015-ci il tarixdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2015-ci ilin doqquz ayında  görülmüş işlər və qarşıda duran vəzifələrə  dair hesabat iclası keçirildi. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhər ictimaiyyətinin nüamayəndələri iştirak edib.
       İclasda Naftalan şəhər  İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov  çıxış edərək qeyd etmişdir ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində kurort şəhəri olan Naftalanda da hərtərəfli inkişaf üçün mühüm işlər görülmüş, həm sosial, həm də iqtisadi sahələrdə önəmli nəticələr əldə edilmişdir.
       Şəhər üzrə  ümumi məhsul buraxılışı  10497.5  min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı 1264.4 min manat təşkil etmişdir. Əhaliyə 200.3  min manatlıq nəqliyyat xidməti göstərilmişdir. Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  pullu xidmətlərin həcmi 10690 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20.5  faiz artaraq 13056.9 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 5.3 faiz artaraq 295.5 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti isə 138.4 min  manat  təşkil  etmişdir.
      Daha sonra Natiq Aslanov bildirmişdir ki, şəhərin yerli büdcəsi subsidya və digər gəlirlə birlikdə 2818.7 min manat, xərcləri isə 2271.9  min manat olmuşdur. Yerli mənbələrdən gəlir üzrə daxil olma 2271.2 min manat planlaşdırıldığı halda 2478.7 min manat olmuşdur. Bütövlükdə yerli büdcənin illik icrasına 75.3  faiz əməl olunmuşdur.  2016-cı il dövlət büdcəsinin müzakirəsi aparılarkən, xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına Naftalan şəhəri də daxil olunmuşdur. Bu da Naftalan şəhərinin uğurlu inkişafından xəbər verir.
        Cari ilin doqquz ayında aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  müəyyən işlər görülmüş,  Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən  93 ailəyə  ünvanlı  dövlət sosial  yardım  təyin edilmişdir. Ümumilikdə 127 ailəyə ünvanlı  dövlət sosial  yardımı ödənilir.
      Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 50 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılmışdır. Pensiya, müavinət və sosial yardımlar vaxtlı-vaxtında ödənilmişdir.
       İctimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir.   
         Tam orta məktəblərdə yeni dərs ili ilə əlaqədar cari təmir işləri aparılmış, məktəblərin maddi-texniki bazası gücləndirilmiş, qış mövsümündə məktəblərin fasiləsiz olaraq istiliklə təmin olunması məqsədilə hazırlıq işləri görülmüşdür.   
       Ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş 40 məzundan 20-si ali məktəb tələbəsi adını qazanmışdır. Bir nəfər yüksək bal topladığına görə Prezident təqaüdünə layiq görülmüşdür.
    Əlbəttə, bütün bunlar bizi sevindirir, lakin bununla arxayınlaşmaq olmaz. Təhsil şöbəsinin rəhbərliyi ümumtəhsil məktəblərinin rəhbərlərinin məsuliyyətini artırmaqla tədrisin keyfiyyətini yüksəltməli, məzunların ali məktəblərə qəbulu sahəsində daha uğurlu nailiyyətlər əldə etməlidir.
      Qeyd edilmişdir ki,  ölkə başçısının tapşırığına əsasən fevral-may aylarında əhalinin kütləvi tibbi müayinəsi  yüksək səviyyədə təşkil olunmuş, müayinə zamanı aşkar olunan xəstələrdən 380 nəfər ambulator, 28 nəfər  stasionar, 3 nəfər isə Bakı şəhərinə göndərilərək  müalicəyə cəlb olunmuşdur. Doqquz ay ərzində 1055 nəfərə yaxın imtiyazlı xəstə güzəştli dərman preparatları ilə təmin olunmuşdur. Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması, eləcə də yeni şəhər Xəstəxanasının tikintisi işlərinin sürətləndirilməsi ilə üçün müvafiq tədbirlər görməlidir.      
      Yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi də şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Şəhərdə ayrı-ayrı idman növləri üzrə müxtəlif yaş qrupları arasında idman yarışları keçirilmişdir. Son illər şəhərin ictimai-siyasi həyatında gənclərin rolu davamlı olaraq artmaqdadır.
     2015-ci ilin doqquz ayının yekunu üzrə kriminogen vəziyyətin təhlili göstərir ki,  şəhər Polis şöbəsində 19 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılması 86.7  faiz təmin edilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzularında tam orta məktəblərdə maarifləndirici seminarlar təşkil olunmuşdur.      
       Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi, Naftalan şəhərində də tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır.
         Binaların ətrafında, küçələrdə abadlıq və yenidənqurma işləri xüsusi diqqət mərkəzində saxlanılmışdır. Yeni asfalt örtüyünün salınması məqsədilə şəhərdaxili yollara yeni bardürlər düzülmüş, piyada yolları salınmışdır. Sakinlərin və şəhərimizə gələn qonaqların mənalı istirahəti üçün istirahət parkları salınır. Yeni salınan parklarda besetkalar, basketbol, tennis və uşaq oyun meydançaları da quraşdırılacaqdır. Artıq I mikrorayonun ərzisində yaxın vaxtlarda yolların asfaltlanması işləri başa çatdırılacaqdır. 
     Məlumdur ki, elektrik şəbəkəsinin yaxşılaşdırılması sahəsində işlərin gedişində  ciddi  ləngliyə yol verilir. Bunu nəzərə alaraq Elektrik şəbəkəsinin rəhbərliyi Dövlət Proqramına uyğun olaraq şəhərin elektrik təsərrüfatı sahəsində yarımçıq qalmış işlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə yuxarı təşkilatlar qarşısında məsələ qaldırmalıdır.
     Dövlət Proqramına uyğun olaraq kanalizasiya şəbəkəsinin tikintisi işləri davam etdirilmiş, Qurban Namazəliyev adına yaşayış məhəlləsində 600 metr uzunluğunda kanalizasiya xətti və 500 metr uzunluğunda yeni su xətti çəkilmişdir. Yaxın günlərdə əhali və qeyri-əhali abonentlərinə öncədən ödəmə sistemli smart elektron su sayğaclarının quraşdırılmasına başlanılacaq və əhali fasiləsiz olaraq  su ilə təmin olunacaqdır.
       Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar yay aylarından konkret vəzifələr müəyyənləşdirilərək icra edilmiş, istilik qazanxanalarında cari təmir işləri aparılmış və qazanxanalar tam işlək vəziyyətə gətirilmişdir.
        Hesabat dövründə yeni Avtovağzal  Otel komleksində tikinti işləri davam etdirilmiş, Polis şöbəsi üçün yeni inzibati bina istifadəyə verilmişdir.
       Bildiyiniz kimi, turizm şəhər iqtisadiyyatının əsas və aparıcı sahəsidir. Bu gün Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılıb ki, bu da şəhərimizə Azərbaycandan kənarda da marağın artmasına səbəb olmuşdur. Artıq digər ölkələrin kurort şəhərləri Naftalan şəhəri ilə beynəlxalq  əlaqələr qurmağa can atır. 
       Hazırda şəhərdə 2000 yerləşmə yeri olan 8 istirahət və sağlamlıq mərkəzi fəaliyyət göstərir. Son beş illə müqayisədə şəhərə  gələn yerli və xarici qonaqların sayı 5 dəfə artaraq 13000 nəfərə çatmışdır ki, bunun da 2200 nəfəri xarici turistdir. 
       Naftalan şəhər İcra Hakimyyəti başçısı Natiq Aslanov çıxışına yekun vuraraq qeyd etmişdir ki, ölkə başçısının Naftalan kurort şəhəri ilə bağlı  fikirlərinin və tapşırıqlarının həyata keçirilməsi istiqamətində artıq şəhərimizdə əsaslı işlər görülmüş və bu gün də davam etdirilir. Bütün bunlar sakinlərimizin həyat səviyyəsinin yaxşıladırılması və onların rahatlığı üçündür.        
       Naftalana və naftalanlılara göstərdiyi diqqət və qayğıya görə mən naftalanlılar adından cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
      Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2015-ci ilin doqquz ayında  görülmüş işlər və qarşıda duran vəzifələrə dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsinin müdiri Ə.Nəbiyev və Naftalan şəhər Təhsil şöbəsinin müdiri əvəzi R.Dəmirova  çıxış etdilər.

Keçidlər