Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılıb.

31 iyul 2015 | 15:00

Məlumdur ki, Naftalan şəhərinin iqtisadiyyatının əsasını kurort-sanatoriya xidməti təşkil edir.  Çünki bura  unikal müalicəvi əhəmiyyətə malik olan “naftalan” nefti ilə məşhurdur.  Bu zonada nadir təbii müalicə amili kimi tanınan naftalan nefti mədənləri yerləşir. Naftalan neftinin hikməti isə hamıya bəllidir. Unikal müalicəvi əhəmiyyətə malik olan bu neftin dünyada analoqu yoxdur və bundan 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Xüsusən naftalanın hərəkət-istinad, nervoloji, damar, uroloji, ginikoloji və dəri xəstəliklərinin müalicəsində böyük əhəmiyyəti vardır. SSRİ dönəmində Naftalan Kurortu İttifaqda fəaliyyət göstərən kurortlar arasında öz müalicəvi əhəmiyyətinə və  80-85 %  effektlik əmsalına görə ön sırada olub. Naftalan nefti Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biridir.
        Respublikaının bütün bölgələrində  olduğu kimi Naftalan şəhərində də sahibkarlıq gündən-günə inkişaf edir. Sahibkarlıq inkişaf etdikcə yeni açılan iş yerlərinin  sayı, eləcə də yerli büdcəyə daxil olmalar da artır. Ona görə də son illərdə Naftalanın kurort-müalicə zonası olduğunu nəzərə alaraq şəhərdə sahibkarlara geniş imkanlar yaradılmışdır.  
        “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Naftalanda geniş tədbirlər həyata keçirilmişdir. Hazırda dövlət başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq dünyanın unikal şəhərlərindən biri olan Naftalanın yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı işlər davam etdirilir.
         Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunmuş konfransda Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Naftalanın keçmiş şöhrəti bərpa edilir. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün  bunu beynəlxalq turizm mərkəzinə çeviririk.”  Həqiqətəndə bu gün kurort şəhəri özünün inkişafının yeni mərhələsinə qədəm qoyub. Burada  aparılan hər bir tikinti, quruculuq işi Naftalan kurortunun şöhrətini özünə qaytarır, müasir kurort şəhərinə çevirir və biz  gələcəkdə daha böyük inkişafın şahidi olacağıq.
       Son üç ildə şəhərdə üç beynəlxalq səviyyəli  yeni istirahət və sağlamlıq mərkəzləri-Chinar Hotel & Spa Naftalan, “Naftalan Hotel by Rixos” və Garabag Resort & Spa istirahət sağlamlıq mərkəzi tikilib istifadəyə verilmişdir.  Həm otel və istirahət, həm də müalicə mərkəzi kimi Naftalana müalicə və istirahətə gələn yerli və xarici qonaqlara yüksək səviyyəli xidmət göstərilməsi məqsədilə burada  hər cür şərait yaradılıb.  Bütün bunların nəticəsində şəhərimizin uğurlu inkişafı təmin edilir, yeni iş yerləri açılır, gənclər işlə təmin olunur, eləcə də əhalinin güzaranı yaxşılaşır.
       Hazırda Naftalanda 7 özəl istirahət və sağlamlıq mərkəzi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Səhmdar Cəmiyyətinin nəzdində “Naftalan” Kurort Birliyi fəaliyyət göstərir. Ümumilikdə şəhərdə bir gündə 2000 nəfər turist müalicə ala və istirahət edə bilər.
       Naftalanın yüksələn templə inkişafı Azərbaycandan kənarda da şəhərimizə marağın artmasına səbəb olmuş  və xarici qonaqların Naftalana gəlməsinə müsbət təsir göstərmişdir. Naftalana şəfa tapmaq üçün Azərbaycanın bölgələri ilə yanaşı bir çox xarici ölkələrdən gələn qonaqların sayı gündən-günə artmaqdadır.
        2014-cü ildə Naftalana 3000 nəfərə yaxın xarici vətəndaş gəlmişdir.
       Ümumilikdə şəhərə  gələn yerli və xarici qonaqların sayı 2009-cu ildə 2500 olduğu halda, bu rəqəm  2014-cü ildə 5-6 dəfə artaraq 15000 nəfəri keçmişdir. Bu ilin ötən dövrü ərzində isə şəhərimizə 7500 nəfər turist gəlmişdir.
        Eyni zamanda bu  inkişaf Naftalana Azərbaycandan kənarda da marağın artmasına səbəb olmuşdur. Digər ölkələrin kurort şəhərləri 2011-ci ildən başlayaraq Naftalan şəhəri ilə beynəlxalq  əlaqələr qurmağa başlamış, hazırda turizm və mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafı məqsədilə Naftalan şəhəri Fransanın Leql, İtaliyanın Pozitano, Rusiya Federasiyasının Yessentuki və Polşanın Uneyov şəhərləri ilə  əməkdaşlıq edir.
        Bundan başqa Naftalanda fəaliyyət göstərən sanatoriyalarda göstərilən xidmət səviyyəsindən asılı olaraq  bir günlük xərc 29 manatdan başlayır ki, bura gündəlik 3 dəfə qidalanma, yatmaq, naftalan nefti və digər  müalicə prosedürləri daxildir. Bu da gəliri az olan vətəndaşların belə burada gəlib istirahət və müalicə almalarına imkan yaradır.
        Naftalanda sahibkarlara hər zaman şərait yaradılır, sahibkarların fəaliyyətinə dəstək verilir və bundan sonra da davam etdiriləcəkdir.
       Naftalan kurort zonasının bərpası məqsədilə xüsusi plan hazırlanır.  Plana əsasən turizm obyektləri sırasında Naftalanda həm ailəvi, həm fərdi, həm də uşaqların valideynsiz istirahət etməsi üçün imkanlar yaradılacaq. Burada xüsusi kotec və mehmanxanaların inşası planlaşdırılır. Yeniliklərdən biri isə hazırda bütün dünyada turizmin ən geniş inkişaf etmiş növlərindən biri - fərdi həyətyanı evlərin sayının artırılması olacaq. Bu evlər sayəsində turistlər şəhər həyatı, mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
        Bundan başqa, uzunluğu 1,7 km olacaq kanat yolunun çəkilməsi təklif olunur.
       Planda Naftalanda dünya standartlarına uyğun qolf meydançası, tennis kortu, atçılıq meydanı, istixanalar, heyvanların saxlanılması, kəsimi, təzə məhsul istifadəsi üçün heyvan və quşçuluq fermasının tikintisi məsələləri də yer alıb.
     Naftalanı dünyada məşhur edən müalicə əhəmiyyətli neftin emalı üçün 10 hektarlıq sahədə farmasevtik zavodun inşa edilməsi planlaşdırılır. Bu zavodda əvvəllər olduğu kimi müalicəvi neftdən dərmanların hazırlanması və dünya bazarında satışı nəzərdə tutulub.
       Digər bir yenilik isə Naftalanda hava limanının inşası ilə bağlıdır. Beynəlxalq səviyyəli hava limanının tikintisi üçün 89 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Turistlərin və sərnişinlərin gediş-gəlişi rahat olması üçün hava limanının yaxınlığında yeni avtovağzal-otel kompleksinin tikintisi işləri aparılır.
       Ümumilikdə Dövlət Proqramlarında Naftalan şəhəri üzrə nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində bu kurort şəhəri  günü-gündən inkişaf edərək dünyanın ən gözəl, təmiz və ən müasir kurort şəhərlərindən birinə çevrilir.

Keçidlər