Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda 2015-ci ilin birinci yarısının yekunları müzakirə olundu.

16 iyul 2015 | 15:00

16 iyul 2015-ci il tarixdə Naftalan şəhərinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair  geniş Şura iclası keçirilmişdir. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhər ictimaiyyətinin nüamayəndələri iştirak edib.
     İclasda məruzə ilə çıxış edən Naftalan şəhər  İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov  ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat vermiş, bu dövrdə şəhərdə görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır.
    İlk olaraq qeyd edilmişdir ki,  iyun ayında Azərbaycan I Avropa Oyunları kimi  mötəbər bir tədbirə ev sahibliyi etdi. Bu oyunların yüksək səviyyədə təşkili Azərbaycan xalqının böyük uğuru kimi tarixə yazıldı, eləcə də ölkəmizin növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək qüdrətində olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Bu, ilk növbədə, ölkəmizin reallıqları ilə bağlıdır. Son illərdə ölkəmiz həyata keçirilən məqsədyönlü siyasət sayəsində yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə imza atıb.
    Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində kurort şəhəri olan Naftalanda da hərtərəfli inkişaf üçün mühüm işlər görülmüş və bu tədbirlər hazırda da davam etdirilir. 
     2015-ci ilin birinci yarımilinin yekun statistik göstəricilərinə nəzər salsaq görərik ki, qarşıya qoyulmuş vəzifələr uğurla icra olunmuşdur.
       Şəhər üzrə  ümumi məhsul buraxılışı  5819.3 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı 915.2 min manat təşkil etmişdir. Əhaliyə 189.6 min manatlıq nəqliyyat xidməti göstərilmişdir. Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  pullu xidmətlərin həcmi 5100.8 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artaraq 7375.1 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5.7 faiz artaraq 293 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti isə 90.7 min  manat  təşkil  etmişdir.
      Şəhərin yerli büdcəsi subsidya və digər gəlirlə birlikdə 1908.63 min manat, xərcləri isə 1572.03  min manat olmuşdur. Yerli mənbələrdən gəlir üzrə daxil olma 1449.93 min manat planlaşdırıldığı halda 1568.65  min manat olmuşdur. Bütövlükdə yerli büdcənin illik icrasına 80.9  faiz əməl olunmuşdur. 
     Yarımil ərzində əhalinin sosial məsələləri diqqət mərkəzində saxlanılmışdır  Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  müəyyən işlər görülmüş,  Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən  61 ailəyə  ünvanlı  dövlət sosial  yardım  təyin edilmiş, bir ailəyə düşən yardımın məbləği 142 manat təşkil etmişdir.   Cəzaçəkmə müəssisəsindən azad olunmuş 5 nəfərə birdəfəlik müavinat və 11 Çernobıl  əlilinə isə müalicə üçün birdəfəlik müavinat təyin edilmişdir. Mərkəzin sosial məişət  xidmət sektoru tərəfindən 48 nəfər tənha ahıl və  əlil vətəndaşa sosial xidmət işçiləri tərəfindən evlərdə müvafiq xidmətlər göstərilmişdir.
      Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 27 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılmışdır. Ümumilikdə şəhər üzrə 1457pensiyaçıya xidmət göstərilib. Sığorta edənlərdən birinci yarımil ərzində faktiki daxilolma 619.9 min manat təşkil etmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 34.3 min manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 91 faiz icra olunub. Pensiya, müavinət və sosial yardımlar vaxtlı-vaxtında ödənilməklə 1618.9 min manat vəsait xərclənmiş,  əhaliyə pensiya və müavinət  ödənişi üzrə borc qalmamışdır.
      Əmək ehtiyatlarından düzgün və səmərəli istifadə etmək məqsədilə Məşğulluq Mərkəzində boş iş yerləri haqqında məlumatlar toplanmış və işsiz sakinlərin qeydiyyatı aparılmışdır.  Bu ilin altı ayı ərzində Məşğulluq Mərkəzinə 141 nəfər qeyri-məşğul şəxs müraciət etmiş, onlardan 121 nəfəri ixtisasına və peşəsinə uyğun işlə təmin edilmiş, 5 nəfərə işsizlik statusu təyin olunmuşdur. O cümlədən vətəndaşların işlə təmin olunması məqsədilə 15 may 2015-ci il tarixdə keçirilmiş əmək yarmarkasında 58 nəfər işlə təmin olunmuşdur.       
          Daha sonra hesabat iştirakçılarına məlumat verilmişdir ki, Naftalan kurort şəhərində aparılan quruculuq-abadlıq, yenidənqurma  işləri ilə yanaşı, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur. 
      Şəhərin və tabeliyində olan kənd  tam orta məktəbləri tam təmirlidir. Məktəblərin maddi-texniki bazası gücləndirilib, qış mövsümündə məktəblər fasiləsiz olaraq istiliklə təmin olunub. Şəhər İcra Hakimiyyəti tərəfindən məktəblərdə davamiyyətə və dərs prosesinin gedişatına mütəmadi olaraq nəzarət edilmişdir. Həmçinin şəhər Təhsil Şöbəsinin təsdiq etdiyi  "Tədbirlər Planına" əsasən tədris ili ərzində məktəblərarası  toplantılar, rəsm, inşa,  bilik və mahnı müsabiqələri, yarışlar təşkil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları da  Naftalan məktəblərində və körpələr evi-uşaq bağçasında  olarkən burada görülən işləri məmnunluq hissi ilə qeyd etmişdilər. Bu dövrdə  Heydər Əliyev Mərkəzində şəhərin ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə “Ümummilli lider Heydər Əliyevin fəaliyyəti” mövzusunda növbəti açıq dərslər tədris olunmuşdur.      
       Bütün bunların nəticəsidir ki, 2014-2015-ci tədris ilində şəhər və rayonlar üzrə Respublikanın bütün orta ümumtəhsil müəssisələrində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən, Naftalan şəhəri tam orta məktəblər arasında birinci yerə çıxmışdır.
      İnanırıq ki, bu uğurlu tendensiya məzunlarımızın ali məktəblərə qəbul imtahanı verməsi zamanı da özünü göstərəcəkdir.
       Ölkə başçısının tapşırığına əsasən fevral-may aylarında əhalinin kütləvi tibbi müayinəsi  yüksək səviyyədə təşkil olunmuş və vətəndaşların rahatlığı  üçün xəstəxanada bütün lazımi şərait yaradılmışdır. Həmçinin xəstəxanaya gəlməkdə çətinlik çəkənlərə evlərdə tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu vaxtadək müayinə zamanı aşkar olunan xəstələrdən 350 nəfər ambulator, 18 nəfər  stasionar və 3 nəfər isə Bakı şəhərinə göndərilərək  müalicəyə cəlb olunmuşdur. Altı ay ərzində 650 imtiyazlı xəstə dərman preparatları ilə təmin olunmuşdur. Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün tədbirlər görməli, eləcə də yeni şəhər Xəstəxanasının tikintisi işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyəti üzrə yuxarı təşkilatlar qarşısında məsələ qaldırmalıdır.
       Yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi də şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Gənclər və İdman  idarəsi tərəfindən idmanın inkişaf etdirilməsi və  gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görülmüşdür. Şəhərdə ayrı-ayrı idman növləri üzrə müxtəlif yaş qrupları arasında idman yarışları keçirilmişdir. Həmçinin məlumdur ki,  Birinci Avropa Oyunlarının məşəli mayın 14-də kurortlar şəhəri Naftalana gətirilmişdir. Özünün müalicəvi nefti ilə dünyada məşhur olan Naftalan şəhərinin sakinləri, buraya gələn yerli, xarici qonaqlar yol boyu düzülərək, ilk Avropa Oyunlarının məşəl estafetini böyük coşqu ilə qarşıladılar. Tədbirin keçirilməsi üçün bütün işlər yüksək səviyyədə təşkil olunmuşdur. Bir daha bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Bu oyunlara xalqımız necə uğurla başladısa, elə həmin uğurla da oyunları başa vurdu. İdmançılarımızın qələbələri isə bizim üçün ikiqat sevinc oldu.
     Şəhərdə 2015-ci ilin birinci yarımilinin yekunu üzrə kriminogen vəziyyətin təhlili onu göstərir ki,  şəhər Polis şöbəsində 13 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılması 91.7  faiz təmin edilmişdir. 1 Ağır və xüsusilə ağır cinayət hadisəsi qeydə alınmışdır.  3 nəfər axtarışda olan şəxs tutularaq aidyyəti üzrə təhvil verilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də bir sıra əməliyyat-profilaktiki tədbirlər həyata keçirilmiş, tam orta məktəblərdə maarifləndirici tədbirlər təşkil olunmuşdur.
      “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Naftalan şəhərinə aid bəndlərinin icrası davam etdirilmişdir.
      Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam və göstərişləri ilə şəhərdə geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı tədbirlər davam etdirlimişdir.
      Çoxmənzilli yaşayış binalarının fasadında və dam örtüyündə  aparılan əsaslı təmir işləri tam başa çatdırılmışdır. Hazırda binaların ətrafında və küçələrdə abadlıq işləri aparılır.  Şəhərdaxili yolların asfaltlanması sahəsində də xeyli işlər görülüb. Yeni asfalt örtüyünün  salınması məqsədilə şəhərdaxili yollara yeni bardürlər düzülür.
      Şəhər ərazisindəki köhnə elektrik dirəkləri və istismara yararsız tikililər sökülüb götürülür. Həmin ərazilər təmizlənir, yerində  sakinlərin və şəhərimizə gələn qonaqların mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün mini istirahət parkları və piyada yolları salınır. Yeni salınan parklarda besetkalar, basketbol, tennis və uşaq oyun meydançaları yaradılacaq, yeni yaşıllıqlar salınacaq, gül və bəzək kolları əkiləcəkdir.
     Binadaxili telefon kabelləri zirzəmi hissədən keçirilməklə yenisi ilə əvəzlənməsi və şəhərdaxili hava rabitə xətlərinin kabel kanlizasiya quyuları ilə çəkilişi işləri davam etdirlimişdir.
      Ümumiyyətlə xidmət sahələrinin, o cümlədən əhalinin elektrik, qaz, su  və istilik təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür.
      Məlumdur ki, elektrik təsərrüfatı sahəsində bir çox işlər yarımçıq qalmışdır. Lakin, yarımçıq qalmış işlərin davam etdirilməsi “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na  salınmışdır. Elektrik şəbəkəsinin rəhbərliyi qeyd olunanları nəzərə alaraq Dövlət Proqramına uyğun elektrik təsərrüfatı sahəsində yarımçıq qalmış işlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə yuxarı təşkilatlar qarşısında məsələ qaldırmalıdır.
      Eyni zamanda Elektrik şəbəkəsinin rəhbərliyi ona nail olmalıdır ki, elektrik verilişində yaranan fasilələr tamamilə aradan qaldırılsın. Çünki bu sakinlərin və şəhərimizə gələn qonaqların haqlı narazılığına səbəb olur.
      Bütün istehlakçıların təbii qazla təmin olunması, təbii qazdan təhlükəsiz istifadə olunması və satılmış qazın dəyərinin tam ödənilməsi təmin edilmişdir.Hər bir abonent “Təbii qazdan təhlükəsiz istifadə qaydaları” ilə tanış edilərək təlimatlandırılmışdır.
      Hesabat dövründə  Dövlət Proqramına uyğun olaraq kanalizasiya şəbəkəsinin tikintisi işləri davam etdirilmişdir. Artıq 150-800 mm polietilen borularla 47.9 km uzunluğunda kanalizasiya şəbəkəsinin tikintisi işləri  yekunlaşmaq üzrədir. 2015-ci ilin yarımilində Qurban Namazəliyev adına yaşayış məhəlləsində 600 metr uzunluğunda kanalizasiya xətti çəkilmiş, 500 metr uzunluğunda yeni su xəttinin çəkilişinə başlanılacaqdır. Layihə çərçivəsində Naftalan Sukanal idarəsi üçün yeni inzibatı binanın da  tikintisinə başlanılıb. Həmçinin yaxın günlərdə  əhali və qeyri-əhali abonentlərinə öncədən ödəmə sistemli smart elektron su sayğaclarının quraşdırılmasına başlanılacaqdır.   
       Əhalinin təhlükəsizliyi tədbirləri istiqamətində də müvafiq işlər görülüb. Sel sularının dağıdıcı təsirinin  qarşısının  alınması məqsədilə Qaşaltı Qaraqoyunlu kəndində mövcud süni göldə daş-beton qoruyucu  bəndin  tikintisi işləri davam etdirilir. 
       Hesabat dövründə yeni Avtovağzal  Otel komleksinin,və Naftalan  Bələdiyyəsinin  yeni inzibati binalarında tikinti işləri davam etdirilmişdir. Polis şöbəsi üçün tikilmiş yeni inzibati bina istifadəyə verilmişdir.  Hazırda şəhərdə 100  yerlik  körpələr evi-uşaq bağçasının inşası üçün layihə-smeta sənədləri hazırlanır.
       Bildiyiniz kimi, turizm şəhər iqtisadiyyatının əsas və aparıcı sahəsidir. Ölkə başçısının tapşırığına uyğun Naftalanda son illər turizm sahəsində aparılmış islahatlar  şəhərimizə Azərbaycandan kənarda da marağın artmasına səbəb olmuş, digər ölkələrin kurort şəhərləri 2011-ci ildən başlayaraq Naftalan şəhəri ilə beynəlxalq  əlaqələr qurmağa başlamışdır. Belə ki, Naftalan şəhəri 2011-ci ildə Fransanın Leql, 2013-cü ildə İtaliyanın Pozitano, 2014-cü ildə isə  Rusiya Federasiyasının Yessentuki və Polşanın Uneyov şəhərləri ilə  əməkdaşlıq etməyə başlamışdır. Hesabat dövrünə təsadüf edən hadisələrdən biri də qardaşlaşmış Polşanın Uneyov şəhər merinin rəhbərlik etdiyi nümayəndə heyətinin Naftalana səfəri olmuşdur. Qonaqlar respublikamızın, o cümlədən Naftalanın uğurlu inkişafını, görülən işlərin yüksək qiymətə, təqdirəlayiq olduğunu bildirmiş və xalqımızın qonaqpərvərliyinə heyran olduqlarını vurğulamışlar.
     Naftalanın beynəlxalq səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı görülən işlərin nəticəsidir ki, şəhərə  gələn yerli və xarici qonaqların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27.3 faiz artaraq 6500 nəfərə çatmışdır.
     Eyni zamanda   cənab Prezidentin tapşırığına uyğun olaraq yerlərdə  keçirilən səyyar görüşlərə xüsusilə ciddi önəm verilir.  Ümumiyyətlə İcra Hakimiyyəti aparatında   qəbul və yerlərdə səyyari görüşlər  zamanı aidiyyəti üzrə verilən   tapşırığın  icrasına  ciddi nəzarət  edilir və vətəndaşlar tərəfindən səsləndirilən hər bir məslənin yaranma səbəbləri araşdırılmışdır.  Ərizə və şikayətlərin vaxtında və qanunamüvafiq qaydada icrası təmin edilmişdir. Bunun nəticəsidir ki, ərizə və şikayətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalmışdır.
        2015-ci ilin 6 ayı ərzində Naftalan  şəhər İcra Hakimiyyəti başçısı aparatına      61 müraciət daxil olmuş və hər bir müraciətə qanunamüvafiq qaydada baxılmışdır. Bu dövrdə  şəhər  İcra Hakimiyyəti başçısı tərəfindən  səyyar keçirilmiş 11  görüşdə     36  nəfər vətəndaş   müraciət  etmişdir. Eyni zamanda bu görüşlərdə şəhərin bütün idarə, müəssisə və təşkilat rəhbərlərinin  də iştirakı təmin edilmişdir. Hesabat dövründə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyəti aparatında     69  nəfər  vətəndaş  qəbul edilib dinlənilmişdir. Vətəndaşların  şəhər   İcra Hakimiyyəti aparatında   qəbulu və səyyari  görüşlər  zamanı aidiyyəti üzrə verilən  hər bir  tapşırığın  icrasına  ciddi nəzarət  edilib.
     Natiq Aslanov çıxışının sonunda demişdir ki, ölkə rəhbərinin göstəriş və tapşırıqlarına uyğun olaraq Naftalan sürətlə abadlaşır, yeni görkəm alır. Hər şey sakinlərimiz üçün, onların rahatlığı üçün edilir.
     Naftalana göstərdiyi diqqət və qayğıya görə mən naftalanlılar adından cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
      Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmışlar.

Keçidlər