Şriftin ölçüsü :

Saytın rəngi :

Bolqarıstan mediasında insanlara şəfa verən Naftalan nefti haqqında məqalə çap olunub

07 iyul 2015 | 15:00

 

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin nüfuzlu “Standart” qəzetində Bakıda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, jurnalist Olia Al Ahmedin müalicəvi Naftalan nefti haqqında məqaləsi dərc edilib.
    “Psoriaz və sonsuzluğun neftlə müalicəsi” adlı məqalədə Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biri olan Naftalan neftinin tarixi və müalicəvi xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Müəllif möcüzəli Naftalan neftinin bioloji təsir xüsusiyyətlərinə görə öz orijinallığı ilə seçildiyini və dünyada bənzəri olmadığını bildirib, həmçinin yazılı mənbələrdə Naftalan haqqında məlumatlara dahi Azərbaycan şairi Nizami Gəncəvinin, məşhur səyyah Marko Polonun əsərlərində rast gəlindiyini, habelə ilk Naftalan quyularının alman mühəndisi Eqer tərəfindən qazıldığını diqqətə çatdırıb. O, eyni zamanda, indiyədək Naftalanla bağlı 1600-dən artıq elmi işin, çoxlu sayda monoqrafiyanın, o cümlədən 270-ə yaxın namizədlik və doktorluq işinin yazıldığını qeyd edərək bildirib ki, hazırda Naftalan nefti bir sıra xəstəliklərin müalicəsində həkimlər tərəfindən uğurla tətbiq olunur.
    Naftalan kurortunun 1873-cü ildə fəaliyyətə başladığını yazan müəllif burada sovetlər dövründə 70 minə qədər insanın şəfa tapdığını və hazırda Naftalan məlhəminin 70 cür xəstəliyin müalicəsində istifadə olunduğunu vurğulayıb. Məqalədə, həmçinin öz müasirliyi və yüksək xidmətləri ilə fərqlənən “Çinar Hotel və SPA Naftalan” kompleksi barədə danışılır, Azərbaycan Prezidenti İlham Əliyevin bu kompleksin yenidənqurmadan sonra açılışında şəxsən iştirak etməsindən bəhs olunur. Həmçinin Naftalan nefti ilə müalicənin üsulları barədə ətraflı məlumat verilir.

 

Keçidlər