“31 Mart Soyqırımı qan yaddaşımızdır”
Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 Mart tarixin yaddaşından silinməyən soyqırım” adlı tədbir keçirilib.
Öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, İH yanında İctimai Şuranın üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Çıxış edən natiqlər vurğulayıblar ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına, erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının daha çox olduğunun sübuta yetirilməsinə təkan verib.
Tədbirin sonunda 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı film nümayiş etdirilib.